“Azərbaycanın misilsiz uğurlarının qarşısında Prezident İlham Əliyevin imzası var”.
Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
O vurğulayıb ki, insanı cəmiyyətdə ucaldan uğurlar Vətən sevgisindən qaynaqlanır:
“2003-cü ilin 15 oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkilərində də xalq Vətəni, onun nicat yolunu seçdi. Dövlətçiliyimizin xilaskarı, ümummilli lider Heydər Əliyev ideyalarının ən sadiq davamçısı İlham Əliyev müstəqil Azərbaycanın yeni prezidenti seçildi. Əslində, İlham Əliyev təkcə ulu öndər Heydər Əliyevlə yanaşı, bütövlükdə, xalqın tale yolunun da davamçısı oldu. 2003-cü il seçkisi ərəfəsində ümummilli lider Heydər Əliyevin xalqa müraciəti, seçim mesajı gələcək onilliklər üçün də Azərbaycanın yüksəliş və inkişafının siyasi zəmanəti idi. 1993-cü ildə yeni müstəqil dövlətin məhvolma təhlükəsi günlərində xilaskar lider kimi qurtuluş yolunu açan Heydər Əliyev on il sonra özündən sonrakı Azərbaycanın inkişaf yolunu göstərdi. İlham Əliyev isə son 18 ildəki prezidentliyi dövründə sıradan bir rəhbər olmadı, o, bütün varlığı ilə Azərbaycan dövləti və xalqının maraqları ilə yaşayıb, mübarizə apardı”.
Deputat vurğulayıb ki, Azərbaycanın misilsiz uğurlarının qarşısında Prezident İlham Əliyevin imzası var:
“Nəhayət, tariximizin ən böyük uğuru olan zəfər savaşına Baş Komandan kimi imza atan Prezident İlham Əliyev ümummilli liderin qurduğu dövlətin ərazi bütövlüyünü bərpa edən müzəffər lider kimi çoxəsrlik tariximizin ən böyük qələbəsinə möhür vurdu. İlham Əliyevin prezidentlik dönəmi birmənalı şəkildə çağdaş tariximizə Azərbaycan dövlətinin inkişaf və yüksəliş dövrü kimi yazılır. Onun yürütdüyü mükəmməl daxili və xarici siyasətin nəticəsi olaraq iqtisadi, siyasi, hərbi və digər sahələrdə əldə olunan yüksək nəticələr ölkəmizi beynəlxalq arenada regionun lider dövləti statasundan böyük güclərlə bərəbərhüquqlu əməkdaşlıq zirvəsinə yüksəltdi”.
“Bu gün beynəlxalq dairələrin Qafqaz və Xəzərətrafı regionda gerçəkləşdirdiyi hər hansı iqtisadi və ya siyasi layihədə mütləq ölkəmizin maraqları nəzərə alınır, Azərbaycan liderinin fikri öyrənilir. Bu mənada 2003-cü ilin 15 oktyabrını Azərbaycan dövlətçiliyinin yüksəliş və yeniləşmə mərhələsinin başlanğıcı hesab etmək olar. Həmin gün xalqın iradəsi ilə Azərbaycanın idarəçiliyini öz üzərinə götürən Prezident İlham Əliyev verdiyi bütün vədləri həyata keçirdi. İlk gündən mükəmməl və dəqiq hesablanmış bu strategiya Azərbaycana yeni möhtəşəm uğurlar qazandırdı. 2003-cü ildə Azərbaycan Prezidenti kimi siyasət meydanına gələn İlham Əliyev bu gün həm də bütövlükdə Türk dünyasının və beynəlxalq aləmin seçilən, hörmət bəslənən liderlərindəndir. Bu gün dünya siyasəti meydanında qətiyyəti, xarizmatik keyfiyyətləri və siyasi məharəti ilə mükəmməlliyə imza atan İlham Əliyev XXI əsrin ən görkəmli siyasi tarixi şəxsiyyətlərindən biridir. Azərbaycan xalqı dostlarımızın alqışladığı, düşmənlərimizin həsəd apardığı Prezident İlham Əliyevin rəhbərliyi altında narahat dünyamızda sabit və təminatlı xoşbəxt günlərini yaşayır”, – R.Mahmudov əlavə edib.