Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi tarix məlum olub

“Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

C.Bayramov İsrailin xarici işlər naziri ilə Bakıda görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla İsrail böyük potensiala malik olan iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə çalışır.

Nazir iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, 2022-ci ildə Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 85 faiz artdığını bildirib.

Azərbaycan XİN rəhbəri məlumat verib ki, ölkəmizdə 114 İsrail şirkəti fəaliyyət göstərir.

C.Bayramov əlavə edib ki, Azərbaycan İsrail şirkətlərinin ölkədə fəaliyyət göstərməsini alqışlayır. 

O, sənaye klasterləri və iqtisadi zonaların təklif etdiyi güzəştli şərtləri qeyd edib.

“Azərbaycan kənd təsərrüfatında istehsalın və su təsərrüfatında idarəçiliyin səmərəliliyini artırmağa çalışır. İsraillə əməkdaşlığın digər istiqaməti kənd təsərrüfatında innovasiyaların inkişafı ola bilər”, – XİN rəhbəri vurğulayıb.

Check Also

Rəhman Mustafayev: Bakı ilə İrəvan arasında səmimi danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər

Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər. Boyukmillet.com xəbər verir …