Çərşənbə , 25 Fevral 2026
Drone Cameras

Azərbaycan iqtisadiyyatı seçim qarşısında: Artım rəqəmləri ilə reallıq arasındakı uçurum

2026-cı ilin ilk ayının rəsmi statistik nəticələri ölkə iqtisadiyyatının real vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Açıqlanan rəqəmlər göstərir ki, qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib və mövcud tendensiyalar ilin qalan hissəsində də bu boşluğun doldurulacağını göstərmir. Proqnoz sənədlərinin özündə belə iqtisadi və sosial göstəricilər bir-biri ilə uzlaşmır, biri digərini inkar edir və nəticədə sistemli inkişaf əvəzinə disproporsiyalar dərinləşir.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri sabiq maliyyə naziri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin proqnozları da daxili məntiq baxımından ziddiyyətlidir:

Məcazi desək, sovet dövründə olduğu kimi, vəsait ayrılırsa material təminatı kəsilir, material təminatı verilirsə maliyyə dayanır. Planlaşdırma elə qurulur ki, nəticə etibarilə icra mümkün olmasın. Elmi fəaliyyətlə məşğul olduğum dövrdən bəri müşahidəm budur ki, kapital qoyuluşları planı ölkədə demək olar ki, heç vaxt tam yerinə yetirilməyib. Planlaşdırma mexanizmi real iqtisadi potensiala deyil, kağız üzərində balanslaşdırılmamış rəqəmlərə əsaslanıb.

2026-cı ilin proqnozları da daxili məntiq baxımından ziddiyyətlidir. Tarix boyu elə bir iqtisadiyyat nümunəsi yoxdur ki, vergiləri ciddi şəkildə artırsın və paralel olaraq dayanıqlı 2.9% artım əldə etsin. Eyni zamanda, kapital qoyuluşu qədər maliyyə resursunu daxili dövriyyədən çıxarıb iqtisadi aktivliyi qorumaq mümkün deyil. 2025-ci ildə strateji valyuta ehtiyatları 21 milyard manat artırılıb və bu vəsaitlər daxili dövriyyədən çıxarılaraq xarici banklara yerləşdirilib. Halbuki əsas kapitala qoyulan investisiyalar da cəmi 21 milyard manat, yəni ÜDM-in təxminən 16%-i səviyyəsində olub. Bu isə iqtisadi artımı stimullaşdırmaq üçün kifayət deyil.

Ölkədən çıxan birbaşa investisiyaların həcmi ölkəyə daxil olan investisiyalardan bir neçə dəfə çoxdur. Bu fakt özü-özlüyündə investisiya mühitinin problemlərini göstərir. Sanki iqtisadi tədbirlər daxili dövriyyəni genişləndirmək əvəzinə, qıtlaşdırmağa yönəlib. Müasir dünyada elm xərclərini, elmi işçilərin sayını və tədqiqat institutlarını azaltmaqla ciddi iqtisadi irəliləyiş əldə edən bir ölkə yoxdur. Disproporsiyanın nəticəsidir ki, 2025-ci ildə ÜDM artımı 3.5% proqnozlaşdırıldığı halda cəmi 1.4% olub, 2026-cı ilin yanvarında isə 2.9% gözləntiyə qarşı 1.7% artım qeydə alınıb.

Müqayisə üçün regiona baxmaq kifayətdir. Gürcüstan 2025-ci ildə 7.8%, 2026-cı ilin yanvarında isə 6.1% artım əldə edib. Ermənistan uyğun olaraq 5.6% və 4.9% artım göstərib. Hər iki ölkə resurs baxımından Azərbaycanla müqayisədə daha məhdud imkanlara malik olsa da, artım tempi və struktur çeviklik baxımından irəlidədir.

Adambaşına düşən ÜDM göstəricisi isə daha aydın mənzərə yaradır. 2014-cü ildə Azərbaycan bu göstəriciyə görə hər iki ölkəni xeyli qabaqlayırdı. Lakin 2025-ci ilə gəldikdə fərq əks istiqamətdə formalaşıb:

Azərbaycan: 7,991 ABŞ dolları (2014) → 7,413 ABŞ dolları (2025)

Gürcüstan: 4,435 ABŞ dolları (2014) → 10,890 ABŞ dolları (2025)

Ermənistan: 3,880 ABŞ dolları (2014) → 9,390 ABŞ dolları (2025)

Bu dinamika göstərir ki, artım tempindəki fərqlər zaman keçdikcə daha da böyüyür. Əgər baza göstəriciləri və artım sürəti uzun müddət fərqli istiqamətdə davam edərsə, xəttlər əvvəlcə yavaş ayrılır, lakin zamanla bucaq böyüyür və nəticə kəskin fərqlənir.

Təcili və dərin islahatlar aparılmasa, ölkəni çox ağır iqtisadi perspektiv gözləyə bilər. Hətta Nigeriya, Qabon və Venesuela kimi xammal asılı ölkələrin yaşadığı böhranlara bənzər vəziyyət riski var. Riyazi modelləşdirmə göstərir ki, son 10–12 ilin baza məlumatları və mövcud siyasət kursu dəyişməz qalarsa, 2050-ci ildə ÜDM-in 35 milyard dollar səviyyəsində qalması və ölkənin dünyanın ən zəif inkişaf etmiş 15 iqtisadiyyatı sırasına düşməsi mümkündür. Halbuki ölkənin potensial imkanları – insan kapitalı, enerji resursları, coğrafi mövqe – düzgün idarəçiliklə tam əks nəticə verə bilər və 2050-ci ildə ən inkişaf etmiş 15 ölkə sırasına daxil olmaq real hədəf ola bilər.

Paradoks ondadır ki, seçim nöqtəsi məhz indi formalaşır. Bu gün fərqlər böyük görünməyə bilər, amma struktur səhvlər davam etdikcə uçurum dərinləşir. Qalib ölkə məğlub iqtisadiyyatla uzun müddət davam edə bilməz. Qələbənin dadı hər bir vətəndaş tərəfindən hiss edilmirsə, sosial dayanıqlıq zəifləyir. Dayanıqlı sistem qurulmasa, qısa müddətli uğurlar uzunmüddətli inkişafı əvəz edə bilməz.

Kənardan baxan istənilən iqtisadçı üçün mənzərə aydındır: mövcud model struktur baxımdan zəifdir. Eyni yanaşmanı dünyanın ən inkişaf etmiş ölkələri – İsveçrə və Sinqapur – tətbiq etsəydi, onların belə ciddi sarsıntı ilə üzləşməsi qaçılmaz olardı. İqtisadi sistem daxili məntiqə, balanslı fiskal siyasətə, investisiya təşviqinə və elmə dayanmırsa, nəticə uzun müddətdə qaçılmaz şəkildə zəifləmə olur.

Check Also

Qiymət artımları davam edəcək: mənzil bazarında bu il bizi nələr gözləyir? – AÇIQLAMA

Bakının mərkəzində və yaxın ərazilərdə torpaq sahələrinin kəskin bahalaşdığına, tikinti normativlərinin mürəkkəbləşdiyinə, eləcə də normativ …