Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Azərbaycan polisinin rusiyalıların evlərində yoxlamalar apardığı deyilir

Rusiya səfirliyi: Onlara və ailə üzvlərinə qarşı fiziki zorakılıq tətbiq edilib

Azərbaycanda hüquq-mühafizə orqanlarının Rusiya vətəndaşlarının yaşadıqları ünvanlarda yoxlama aparardıqları bildirilir.

Bu barədə ruslara yardım layihəsi olan “Kovçeq” (The Ark)  və Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Rusiya səfirliyi bildirib ki, diplomatik nümayəndəliyə Azərbaycanda müvəqqəti yaşayan və ya turist məqsədilə gələn rusiyalı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

“Onlar yaşadıqları ünvana mülki geyimdə gələn şəxslərin (bəziləri özlərini polis əməkdaşı kimi təqdim edib) ölkədə qalma məqsədini öyrəndiyini və sənədlərini yoxladığını bildiriblər. Bəzi vətəndaşların sözlərinə görə, onlara və ailə üzvlərinə qarşı fiziki zorakılıq tətbiq edilib”, – Rusiya səfirliyinin məlumatında bildirilib.

“Kovçeq”in məlumatına görə isə, Azərbaycanda yaşayan rusiyalılar onlara müraciət edərək gecə saatlarında evlərinə və məkanlarına reydlər keçirildiyi barədə məlumat veriblər.

Rəsmi Bakı məsələ ilə bağlı hələlik şərh verməyib.

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Bildirilib ki, əsas məqsəd 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin təqsirkarını müəyyənləşdirmək olub.
Əməliyyat nəticəsində 2 azərbaycanlı ölüb, bir neçə nəfər saxlanılıb. Həyatını itirənlər Ziyəddin və Hüseyn Səfərov qardaşlarıdır. Rusiya polisi həmin şəxslərin ürək tutumasından öldüyünü bildirib. Azərbaycan tərəfi isə təkrar ekspertizadan sonra həmin şəxslərin döyülərək öldürüldüyünü bildirib.

Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiyan dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfər saxlayıb.

Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.

“Meduza” yazır ki, onlar 7 yox, 10 nəfərdirlər. Aralarında biznesmen, informasiya texnologiyaları mütəxəssisləri və turistlər də var.

Tərəflər baş verənlərlə əlaqədar bir-birinə qarşılıqlı nota veriblər.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …