22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə qayıdıblar.
Boyukmillet.com xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıb.
Avropa çempionatında yeniyetmələr arasında qızıl medal qazanan Məhəmməd Musayev bildirib ki, komanda tarixdə ilk dəfə Avropa çempionu olub: “Biz qalibiyyətimizlə Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirdik. Mənim üzərimdə əziyyəti olan bütün müəllimlərimə minnətdarlığımı bildirirəm”.
“Avropa çempionatındakı yarışlarımız çox möhtəşəm keçdi” deyən cüdoçu Kifayət Qasımova əlavə edib ki, tarixdə ilk dəfə Avropa çempionatının komanda yarışlarında qızıl medal əldə edən millimizin uğuru bütün Azərbaycan xalqının qələbəsidir.
“Yarışlarda təşkilatçılıq yüksək səviyyədə təşkil olunmuşdu. Bizi qarşıdan dünya çempionatı gözləyir. Var gücümüzlə bu yarışlara hazırlaşacağıq. Ötən il dünya çempionatında ikinci yerə çıxsaq da, bu il birinci yer bizim olacaq”.
Yığmamızın baş məşqçisi Ruslan Maarifli isə söyləyib ki, komanda bu uğuru əldə etmək üçün çox çalışmışdı. “Bundan sonra da qələbələrimizin sayını artırmağa çalışacağıq”. İdmançılar yaradılan şəraitə görə Cüdo Federasiyasının rəhbərliyinə təşəkkür ediblər və bildiriblər ki, növbəti hədəf Dünya çempionatıdır.
Qeyd edək ki, Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə Almaniya yığmasını 4:2, yarımfinalda isə İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib. Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.
Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.