Hər bir ölkənin gələcəyində, onun inkişafında gənclərin rolu böyükdür. Ümumiyyətlə, dövlətin güclü olması üçün onun gəncləri savadlı və vətənpərvər olmalıdır. Ölkəmizdə hazırda gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Boyukmillet.com xəbər verir ki, bunu “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Beynəlxalq Gənclər Günü ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gənc nəslə hər zaman diqqət və qayğı göstərib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib: “Müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirilən gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan bu sahədə bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra – 1998-ci il avqustun 8-12-də gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ulu Öndərin birinci hakimiyyəti dövründə azərbaycanlı gənclərin SSRİ-nin tərkibindəki müxtəlif ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərilməsi, onların hərbi peşəyə yiyələnməsi təmin olunub. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb”, – deyə İctimai Birliyin sədri deyib.
E.Həsənlinin sözlərinə görə, Azərbaycanda ordu quruculuğu prosesində də gənclərin rolu böyükdür. 44 günlük Vətən müharibəsindəki Şanlı Qələbə Vətənin qəhrəman oğullarının şücaəti nəticəsində qazanılıb. Həmin çətin günlərdə Müzəffər Ali Baş Komadan İlham Əliyev və qəhrəman Azərbaycan Ordusu bir daha sübut etdi ki, torpaqlarımız işğal altında qala bilməz. Hazırda isə Azərbaycan gənclərinin qarşısında yeni hədəflər müəyyənləşib. Bunlar 2020-ci ildə qazanılan parlaq Zəfəri daha da möhkəmləndirmək, elm-təhsil, incəsənət və digər bir çox istiqamətlərdəki fəaliyyətləri təkmilləşdirməkdir.
Dövlətimizin başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının, əməli nəticəliyinin, davamlılığının daha bir sübutudur.