Bu gün 1 964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593 qram və 80 944 ədəd həb, müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39 031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr yandırılaraq məhv edilib.
Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, proses aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə baş tutub. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məhv etdiyi narkotik vasitələrin qara bazardakı dəyəri 233 milyon manatdır.
Müvafiq məhkəmə hökmlərinə əsasən məhv edilən narkotik vasitələr üzrə 40 faktı gömrük orqanları aşkar edib.
Ümumilikdə gömrük orqanlarının dövriyyədən çıxardığı 941 kq 913 qr heroin, 416 qr kokain, 10 kq 35 qr qurudulmuş marixuana, 7 kq 939 qr həşiş qətranı, 4 kq 920 qr tiryək, 796 həb metadon, 7 qr çətənə narkotik vasitələr, 298 qr Metamfetamin, 575,388 qr MDMB 4en PİNACA, 3015 həb MDMA, 1607 həb Diazepam, 891 həb Clonazepam, 195 həb Alprozolam, 2 həb Oxazepam, 926 həb Phenobarbital 100 psixotrop maddələr, 1522 kapsul Preqabalin, 300 həb Tramadol, 299 həb Ergotamin, 189 həb Gabapentin güclü təsiredici maddələr yandırılaraq məhv edilib.
Dövlət Gömrük Komitəsinin məhvetməyə təqdim etdiyi narkotik vasitələr və psixotrop maddələrin Avropa qara bazarlarında orta pərakəndə satış qiyməti 41,3 milyon avrodan çoxdur.
Əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılan 941 kq 913 qr heroinin təxminən 99%-i cənub sərhədlərindən ölkə ərazisinə daxil olan, Azərbaycandan tranzit keçirilməklə müxtəlif Avropa ölkələrinə nəql edilməsi nəzərdə tutulan narkotik vasitədir.