Cümə , 13 Dekabr 2024
Drone Cameras

Azərbaycanı sözdə yox, real əməllərinizlə sevin…

Əsl vətənpərvərlər ölkənin ən çətin zamanlarında daima onun köməyinə gəlir, doğma vətənlərinin hərbi və sosial-iqtisadi böhrandan çıxmasına yardım edirlər. Əgər ölkədə həqiqi vətənpərvər insanlar çoxdursa, o zaman o böhrandan tez çıxır və öz gücünü və var-dövlətini artıraraq çiçəklənir. Belə vətənpərvərlər yoxdursa və ya yox dərəcəsində azdırsa, o zaman dövlətdə tənəzzül başlayır ki, bu da son nəticədə onun məhvinə gətirib çıxarır. Tarixin bizə verdiyi dərslər göstərir ki, hər hansı dövlətin gücü onun təbii, iqtisadi və insan resurslarından yox, öz varlığını və gücünü ölkəsinin xilasına və çiçəklənməsinə sərf etməyə hazır olan həqiqi vətənpərvər insanlarının sayından asılıdır.

Bizim doğma Azərbaycanımız da bu baxımdan istisna deyil. Dünyada iqtisadi böhranın hökm sürdüyü, Azərbaycanın isə torpaqlarının 20 % ni işğal etmiş Ermənistanla müharibə şəraitində olduğu hazırki şəraitdə ölkəmizə daha çox igid vətənpərvərlər lazımdır, hansılar ki, ölkənin maraqlarını hər şeydən üstün tuturlar. Tanınmış həmyerlimiz, ictimai-siyasi xadim, xeyriyyəçi, ‘’İnter-Sever’’ şirkətlər qrupunun prezidenti, Azərbaycan diasporunun lideri, ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ və ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ nun prezidenti, ‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin Birinci vitse-prezidenti Fizuli Məmməd oğlu Məmmədov Azərbaycanın məhz belə həqiqi vətənpərvər insanlarındandır. Onun damarlarında təmiz azərbaycanlı qanı dolaşır, ürəyi doğma Azərbaycana məhəbbətlə döyünür və düşüncələrində hər zaman doğma vətən və Azərbaycan xalqı ilə birlikdədir.

Fizuli Məmmədov məhz belə vətənpərvər-qəhrəmanlardandır ki, daima öz vətəninə – Azərbaycana kömək etməyə çalışır. Fizuli müəllim doğma Azərbaycandan kənarda  – Rusiyada və İtaliyada öz güclü və stabil biznes strukturunu yaradaraq 30 ildən artıqdır ki, yorulmadan doğma respublikaya və Azərbaycan diasporuna kömək edir. Buna görə də Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyəti və Azərbaycan xalqına mütəmadi yardımları özünü Azərbaycanın əsl vətənpərvəri hesab edən hər bir azərbaycanlıya nümunə olmalıdır.

Lap bu yaxınlarda, 10 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Fizuli Məmmədov öz şəxsi vəsaiti hesabına torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin bu il fevralın 24-dən 25-nə keçən gecə düşmənin bütün cəbhə boyu törətdiyi təxribatları dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailələrinə ev bağışlayıb.

Təqdimetmə mərasimi Müdafiə Nazirliyində baş tutub. Hər biri 3 otaqlı olan tam təmirli evlər vacib əşyalarla da təmin olunub. Teleqraf.com – un məlumatında o da bildirilir ki, ilin sonuna qədər daha 6 ailə Fizuli Məmmədovdan ev alacaqlar. Beləliklə, ümumilkdə 10 hərbçi ailəsi Fizuli müəllimin şəxsi vəsaiti hesabına mənzil əldə edəcəklər.

Fizuli Məmmədovun bu xeyriyyə aksiyası geniş rezonans doğurdu və respublikadakı KİV də və Feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində alqışlandı. Bununla əlaqədar olaraq Azərbaycan ictimaiyyətində tamamilə məntiqli bir sual yarandı: ‘’Fizuli Məmmədov şəhidlərimizin və hərbçilərimizn  ailələrinə mənzil bağışlayır, Azərbaycan diasporunun ictimai təşkilatlarına maddi yardım göstərir, azərbaycanlı tələbələrin təhsilinə və ağır xəstəlikdən əziyyət çəkən həmvətənlərimizin müalicəsinə pul ayırır, Azərbaycan şair və yazıçılarının kitablarının nəşrini maliyyələşdirir və s. Fizuli müəllimin bütün xeyriyyə aksiyalarını bir məqalədə sadalamaq demək olar ki, mümkün deyil. Bəs nə üçün yalnız Fizuli Məmmədov belə böyük xeyirxah ürəyə sahibdir, Azərbaycan diasporunun digər varlı nümayəndələri isə xeyriyyəçiliklə məşğul olmur və doğma respublikaya kömək etmirlər?’’

