Çərşənbə axşamı , 22 İyun 2021
Home » Dünya » “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimatı olub

“Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının təqdimat mərasimi keçirilib.

SAM-dan Trend-ə verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının, Milli Məclisin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), bir sıra ali məktəblərin, KİV-in nümayəndələri, millət vəkilləri, alim və mütəxəssislər, politoloqlar iştirak ediblər.

SAM əməkdaşlarının kollektiv əməyinin məhsulu olan bu kitab Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunub.

SAM-ın direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov təqdimat mərasimini açaraq qeyd edib ki, müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin son 25 il ərzində keçdiyi mürəkkəb yolu, siyasi-iqtisadi maraqların və milli təhlükəsizlik mənafelərinin təminatında əldə etdiyi nailiyyətləri, siyasi kursunu, prinsip və vəzifələrini, beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyini, ölkəmizin üzləşdiyi problemlərin, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində strategiyasını və ardıcıl fəaliyyətini bir kitaba sığdırmaq, onun əhatəli şərhini vermək, heç şübhəsiz, cətindir. Bununla belə, kitaba daxil edilən məqalələrin müəllifləri ötən dövr ərzində Azərbaycan Respublikasının xarici siyasətinin ayrı-ayrı prioritet istiqamətlərinə, onun özünəməxsus identikliyinə, dövlətimizin beynəlxalq təhlükəsizlik və beynəlxalq iqtisadi münasibətlər sistemindəki yerinə, taktiki imkanlarına dair qısa xülasələri oxucuların diqqətinə catdırmağa calışıblar. Azərbaycanın çox mürəkkəb geosiyasi coğrafiyada yerləşdiyini qeyd edən F.Məmmədov diqqətə çatdırıb ki, bütün təsirlərə baxmayaraq Azərbaycan öz identikliyini qoruyub-saxlaya bilib. Bütün bunlar isə, heç şübhəsiz, Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici və daxili siyasət strategiyası və bu siyasəti çox uğurla davam etdirən, dünyaya yeni xarici siyasət strategiyası təqdim edən Prezident İlham Əliyevin gərgin fəaliyyəti sayəsində mümkün olub.

F.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının xarici siyasətinə dair son illər bir neçə kitab həsr olunub. Bu kitabın özəlliyi isə ondadır ki, burada həm tarixi hadisələrin xronologiyası, həm nəzəriyyə, həm də siyasi təcrübə analitik təhlil süzgəcindən keçirilir və gələcəyə dair aydın baxış formalaşdırılır. SAM-ın direktoru onu da vurğulayıb ki, beynəlxalq münasibətlərin aktual problemləri və xarici siyasət məsələləri 2017-ci ildə 10 yaşı tamam olan Strateji Araşdırmalar Mərkəzinin əsas tədqiqat istiqamətlərindən biridir.

Tədbirdə çıxış edən Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəyli qeyd edib ki, 2017-ci il Azərbaycan Respublikası üçün əlamətdar hadisələrlə zəngindir. Əgər keçən il biz dövlət müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişiksə, bu il beynəlxalq diplomatik əlaqələrimizin 25 illi tamam olur. Natiq bildirib ki, ümumiyyətlə, Azərbaycan xarici siyasəti “itirilmiş illər” kimi xarakterizə edilən xaos dövründən başlayaraq çətin və mürəkkəb 4 mərhələdən keçib. Məhz ikinci mərhələdə, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin müasir dövlət quruculuğuna qayıdışından sonra balanslaşdırılıb, çoxvektorlu prinsiplər, ən əsası milli maraqlara söykənən xarici siyasət strategiyasının formalaşdırılmasına başlanılıb. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artıb, regionun lider dövlətinə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Həmin uğurlar müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından – bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir.

Ə.Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin dövründə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ən yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasəti, beynəlxalq diplomatik əlaqələri yeni xarakter almağa başlayıb. Dünyanın mürəkkəb siyasi arenasına yeni ikitərəfli və üçtərəfli (Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran və s.) strateji əməkdaşlıq modellərini təqdim edən Azərbaycan bu gün artıq dünyanın 17 dövləti ilə strateji tərəfdaşlıq səviyyəsində əlaqələr qurub. Bütün bu məsələlərin ətraflı təhlilinin bu kitabda əksini tapması onun elmi və siyasi əhəmiyyətini artıran məqamlardır. Ə.Həbibbəyli onu da vurğulayıb ki, artıq 10 illiyini qeyd edən SAM bu illər ərzində bir neçə dəyərli layihə həyata keçirib. Keçən il Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəhbərliyi ilə “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” kitabının çap olunması bu fundamental layihələrdən biridir.

