Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Azərbaycan İstanbuldakı V Etnospor Mədəniyyət Festivalında təmsil olunur

İstanbulda V Etnospor Mədəniyyət Festivalı keçirilir.

Boyukmillet.com xəbər verir ki, COVİD-19 pandemiyası səbəbindən iki il fasilədən sonra yenidən keçirilən festivalda müxtəlif xalqların etnik mədəniyyətləri nümayiş olunacaq.

Festivalda Türkiyə və Azərbaycanla yanaşı, Tunis, Tacikistan, Rumıniya, Özbəkistan, Meksika, Qırğızıstan, Yaponiya olmaqla ümumilikdə dünyanın 27 ölkəsinin nümayəndələri iştirak edir. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) heyəti İstanbula səfər edib.

Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət suvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının simasında “Odlar yurdu” kompozisiyası ilə təmsil olunur.

Tədbir barədə jurnalistlərə açıqlama verən Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan hər xalqın öz mədəniyyəti ilə tanındığını bildirib. O, əcdadlarımızdan bizə yadigar qalan milli dəyər və mədəniyyətimizin gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb.

O, bu il Türkiyədə beşinci dəfə keçirilən festivalda uşaqlar arasında ilk dəfə ata minən və ox atanların olduğunu, uşaqların ildən- ilə festivala maraqlarının daha da artdığını deyib.

İstanbulun Atatürk Hava Limanında dörd gün davam edəcək festivalda dözüm, qətiyyət və mübarizəni özündə əks etdirən oxçuluq, yağlı güləş, at yarışları, hədəfə oxatma, nizəçilik, atüstü güləş də daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Festivalda çox sayda idmançı müxtəlif kateqoriyalar üzrə qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki festival çərçivəsində idman növləri ilə yanaşı, iştirakçı ölkələrin milli mətbəxi, geyimləri, adət-ənənələri, milli musiqi nümunələri kimi özünəməxsus dəyərləri də nümayiş etdirilir.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …