Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Azərbaycan səmasında artan uçuşlardan AZAL nə qədər qazanır?

Cənubda İran və ABŞ-İsrail, şimalda isə Rusiya-Ukrayna müharibələrinin davam etdiyi bir vaxtda Qafqaz ölkələrinin hava məkanı beynəlxalq aviaşirkətlər üçün əsas təhlükəsiz dəhliz rolunu oynayır. Bu baxımdan “Flightradar24” məlumatlarından da görünür ki, Gürcüstan, Azərbaycan və Ermənistanın hava məkanında uçuşların sayı artıb. Azərbaycanın tranzit ölkə kimi qəbul etdiyi uçuşların sayında artım müşahidə edir.

Argus Media-nın əməkdaşı Dmitry Terentiyevin Linkedin-də yazdığına görə, Qafqaz ölkələrinin hava məkanında uçuş trafiki 30-50 faizdən çox artıb:

“Yaxın Şərqdə hava məkanının bağlanması və məhdudiyyətlər qlobal uçuş marşrutlarını əhəmiyyətli dərəcədə dəyişdirib. Nəticədə Qafqaz dəhlizi Avropa-Asiya trafiki üçün vacib alternativə çevrilib”.

Jurnalist qeyd edir ki, İran, İraq və Körfəz hava məkanı bağlı və ya ciddi şəkildə məhdudlaşdırıldığı üçün aviaşirkətlər getdikcə Qafqaz üzərindən şimala doğru marşrutlarını dəyişir:

“Bu dəyişikliklər Azərbaycan və Gürcüstandakı hava limanlarını həm əməliyyat, həm də kommersiya baxımından nəzərəçarpacaq dərəcədə daha işlək hala gətirib”.

Azərbaycan üzərindən uçuşlar 7 faiz artıb

Həm tranzit uçuşların, həm də hava məkanından istifadənin artması bu ölkələrin hava nəqliyyatı qurumlarının gəlirlərini də artırır. Azərbaycanın “Azəraeronaviqasiya” (AZANS) aeronaviqasiya xidməti şirkətinin aylıq hesabatına görə, fevral ayında gündəlik trafik 7 faiz artıb. Belə ki, fevral ayında Azərbaycan səmasında 25 942 uçuş (tranzit və beynəlxalq qalxma-enmələr daxil olmaqla) qeydə alınıb. Ötən ay gündəlik orta hesabla 927 təyyarə ölkənin hava məkanından keçib. Bu uçuşların 80 faizi Azərbaycan hava məkanından tranzit dəhliz kimi istifadə edən təyyarələrin payına düşür. Fevral ayında 20 596 təyyarə Azərbaycanın yerli aeroportlarından istifadə etmədən, yalnız ölkənin hava məkanından keçib. Təxminən 20 faiz isə Azərbaycanın aeroportlarına enib və ya buradan havaya qalxıb.

Mart ayına gəlincə, AZANS bildirir ki, 28 fevral-12 mart tarixləri arasında 12 min uçuş qeydə alınıb. Bu dövrdə gündəlik orta trafik təxminən 1000 uçuşdan çox olub.

Qeyd edək ki, xarici aviaşirkətlər hava məkanından keçdiyi ölkələrdən transit kimi istifadə edərkən naviqasiya rüsumu ödəyirlər.

Beləliklə, bir tərəfdən quru sərhədlərin bağlı qalması nəticəsində hava nəqliyyatından istifadə edənlərin sayının artması, digər tərəfdən isə Azərbaycanın tranzit ölkə kimi ön plana çıxması “AZAL”ın gəlirlərinin artmasına səbəb olur.

Bəs AZAL bir transit təyyarədən nə qədər qazanır?

Bununla bağlı AZAL rəsmi statistika təqdim etmir. Müqayisə üçün Gürcüstan mediası yazır ki, tranzit uçuşlardan gündəlik gəlirinin 280–375 min dollara qədər artması gözlənilir.

Business Media-nın məlumatına görə, əvvəllər Gürcüstan səmasından gündə orta hesabla 642 təyyarə istifadə edirdisə, hazırda bu rəqəm gündəlik 1,5–2 min uçuşu keçib.

Mediaya görə, Gürcüstan hava məkanına əvvəllər heç vaxt belə yük düşməyib. Avropadan Asiyaya uçan təyyarələrin əhəmiyyətli hissəsi Gürcüstan səmasından istifadə edir.

“Aviaşirkətlər “Sakaeronavigatsia”ya təhlükəsiz hərəkət üçün naviqasiya haqqı ödəyirlər. Şirkətin 2024-cü il maliyyə hesabatına görə, bir hava gəmisinin uçuş üçün ödədiyi rüsum 516 lari (təxminən 189 dollar) təşkil edir. Müvafiq olaraq, 2026-cı ilin mart ayında Gürcüstan səmasının gündəlik 280–375 min dollardan çox gəlir əldə etməsi gözlənilir”.