Sonra çıxış edən AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı qeyd edib ki, Azərbaycan xarici siyasətinin yazılmasının cəmi 25 illik tarixi var. Çünki uzun müddət Azəırbaycan Sovetlər Birliyinin tərkibində olduğundan bu mövzuda yazmaq ancaq mərkəzin – Moskvanın icazəsi ilə mümkün idi. Yəni buna qədər bu ənənə mövcud deyildi. Ümumiyyətlə, yaşadığın dövrün xarici siyasətini yazmağın çox çətin olduğunu, bu sahədə bir neçə elmi (tarix, coğrafiya, iqtisadiyyat və s.) bilməyin zəruriliyini, elmi terminologiyanın da kifayət qədər formalaşmadığını qeyd edən natiq bildirmişdir ki, həm konsepsiyası, strukturu, ideyası, qarşıya qoyulmuş məqsəd və prinsipləri, həmçinin metodologiyası baxımından təqdimatı keçirilən kitab çox fərqlənir. Bu kitabda əvvəlki tədqiqatlardan fərqli olaraq həm də yeni xarici siyasət məsələlərinə – “yumşaq güc” siyasəti, rəqəmsal diplomatiya və s. geniş yer verilir. Bu da gələcək tədqiqatlar üçün yeni perspektivlər açır.

SAM-ın direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva çıxışında SAM əməkdaşlarının il yarımlıq zəhmətinin bəhrəsi olan bu kitabda əksini tapmış məqalələrin əsas ideya istiqamətlərinə toxunub, xüsusilə həmmüəllifi olduğu “Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin əsas prioriteti kimi” məqaləsi haqqında geniş məlumat verib. O, aparılan danışıqların, Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin burada geniş əks olunduğunu qeyd edib. G.Paşayeva onu da vurğulayıb ki, kitabda eyni zamanda Azərbaycan Respublikasının xarici siyasətinin iqtisadi yönləri və humanitar aspektləri, enerji diplomatiyası, müstəqil Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, modernləşən xarici siyasət və diplomatiya məsələləri də tədqiqata cəlb edilib.

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Vəliyev çıxışında kitab yazılarkən qarşıya qoyulmuş əsas məqsədin Azərbaycan xarici siyasətinin son 25 ildə əsasən hansı istiqamətlərdə inkişaf etdiyini, hansı prinsiplərə əsaslandığını, hansı ölkələr və xarici təşkilatlarla həyata keçirildiyini göstərmək və ətraflı təhlil etmək olduğunu bildirib. O qeyd edib ki, xarici siyasət məsələlərindən yazmaq tədqiqatçıdan ilk növbədə siyasi tarix, beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsindən biliklər tələb edir. Kitabın yazılmasında bu məqamları nəzərə alan SAM əməkdaşları ayrı-ayrı məqalələrdə Azərbaycanın qonşu ölkələr (Türkiyə Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan) və Mərkəzi Asiya respublikaları (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) ilə əlaqələrini ətraflı araşdırıblar. Bundan başqa, kitabda Azərbaycanın qlobal və regional güclərlə (Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Çin, Almaniya, Mərkəzi, Şərqi, Cənubi və Cənub-Şərqi Avropa ölkələri (Polşa, Macarıstan, Çexiya, Rumıniya, Bolqarıstan, İtaliya, Yunanıstan) və Baltikyanı ölkələrlə (Latviya, Litva, Estoniya) münasibətləri təhlil edilib. Azərbaycanın beynəlxalq təşkilatlarla (BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Türk Şurası, Qoşulmama Hərəkatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı) əlaqələri və bu təşkilatların fəaliyyətində iştirakı nəzərdən keçirilib.

Daha sonra tədbirdə çıxış edən AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Rüstəm Məmmədov, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, siyasi elmlər üzrə elmlər doktoru Ramiz Sevdimalıyev, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa və digər alim və mütəxəssislər Azərbaycan Respublikasının xarici siyasətinin son 25 il ərzində keçdiyi mürəkkəb yolun ətraflı təhlilini verməsi baxımından SAM-ın növbəti uğurlu layihələrindən biri olan “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016)” kitabının əhəmiyyətini yüksək qiymətləndirmiş, onun aktuallığı, strukturu və elmi məziyyətlərindən danışmışlar. Çıxış edənlərin əksəriyyəti bu kitabın ali məktəblərdə beynəlxalq münasibətlər və xarici siyasət məsələlərinin tədrisi zamanı dərs vəsaiti kimi istifadə olunmasının və xarici dillərə tərcümə edilərək daha geniş auditoriyaya çatdırılmasının zəruriliyini qeyd etmiş, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Kütləvi tirajla çap edilmiş kitab xarici siyasət məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Check Also

Təqaüd alanlara vacib xəbər

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.Bu barədə  Dövlət Sosial Müdafiə Fondunun …