Azərbaycanla Rusiya arasında başlanan gərginlik hələ də davam edir.
Bu prosesə diqqət edərkən rəsmi Bakının adekvat mövqeyi açıq görünür. Halbuki, əvvəlki illərdə bunun şahidi olmurduq.
Rəsmi Bakının bu cəsarəti nədən qaynaqlanır? Onu da nəzərə alaq ki, Avropa ilə də münasibətlərimiz insan haqlarının durumuna görə pisdir.
Bəs, Azərbaycan bu prinsipial mövqeyində nəyə arxayındır?
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən siyasi şərhçi Rauf Mirqədirov qeyd edib ki, bu gün Azərbaycan, ilk baxışda belə görünsə də, həddindən artıq böyük bir cəsarət nümayiş etdirir:
“Əslində, bu addımlar müəyyən bir gerçəyi əks etdirir. Bu gerçəklik bir neçə tərəfdən ibarətdir. Birinci tərəf ondan ibarətdir ki, Azərbaycanın Rusiyadan asılılığı azalıb. Azərbaycanın Rusiyadan asılılığının azalmasını yalnız Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirmək düzgün olmazdı. Bu, sözsüz ki, ən vacib amildir. Qarabağ münaqişəsi həll olunub, Azərbaycan öz ərazilərindən Rusiya qoşunlarının çıxarılmasına nail olub. Lakin bu, yeganə amil deyil.
Bildiyiniz kimi, hətta Rusiya qoşunları Azərbaycan ərazisindən çıxarıldıqdan sonra belə, Azərbaycan Rusiya ilə yaxşı münasibətlər saxlayır və iqtisadi əlaqələrini genişləndirirdi. Lakin bu ilin əvvəlindən etibarən bu münasibətlərdə soyuqluğun ilk işarələrini gördük. Bu işarələr ümumilikdə beynəlxalq aləmdə geosiyasi güc nisbətinin dəyişməsi ilə bağlıdır.
Bildiyiniz kimi, Qarabağ münaqişəsi ilə bağlı biz Rusiyanın mövqeyinin şahidi olduq. Bu mövqe ondan ibarət idi ki, Rusiya açıq şəkildə bəyan edirdi ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından narazıdır. Onlar Azərbaycan-Ermənistan danışıqlarını öz nəzarətləri altına almağa çalışır və buna can atırlar. Bu, onların daima təklif etdiyi bir haldır”.
Rauf Mirqədirov vurğulayıb ki, Azərbaycan bu bəyanatlara o qədər də ciddi fikir verməyib:
“Sözsüz ki, bu bəyanatlar Azərbaycanın maraqlarına köklü şəkildə zidd idi. Yəni qəribə bir vəziyyət yaranmışdı. Bir tərəfdən özünü vasitəçi kimi təqdim edən Rusiya dövləti münaqişədə iştirak edən dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasından narazı idi. Əslində, hər hansı bir ərazi münaqişəsinin köklü həlli tərəflərin bir-birinin ərazi bütövlüyünü qeyri-şərtsiz tanımasından keçir. Əgər bu fakt yoxdursa, heç bir sülhdən və ya sülh sazişindən danışmaq mümkün deyil.
Bildiyiniz kimi, İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Çünki tərəflər bir-birinin ərazi bütövlüyünü qeyri-şərtsiz tanımaqdan imtina edirlər. Rusiya İkinci Dünya Müharibəsindən əldə etdiyi adaları öz ərazisi hesab edir, Yaponiya isə bu faktı qəbul etmək istəmir. Bu səbəbdən sülh sazişi bağlanmayıb. Bu vəziyyət Azərbaycan-Rusiya münasibətlərində müəyyən bir çat yaradıb. Hərçənd ki, bu açıq şəkildə etiraf olunmasa da, belə bir çat mövcuddur.
Qalan bütün baş verən hadisələr – məsələn, keçən ilin sonunda Rusiya hava məkanında AZAL təyyarəsinin vurulması, Yekaterinburqda və Rusiyanın digər şəhərlərində Azərbaycanın diasporuna qarşı hücumlar və təcavüzlər – bu yaranmış çatın nəticəsidir. Bu, məsələnin bir tərəfidir.
