Cümə , 22 May 2026
Drone Cameras

Azərbaycanın etirazı Avropanı silkələdi- Parlament geri çəkildi

Xəbər verildiyi kimi, Avropa parlamentində Azərbaycanla bağlı keçirilən müzakirələr zamanı bir sıra avropalı deputatlar Brüsselin Cənubi Qafqaz siyasətini sərt tənqid edib. Deputatlar Azərbaycanın Avroparlament və Avronestlə əməkdaşlığı dayandırmaq qərarını Avropa İttifaqının bölgəyə münasibətdə yol verdiyi siyasi səhvlərin nəticəsi kimi qiymətləndiriblər. Çıxışlarda Aİ-nin regionda balanslı siyasət yürütmədiyi, ideoloji yanaşmaların isə sülh prosesinə və Avropanın geosiyasi nüfuzuna zərbə vurduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi, Orta Dəhliz və regional əməkdaşlıq baxımından Avropa üçün strateji əhəmiyyəti xüsusi qeyd olunub.

behrzu.jpeg (9 KB)

Azərbaycan Parlamentinin təmsilçisi Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, Avropa Parlamentində keçirilən bu müzakirələr və bir sıra deputatların səsləndirdiyi tənqidlər Avropa İttifaqının Cənubi Qafqaz siyasətində yaranmış dərin regional reallıq – ideologiya ziddiyyətini açıq şəkildə ortaya qoyur: “Bu bəyanatları və mövcud vəziyyəti bir neçə mühüm aspektdən, ilk növbədə balanslaşdırılmış siyasətin pozulması və “siyasi səhvlər”in mütəmadi hal almasının artıq dözülməz hal alaraq təsisatın özündə etiraf edilməsi məcburiyyətinin yaranması ilə şərh etmək olar. Bu mənada, avrodeputatların Aİ-nin regiona münasibətini sərt tənqid etməsi və bunu “siyasi səhv” adlandırması tamamilə əsaslıdır. Məlumdur ki, son dövrlərdə Aİ-nin bəzi təsisatları və Fransa, Benilüks kimi üzv dövlətlərin qərəzli, hüquqa zidd davranışları Ermənistan-Azərbaycan sülh prosesində İttifaqın vasitəçilik missiyasını ciddi şəkildə zədələyib”.

Deputatın sözlərinə görə, regiondakı reallıqları nəzərə almadan, yalnız müəyyən daxili siyasi və ya ideoloji maraqlardan çıxış edərək birtərəfli qətnamələrin qəbul edilməsi, təbii olaraq, Azərbaycanın haqlı etirazına və Avroparlament, həmçinin Avronestlə əməkdaşlığı dayandırmasına gətirib çıxardı: “Avropa siyasətində tez-tez rast gəlinən “dəyərlər diplomatiyası” və ya ideoloji yanaşma bəzən real siyasi maraqları üstələyir. Deputatların da qeyd etdiyi kimi, bu yanaşma sülh prosesinə kömək etmək əvəzinə, sabitliyə mane olur. Beləliklə də, Aİ regional proseslərdən təcrid olunduqca, onun Cənubi Qafqazdakı geosiyasi nüfuzu zəifləyir və regionda digər qlobal və regional güclərin təsir imkanları genişlənir. Bir sözlə, bağışlanmaz səhvlərlə müşahidə olunan yanlış ideoloji yanaşma daha çox Aİ-nin özünün geosiyasi nüfuzuna zərbələrlə nəticələnir.

Müzakirələrdə Azərbaycanın enerji təhlükəsizliyi, Orta Dəhliz və regional əməkdaşlıq baxımından əhəmiyyətinin – Azərbaycanın strateji əvəzedilməzliyinin vurğulanması əslində Brüsselin qarşısındakı acı reallığı göstərir.

Daha konkret desək, Avropa Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı bir dövrdə Azərbaycan onun üçün ən etibarlı və strateji tərəfdaşlardan biridir, yaxud Şərq-Qərb nəqliyyat qovşağında Azərbaycan həlledici coğrafi mövqeyə malikdir və Avropanın Asiyaya çıxışı məhz bu marşrutdan asılıdır.

Təbii ki, bunları nəzərə almamaq Avropa üçün oturduğu budağı kəsmək anlamına gəlir. Lakin ümidverici məqam budur ki, Avropa Parlamentindəki bu çıxışlar da göstərir ki, Avropanın siyasi elitasında da hamı kor-koranə anti-Azərbaycan və ya birtərəfli ermənipərəst mövqe tərəfdarı deyil. Sayı tədricən artmaqda olan sağlam düşüncəli siyasilər başa düşürlər ki, Azərbaycan kimi regional liderlə münasibətləri korlamaq Aİ-nin həm iqtisadi, həm də təhlükəsizlik maraqlarına birbaşa ziddir və Brüssel regionda real sülh və nüfuz sahibi olmaq istəyirsə, birtərəfli ittihamlardan əl çəkməli, Azərbaycanın suveren hüquqlarına hörmət etməli və praqmatik tərəfdaşlıq dilinə geri dönməlidir”.

Check Also

Paşinyan gələcək planlarında Azərbaycan şərtini açıqladı

Cənubi Qafqazda post-münaqişə dövrünün iqtisadi və siyasi mənzərəsi formalaşarkən, Ermənistan rəhbərliyindən ölkənin gələcək inkişaf modelinə …