“Azərbaycan tərəfi niyyətlərini gizlətmir, sərhədləri müəyyən etməyə, sülh müqaviləsi bağlamağa və “Zəngəzur dəhlizi” adlandırılan ərazidən istifadə etməyə çalışır”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri erməni hərbi ekspert David Arutyunov erməni mediasına açıqlamasında deyib:
“Bu, son aylarda baş verən prosesin davamıdır. “Artsax” istiqamətində aktivləşmə yeni bir şey kimi görünə bilər, amma bu belə deyil. Tərəflərin rəsmi açıqlamalarına baxsaq, görə bilirik ki, tam əksini söyləyirlər. Azərbaycanın məqsədi odur ki, sülh müqaviləsi imzalansın və Ermənistan “Artsax”a qarşı heç bir iddianın olmadığını təsdiqləsin. Erməni tərəfi isə problem həll olunmadığı üçün ATƏT -in Minsk Qrupu çərçivəsində danışıqlar prosesini bərpa etməkdə israrlıdır”,-deyə Damiv Arutyunov qeyd edib.
Erməni ekspert bildirib ki, tərəflər real güzəştə getməsələr, heç nə həll olunmayacaq:
“Ermənistan üçün sülh öz-özünə bir məqsəd deyil. Azərbaycan İrəvanın özünü asılı, zəif tərəfdaş statusunda tapacağı regional əlaqələr sistemi yaratmağa çalışır. Beynəlxalq təcrübə göstərir ki, bir çox müqavilələr yerinə yetirilmir. Əgər Azərbaycan tərəfi daha güclü hərbi-siyasi təzyiqlərə əl atmırsa və Ermənistan tərəfi indiki təzyiqlərə müqavimət göstərə bilirsə, o zaman mövcud vəziyyətin bir müddət davam edəcəyi və Bakının planlarının “iflic” olacağı istisna edilmir”.