Bu arada, Fizuli Məmmədov öz şəxsi pullarını Azərbaycan xalqı naminə səxavətlə xərclədiyi halda, bəzi varlı yerli iş adamları utanmazcasına öz təmtəraqlı həyatlarını nümayiş etdirir, öz itlərinə və meymunlarına toy məclisi qurur, sonra bu ‘’nigah mərasimi’’ videolarını internetə yerləşdirərək öz əməlləri ilə Azərbaycan ictimaiyyətinin haqlı və başa düşülən qəzəbinə səbəb olur, medya resurslarının və sosial şəbəkə istifadəçilərinin tənqid atəşi ilə üz-üzə qalırlar. Çox təəssüf ki, öz təmtəraqlı həyatlarını geniş ictimaiyyətə göstərmək və bununla qürrələnmək bir çox zəngin azərbaycanlılar üçün həyat ‘’norma’’ sına çevrilməkdədir.

Azərbaycan diasporunun nümayəndələri isə Azərbaycanda öz pullarını hələki yalnız şəxsi məqsədlər üçün xərcləyirlər. Onlar özlərinə və yaxın qohumlarına daşınmaz əmlak və bahalı avtomobillər alır, vaxtlarını bahalı restoranlarda və əyləncə məkanlarında keçirir, ölkədə qalan azərbaycanlılara Azərbaycandan kənarda necə gözəl yaşadıqlarını göstərirlər. Bu isə Azərbaycanda qalan və yaşayan həmvətənlərimizin və respublikamızın əhalisinin kasıb təbəqəsinin hislərinə toxunur.

Bundan başqa Azərbaycan diasporunun varlı nümayəndələri öz kapitallarını əsasən əmlaka qoyduqlarına və hətta bir neçə mənzil və daşınmaz əmlak aldıqlarına görə son 15 ildə Azərbaycanda əmlak qiymətləri 10-15 dəfə bahalaşıb. Nəticədə bu gün Bakıdakı mənzil qiymətlərini Moskva və Kiyev kimi böyük şəhərlərdəki qiymətlərlə müqayisə etmək olar. Bu səbəbdən də vətəndə qalıb yaşayan və halal zəhməti ilə çalışan həmvətənlərimiz nəinki Bakıda, heç respublikanın digər şəhərlərində də özlərinə mənzil ala bilmirlər.

Buna baxmayaraq şəhid ailələrinə və hərbi qulluqçuların ailələrinə səxavətlə mənzil hədiyyə edən Fizuli Məmmədovun özünün Bakıda və hətta bütün Azərbaycanda heç bir mənzili və əmlakı yoxdur. O Bakıya gələndə mehmanxanada qalır və kömək üçün müraciət edən insanları da orada qəbul edir. Jurnalistlərin ‘’Onda bu qədər sonsuz Azərbaycan sevgisi haradandır?’’ sualına Fizuli müəllim belə cavab verir: ‘’Azərbaycan mənim vətənimdir, vətən isə müqəddəsdir. Buna görə də mən doğma Azərbaycana və dünyanın hansı ölkəsində olmalarından asılı olmayaraq həmvətənlərimə kömək etmişəm, edirəm və edəcəyəm’’. Mənim bütün zənginliyim Azərbaycan xalqına məxsusdur. Mən bütün gücümü və maliyyə resurslarımı bundan sonra da Azərbaycan və Azərbaycan xalqı naminə sərf edəcəyəm. Düşünürəm ki, özünü Azərbaycanın həqiqi vətənpərvəri hesab edən hər bir kəs belə davranmalıdır.

 ’Biz, bütün dünyadakı Azərbaycan diasporunun nümayəndələri doğma torpaqlarımızı erməni təcavüzündən qoruyaraq şəhid olan oğullarımızın ailələrinə qayğı göstərməli və dəstək verməliyik.  Diasporumuzun onları unutmağa haqqı yoxdur və hər zaman maraqlanmalıdırlar ki, onların ailələri necə yaşayır və uşaqları necə böyüyür. Biz onlara kömək etməli və onların təhsilində onlara dəstək olmalıyıq ki, şəhidlərimizin övladları Qəhrəman övladı olduqlarını unutmasınlar!’’. – deyə Fizuli Məmmədov ‘’Qəhrəmanlar’’ sözünü xüsusi vurğulayaraq bildirir. Fizuli müəllimin danışıq tonundan hiss olunur ki, o doğma Azərbaycanın müdafiəçilərinə görə xüsusi qürur hissi keçirir.