İkincisi isə bilirsiniz ki, Azərbaycan-Rusiya münasibətlərində Türkiyə faktı çox mühüm rol oynayırdı. Deyə bilərik ki, Azərbaycan-Rusiya münasibətlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddət vasitəçi funksiyasını yerinə yetirib. Hətta 44 günlük müharibə və bir günlük antiterror əməliyyatı ərəfəsində Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları buna nümunə hesab etmək olar.
Məndə belə bir təəssürat yaranıb ki, Rusiyanın Azərbaycanın öz ərazi bütövlüyünün bərpası prosesində neytral mövqe tutmasının əsas səbəbi məhz Türkiyə olub. Bunu Türkiyə təmin edib və bu həqiqəti inkar etmək olmaz. Bəzən bir qədər diplomatik normaları pozaraq bu fakt daxili-siyasi proseslərdə istifadə olunmağa çalışıldı və Türkiyə tərəfindən müəyyən bəyanatlar verildi. Bu isə Azərbaycanda müəyyən qıcıq yaratdı. Ancaq bu, həqiqətdir.
Bu həqiqətin kökündə 2015-ci ildə Rusiyanın Krımı işğal etməsi, Ukraynanın Donetsk və Luqansk bölgələrini işğal etməsi ilə Türkiyənin Rusiya münasibətlərindəki əhəmiyyətli rolunun artması dayanır. Bunun səbəbi ondan ibarət idi ki, Krım hadisələrindən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başladı və bu sanksiyalar dalğası get-gedə genişləndi”.

Siyasi şərhçi hesab edir ki, sanksiyalar Ukraynaya təcavüzdən sonra daha da genişləndi:
“Genişlənmə prosesi onsuz da davam edirdi. Belə bir vəziyyətdə Türkiyənin Rusiya üçün əhəmiyyətli rolu artmağa başladı.
Bunun səbəbi ondan ibarət idi ki, Türkiyə Rusiya ilə normal münasibətlər saxlayan, əməkdaşlıq edən, hətta bir sıra hallarda müttəfiq kimi çıxış edən, xüsusilə regiondakı qərb dövlətlərinin mövqeyi ilə bağlı müttəfiq funksiyasını yerinə yetirən bir qərb dövləti idi.
Bu münasibətlər Rusiya üçün çox vacib idi, çünki NATO üzvü olan əksər dövlətlərlə Rusiyanın əlaqələri Krım hadisələrindən sonra pozulmuşdu. Bu fonda NATO üzvü olan ən azı bir-iki dövlətlə normal münasibətlərin saxlanması Rusiya üçün böyük əhəmiyyət kəsb edirdi.
İkincisi, bu münasibətlərdə iqtisadi faktor, sonradan isə hərbi-siyasi faktor da ciddi rol oynamağa başladı. Türkiyənin Rusiyanın iqtisadiyyatına verdiyi ilk töhfə enerji daşıyıcılarının Qərb bazarlarına çıxarılması ilə bağlı oldu.
Eyni zamanda, genişlənən sanksiyalar səbəbindən Rusiyanın idxal etmədiyi material, mallar və avadanlıqlar Türkiyə tərəfindən Rusiyaya ötürülürdü. Türkiyə bundan kifayət qədər mənfəət əldə etmişdir.
Digər tərəfdən, Türkiyə geosiyasi baxımdan da önəmli bir faktordu. Burada söhbət boğazlara nəzarətdən gedir.
Bütün bu faktorlar Putini Türkiyə ilə normal münasibətlər saxlamğa, Ərdoğanı isə sözünü diqqətlə deməyə məcbur edirdi. Belə bir şəraitdə Türkiyə faktoru həqiqətən də çox ciddi rol oynayırdı”.
Siyasi şərhçi əlavə edib ki, Türkiyə-Rusiya iqtisadi balansında Türkiyənin idxalı kifayət qədər ciddi şəkildə artıb:
“Düzdür, bu balans Türkiyənin xeyrinə deyildi, çünki Türkiyə Rusiyadan böyük həcmdə enerji daşıyıcıları idxal edirdi. Amma yenə də bu balansda müəyyən müsbət dəyişikliklər baş verirdi — Türkiyənin ixracını Rusiya artırırdı. Məhz bu faktoru Gürcüstan və Ermənistanın Rusiya ilə iqtisadi münasibətlərində görə bilərdik. Belə ki, bu dövlətlər açıq şəkildə Rusiyaya qarşı sanksiyalardan yan keçərək, həmin ölkələrin vasitəsilə sanksiyalara məruz qalmış malların, materialların və avadanlıqların Rusiyaya reeksportunda iştirak edir və bundan qazanc əldə edirdilər.