“Sakaeronavigatsia”nın 2024-cü il maliyyə hesabatına görə, Gürcüstan səmasında 234 293 uçuş həyata keçirilib və ümumi gəlir 120,8 milyon lari (təxminən 45 milyon dollar) olub.

Azərbaycanın qazancına gəlincə, iqtisadçı Toğrul Vəliyev Meydan TV-yə şərhində bildirib ki, AZAL hava məkanından istifadəyə görə tranzit ödənişlərinin məbləğini açıqlamır. Ekspert hesab edir ki, tranzit ödənişlərdən böyük gəlir əldə etmək üçün bu prosesin davamlı olması əsas məsələdir:

“Bir reysin Azərbaycan hava məkanından istifadəsinə görə nə qədər ödəniş edildiyi barədə məlumat yoxdur. Amma “AZAL”ın bu istiqamət üzrə qazancı artacaq. Gəlirlərinin təxminən 9-10 faizi bu sahənin payına düşür. Mövcud münaqişələr bu payı 11–12 faizə qədər artıra bilər, əlbəttə ki, bu proses davamlı olarsa. Hazırda hava məkanından istifadəyə görə tranzit ödənişlərdən gəliri ciddi şəkildə arta bilər. Lakin bu proses cəmi iki həftədir baş verir və rəsmi statistikada hələ ciddi artım görünmür”.

T. Vəliyevin fikrincə, bəzi aviaşirkətlər artıq bir müddətdir ki, İran üzərindən deyil, Azərbaycan üzərindən uçuşlara üstünlük verirdi:

“Bu marşrutdan istifadə edən aviaşirkətlərin bir çoxu əvvəllər də bu yoldan istifadə edirdi. Singapore Airlines, Turkish Airlines kimi şirkətlər çox vaxt çalışırdılar ki, İran üzərindən deyil, Azərbaycan üzərindən uçuş həyata keçirsinlər. Sadəcə olaraq, son həftələr əlavə reyslər də bu marşruta qoşulub. Nəticədə gündəlik naviqasiya xidmətlərindən AZAL-ın qazancı 2-3 dəfə arta bilər. Amma proses hələ iki həftədir başlayıb və davamlı olarsa, bunu rəsmi hesabatlarda da görəcəyik”.

“Quru sərhədlərin bağlı qalması AZAL-ın qazancını artırmır”

Regiondakı müharibələrin və quru sərhədlərin bağlı qalmasının AZAL-ın gəlirlərində oynadığı rola gəlincə, T. Vəliyev bildirir ki, 2019-2024-cü illərdə şirkətin gəlirlərində iki dəfə artım müşahidə olunub:

“AZAL-ın sonuncu hesabatı 2024-cü ilə aiddir. AZAL-ın hesabatlarını müqayisə etsək görərik ki, 2019-cu ildə gəlirləri 1 milyard manat olduğu halda, 2024-cü ildə bu rəqəm 2 milyard manata çatıb. Yəni şirkət 5 il ərzində gəlirlərini iki dəfə artırıb. Bu, yaxşı göstərici sayıla bilər. Amma nəzərə almaq lazımdır ki, həmin dövrdən indiyədək şirkətin fəaliyyət istiqamətlərində də dəyişikliklər olub”.

İqtisadçı qeyd edir ki, AZAL son illərdə uçuş coğrafiyasını genişləndirib və reyslərin sayını artırıb:

“Əvvəllər daha premium səviyyəli aviaşirkət kimi fəaliyyət göstərirdilərsə, indi coğrafiyanı genişləndirməyə, daha çox istiqamətləri əhatə etməyə çalışırlar. Bu dəyişikliklər də gəlirlərin artmasına təsir edib”.

Onun sözlərinə görə, qiymətlərin artması da gəlirlərin yüksəlməsində mühüm rol oynayıb:

“Qiymətlərin artmasının əsas səbəblərindən biri alternativlərin olmamasıdır. Əvvəllər quru yol ilə ölkədən giriş-çıxış mümkün idi. Qatar, avtobus yolları var idi. İndi bu istiqamətlərdə  alternativlər yoxdur deyə, qiymətləri artıra bilirlər”.

Vəliyev əlavə edir ki, bəzi istiqamətlər üzrə reyslərin sayının artımı gəlirlərdə sıçrayışlı artıma az təsir edib:

“Əvvəllər Gürcüstana – Tbilisiyə gündə 1-2 reys olurdu, indi bu rəqəm 2–3 reysə çatır. Bundan əlavə, Batumi istiqamətinə də uçuşlar var. Amma bunun ümumi gəlirlərə təsirinin çox böyük olduğunu düşünməzdim. Quru sərhədlərin bağlanması nəticəsində gəlirlərdə xüsusi bir artımın olduğunu deyə bilmərik. Məncə, gəlirlərdəki ikiqat artımın maksimum 30 faizi reyslərin sayının artması ilə bağlıdır. Qalan hissə isə qiymət artımı və digər xidmətlər hesabına formalaşıb”.

Check Also

AMB maliyyə bazarında davranış standartları üzrə yeni sənəd hazırlayıb

Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji …