Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş 33-cü sessiyasında Azərbaycanı təmsil edib.
Boyukmillet.com bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, plenar iclaslarla davam edən beynəlxalq tədbir çərçivəsində Assambleyanın prezidenti və vitse-prezidentlərinin seçilməsi, prosedur qaydalarına təklif edilmiş dəyişikliklərin nəzərdən keçirilməsi və təşkilatın komitələrinin fəaliyyəti ilə bağlı hesabatlara baxılıb.
Həmçinin yeni komitələrin təsis olunması, BDT Şurasına üzvlüklə bağlı seçkilərin keçirilməsi, Şuranın Təşkilatın fəaliyyəti ilə bağlı məruzəsinin dinlənilməsi və xarici auditorun təyin edilməsi, “Dənizin tullantılar və digər maddələr atılması yolu ilə çirkləndirilməsinin qarşısının alınması barədə” 1972-ci ildə qəbul olunmuş Beynəlxalq Konvensiya və 1996-cı ildə qəbul olunmuş Protokolla bağlı məsələlər müzakirə mövzusu olub. O cümlədən Təşkilatın 2024-2029-cu illər üzrə strategiyası qəbul edilib və yeni baş katibin təyinatı təsdiqlənib.
Sessiya çərçivəsində nümayəndə heyəti ikitərəfli görüşlərdə iştirak edib və dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.