Bu Rusiya üçün çox vacib idi, çünki söhbət həmçinin hərbi-sənaye kompleksində istifadə olunan komponentlərdən gedirdi. Lakin 2024-cü ilin ikinci yarısından başlayaraq və 2025-ci ildə ikinci dərəcəli sanksiyalar tətbiq olunmağa başladı. Bir sıra Türkiyə şirkətləri artıq bu sanksiyaların təsiri altındadır. Beləliklə, Rusiyanın Türkiyə üçün əhəmiyyəti azalmağa başladı və Türkiyənin başqa maraqları meydana çıxdı.
Bilirik ki, Türkiyənin iqtisadi vəziyyəti ağırdır və iqtisadiyyat ixracdan çox asılıdır. Türkiyənin əsas ixrac bazarları Avropa dövlətləri, qərb bazarları və ABŞ bazarıdır, xüsusilə Avropa Birliyi.
Bu səbəbdən Türkiyə siyasəti Avropa Birliyinin maraqlarını nəzərə almalıdır. Ağır iqtisadi vəziyyətdən çıxmaq üçün Türkiyəyə böyük investisiyalar lazımdır. Bilirik ki, Türkiyədə inflyasiya çox yüksək olmuşdu, lakin indi tədricən azalmağa başlayır. Devalvasiya isə çox güclü idi, ona görə də Türkiyə Mərkəzi Bankı kredit faizlərini 50%-ə qədər qaldırmışdı. İndi isə kredit faizləri nisbətən aşağı düşüb”.
Rauf Mirqədirov bildirib ki, iqtisadiyyatda yaranan disbalansı aradan qaldırmaq üçün Türkiyəyə böyük investisiyalar lazımdır:
“Böyük investisiyaları Rusiyadan almaq mümkün deyil. Yalnız qərbin nəzarəti altında olan ucuz investisiyalar, kreditlər və yardımları beynəlxalq maliyyə mənbələrindən əldə etmək mümkündür. Bu isə Türkiyənin qərbdən gələn mesajları nəzərə almasını tələb edir.
Bilirik ki, Türkiyədə ağır zəlzələ baş vermişdi və bunun üçün çox böyük investisiyalar, iqtisadi və maliyyə yardımları lazım idi. Bu pulu isə Türkiyə Rusiyadan və digər şərq dövlətlərindən ala bilməzdi. Əlbəttə ki, bu, Azərbaycanın da xarici siyasətinə və maraqlarına Türkiyənin xarici siyasətinin təsir göstərməsinə gətirib çıxarır.
Bu təsir nəticəsində Azərbaycan Rusiyadan uzaqlaşmağa başlayırdı. Nəhayət, üçüncü səbəb odur ki, Azərbaycan obyektiv olaraq Rusiyanın müharibədə qalib gəlməsində maraqlı deyil. Yəni Azərbaycan hakimiyyəti postsovet məkanında özünü daha rahat hiss edir.
Avropa Birliyi ilə olan problemlər Rusiya ilə münasibətlərdə yoxdur. Amma Azərbaycan iqtidarı yaxşı başa düşür ki, əgər Rusiya bu müharibədə qalib gəlsə, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yaranacaq. Bu, bütün postsovet respublikalarına aiddir. Ona görə də bu, Azərbaycan və Rusiya arasında ciddi problemlər yaradır.
Bütün bu problemlərin kompleksi imkan verir ki, Azərbaycan rəsmiləri, o cümlədən Prezident İlham Əliyev, məsələyə münasibətlərini açıq şəkildə ifadə etsinlər.
Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, Ukrayna heç vaxt öz ərazilərinin işğalı ilə barışmamalıdır. Bu, Azərbaycan üçün çox vacib amildir. Burada söhbət yalnız dövlətin müstəqilliyindən getmir, eyni zamanda bu gün Azərbaycana rəhbərlik edən hakim elitanın müstəqilliyinin qorunmasından gedir”.
Boyukmillet.com


Boyukmillet.com Biz yanmasaq vətən yanar
