Asiya Parlament Assambleyasından olan müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkilərinin təşkili və seçicilərin fəallığını yüksək qiymətləndiriblər.
Boyukmillet.com xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Biz Azərbaycan xalqının prezident seçkilərində fəal iştirakının şahidi olduq və mən Azərbaycan xalqını, hökumətini və parlamentini seçkilərin yaxşı təşkil olunması münasibətilə təbrik etmək istəyirəm”, – o vurğulayıb.
Asiya Parlament Assambleyası nümayəndə heyətinin digər nümayəndəsi, deputat İlyas Topsakal təmsil etdikləri nümayəndə heyətinin dünyanın bir çox ölkələrində seçkiləri müşahidə etdiyini, lakin Azərbaycanda seçkilərin yüksək təşkilinə heyran qaldıqlarını qeyd edib.
“Biz dünyanın bir çox yerlərində seçkiləri izləyirik. Seçkilərin ən mühüm göstəricilərindən biri olan təhlükəsizlik baxımından biz Azərbaycanda seçkilərin dünyada ən yüksək səviyyədə keçirildiyinin, insanların fəal şəkildə səs verdiyinin şahidi olduq. Bu seçkilər bayram ab-havasında keçib”, – o qeyd edib.
Müşahidəçi həmçinin deyib ki, seçkilər texniki cəhətdən yaxşı təşkil olunub, bütün seçki komissiyasının nümayəndələri qərəzsiz, diqqətli və dəqiq olub.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.