Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AQC və ARPA Əməkdaşlıq Memorandumu imzaladılar 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlıq Memorandumu imzalanıb.
AQC-dən bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və İcra aparatının rəhbəri Azər Niftiyev bildirib ki, ikitərəfli əməkdaşlıq memorandumunda kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. Memorandumda qarşılıqlı əməkdaşlığa dair bir çox müddəalar, birgə təlimlərin və tədbirlərin təşkili, təcrübə və fəaliyyət mübadiləsi, kadr hazırlığı və digər xüsuslar yer alıb.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sahələri təmsil edirlər. Hikmət Məmmədov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini vurğulayıb. AQC və ARPA arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidentinin səlahiyyətlərini icra edən, qurumun vitse-prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan maliyyəçilər və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının zəruri olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA-nın xüsusi rolu var. Buna görə Agentliyin sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Oruc Əməkdaşlıq Memorandumunda qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını söyləyib. “2023-cü il avqust ayının 31-də KOBİA-nın İctimai Şurasının təşəbbüsü ilə “Auditor və qiymətləndirmə fəaliyyəti” mövzusunda keçirilən ictimai dinləmədən sonra oxşar istiqamətlər üzrə fəaliyyət göstərən təsisatların kordinasiyalı fəaliyyəti müzakirələri aktuallıq qazandı. AQC-nin Auditorlar Palatası ilə imzaladığı əməkdaşlıq müqaviləsindən sonra ARPA ilə də oxşar məzmunlu müqavilənin imzalanması, birgə fəaliyyət modelinin qurulması, faydalı və qarşılıqlı əlaqələrin yüksəldilməsi labüd idi” – deyə, Vüqar Oruc bildirib.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova KOBİA-nın rəhbərliyinə verdiklərə dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. Onun sözlərinə görə,  rəhbəri olduğu qurumla Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. KOBİA-nın dəstəyini qeyd edən G.Şahbazova AQC sədri Vüqar Orucla bu mövzuda müzakirələr apardığını deyib. Müqavilənin mahiyyətindən bəhs edən Günay Şahbazova rəhbəri olduğu assosiasiyanın risklərin idarə edilməsi, mühasibat, maliyyə və sığorta kimi çoxvektorlu sahələrdə fəaliyyət göstərdiyini və qiymətləndiricilərlə əməkdaşlığın artırılmasının zəruri olduğunu bəyan edib.
Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu AQC və ARPA sədrləri Vüqar Oruc və Günay Şahbazova imzalayıblar.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …