Cümə , 22 Noyabr 2024
Drone Cameras

Avstriyada Azərbaycan xalçalarının sərgisi keçirilir

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC-nin istehsal etdiyi xalçaların sərgisi keçirilir.

Boyukmillet.com xəbər verir ki, sərginin məqsədi Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılmasıdır.

Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunur.

Sərginin açılışında Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutub və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biridir. O, bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.

Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.

“Azərxalça”nın İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən şirkət 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb, əsas məqsədin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib.

Sədr müavini Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. O, “Azərxalça”nın xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.

Tədbir çərçivəsində 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Belə ki, Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinyət əşyaları ilə yanaşı “Azərxalça”nın təşkil etdiyi xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq. ​

Tədbir iştirakçıları açılış zamanı Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramını dinləmək imkanı əldə ediblər. Konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Musiqi qrupu Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri, eləcə də Ə.Sadıqov və E. Əfrasiyabın bəstələdiyi kompozisiyaları təqdim ediblər. Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları aprel ayının sonunadək avropalı xalça sevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Check Also

Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb

Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. Boyukmillet.com xəbər verir …