Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarına bütün gücü ilə mane olmağa çalışır. Hətta bu istiqamətdə açıq təxribatlar belə törətməkdən çəkinmir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlu şəhid oldu. Bunun ardınca iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Bu hadisənin də danışıqlar prosesinə yönəlik açıq təxribat olduğu aydın şəkildə özünü büruzə verir.
İkinci hərbçimizin öldürülməsi XİN rəhbərlərinin görüşü ərfəsinə təsadüf edir. Bununla da Ermənistan tərəfi açıq şəkildə sübut edir ki, atəşkəsin qorunmasında, danışıqların normal məcrada davam etdirilməsində maraqlı deyil. Maraqlıdır ki, Sankt-Peterburqda keçirilən iqtisadi forumda azərbaycanlı jurnalistin Paşinyana ünvanlandığı sualdan Baş nazir yayınmağa çalışıb və bildirib ki, azərbaycanlı hərbçinin öldürülməsi faktı təxribatdır və hazırda istintaq aparılır. Guya həmin gün növbədə duran erməni əsgərlərinin silahları yoxlanılıb və məlum olub ki, atəş açılmayıb. Paşinyan açıq yalan olaraq bildirib ki, toplanan faktlar guya Azərbaycan tərəfinə təqdim edilib. Paşinyanın bu açıqlaması ilə həmin ölkənin müdafiə nazirinin verdiyi açıqlama arasında kəskin ziddiyyət nəzərə çarpır. Paşinyan nə qədər məsuliyyətdən yayınmağa çalışsa da, Tonoyan hərbçimizin öldürülməsinə əmrin şəxsən onun özü tərəfindən verildiyini etiraf edib.
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıblar. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.
Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır.
Bütün bunlardan sonra aydın şəkildə görünür ki, Ermənistan danışıqlardan yayınmaq üçün bütün vasitələrdən istifadə edir. Hətta bu imitasiyanın fonunda Paşinyan özünün gülməli vəziyyətə qoyulmasını da qəbul edir. Faktiki olaraq onun açıqlamasından belə çıxır ki, ölkəni idarə edə bilmir. Çünki Tonoyan onunla daban-dabana zidd olan açıqlama verir. İstənilən halda, bu cür ucuz şoularla beynəlxalq ictimaiyyəti aldatmaq mümkün deyil. Bütün bunlara beynəlxalq qurumlar və həmsədr ölkələr sərt reaksiya verməli və Ermənistanın işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısının alınması istiqamətindəı konkret addımlar atmalıdırlar. Yaranmış vəziyyəti “Bakı-Xəbər”ə şərh edən Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində hərbi qulluqçularımızın həlak olması bir daha göstərir ki, düşmən danışıqlar prosesindən yayınmaq üçün bəhanə axtarır və açıq şəkildə təxribatla məşğuldur: “Bilirsiniz ki, artıq Ermənistanın prosesdə manevr etməyə yeri qalmayıb. Həmsədr ölkələr, beynəlxalq qurumlar ondan konkret addımlar tələb edirlər. Ermənistanın yeni hakimiyyəti bir müddət qondarma qurumu danışıqlar prosesinə soxuşdurmaq istiqamətində səylər göstərsə də, həmin istəkləri alınmadı. İndi XİN rəhbərlərinin görüşü nəzərdə tutulur. Ermənistanın əlində yayınmağa heç bir əsas yoxdur. Buna görə də təmas xəttində təxribat törətməklə sülh danışıqlarının mümkünsüzlüyü amilini önə çəkməyə çalışır. Onlar istəyirlər ki, Azərbaycan tərəfindən güclü cavab verilsin və münaqişə yeni bir fazaya qədəm qoysun. ATƏT-in həmsədrləri burada olanda mayorumuz şəhid oldu. İndi də başqa hərbçimiz. Bu da XİN başçılarının görüşü ərəfəsində növbəti təxribatdır. Ermənistanın sülh danışıqlarının konstruktiv məcrada davam etdirilməsini istəmədiyini sübut edir”.
Ekspert hesab edir ki, bu cür manevrlərlə Ermənistan uzağa gedə bilməz: “Hər halda, Azərbaycan tərəfinin də səbrinin həddi var. Ermənistanın bu addımları bölgənin təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Hesab edirəm ki, bu açıq təxribatlarla bağlı beynəlxalq dairələr konkret mövqelərini ortaya qoymalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