Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxundu, vacib fikirlər səsləndirdi.
Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
R.Qonaqov bildirib: “Yunanıstan səfiri ilə olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi. Ölkə rəhbəri bu görüşdə bildirdi ki, Yunanıstan, Kipr və Ermənistan üçtərəfli format yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır. Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycan da hər zaman qəti şəkildə Türkiyəni dəstəkləyir”.
R.Qonaqovun fikrincə, bu bir daha onu nümayiş etdirir ki, dövlət başçısı ölkəmizin milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir.
O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.