Fizuli müəllim əmindir ki, ‘’ümummilli məqsədlərə nail olmaq üçün bütün Azərbaycan diasporu birləşməli və Diasporla iş üzrə dövlət Komitəsi bu prosesdə fəal rol oynamalıdır. Biz əlillərə, uşaqlara, şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına göstərdiyimiz dəstəyi diaspor təşkilatlarımızla razılaşdırmalı, onlarla birlikdə və Azərbaycan qanunları çərçivəsində hərəkət etməliyik’’.

İş adamı, xeyriyyəçi və ictimai xadim Fizuli Məmmədovun ümummilli maraqlardan irəli gələn xeyirxah əməlləri və mərd addımları Azərbaycanda olduğu kimi, Azərbaycan diasporu arasında da biznes mühitinə müsbət təsir göstərməli, digər azərbaycanlı sahibkarları və iş adamlarını da fəallaşmağa və Azərbaycan dövlətinin möhkəmlənməsinə kömək etmək üçün doğma respublikaya real kömək təşəbbüslərini birləşdirməyə həvəsləndirməlidir. Daima diasporun işində xüsusi aktivliyi ilə seçilən Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyəti digər azərbaycanlı iş adamları üçün nümunə olmalı və beləliklə də Azərbaycanda kütləvi xeyriyyəçilik hərəkatına zəmin yaratmalıdır.

Bizim işgüzar insanlarımız öz xoş niyyətlərini nümayiş etdirməli və doğma Azərbaycana kömək etmək cəhdlərini göstərməlidirlər. Dünya maliyyə-iqtisadi böhranı və aşağı neft qiymətləri şəraitində həm diaspor sıralarındakı varlı iş adamları, həm də yerli sahibkarlar öz çiyinlərini doğma Azərbaycan dövlətinə söykəməli və dəstək olmalıdırlar. Çünki, 2014-2015 ci illlərdə Azərbaycanın gəlirlərinin əsas hissəsini təşkil edən neft və qaz qiymətləri 3-4 dəfə azalmışdır ki, bu da müvafiq olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərini o qədər azaltmışdır. Bu səbəbdən Azərbaycan 2 dəfə öz milli valyutasını devalvasiya etməli olmuş, ötən il isə hərbi xərclərini 36 % azaltmışdır. Başqa sözlə, hətta Ermənistanla faktiki müharibə şəraitində Azərbaycan ən müqəddəs məsələ – ‘’müdafiə’’ ilə bağlı xərclərini kəsməli olmuşdur.

Lakin, maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan hökuməti sosial yönümlü xərclərini azaltmır və körpülər, yollar, xəstəxanalar, məktəblər və digər sosial əhəmiyyətli obyektlər inşa etməyə davam edir, əmək pensiyalarının və digər sosial müavinətlərin, büdcə hesabına ödənilən əmək haqlarının mütəmadi artırılması üçün imkanlar axtarır ki, inflyasiya onların bütün gəlirlərini udmasın.

‘’Dövlət artıq bütün ehtiyac sahiblərinə kömək etməyi çatdırmır. Azərbaycanın dövlət büdcəsi qeyri-məhdud deyil. Buna görə də zəngin azərbaycanlı iş adamları təşəbbüs göstərməli və cəmiyyətdə sosial gərginliyin yaranmaması üçün əhalinin kasıb təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün kömək etməlidirlər. Bütün sosial-iqtisadi problemlərin həllini dövlətin çiyinlərinə yükləmək olmaz. Nə zaman ki, dövlət müəyyən qrup insanların sosial-iqtisadi problemlərini həll etməyi çatdırmır, o anda yaranmış ‘’sosial boşluğu’’ sosial statusundan asılı olmayaraq həmvətənlərimizə təmənnasız kömək edən zəngin iş adamlarımız doldurmalıdır. Biz, işgüzar insanlar, sahibkarlar, iş adamları olaraq Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli və onunla birgə hərəkət etməliyik. Azərbaycan qanunları qarşısında bütün azərbaycanlılar, ölkəmizin bütün vətəndaşları bərabərdir, biz hamımız vətənimizin keşikçiləriyik. Buna görə də əminəm ki, bütün zəngin azərbaycanlılar yalnız öz xeyirxah əməlləri ilə fəxr etməli, xeyriyyəçiliyi kütləvi ənənəyə çevirməlidirlər’’, – Fizuli müəllim deyir.

 

, həqiqətən də azərbaycanlı iş adamları itləri və meymunları üçün qurduqları ‘’toy məclisləri’’ ilə yox, Azərbaycan və Azərbaycan xalqı naminə öz xeyirxah əməlləri ilə fəxr etməlidirlər. Belə yüngül davranışlar cəmiyyətdə ictimai qəzəb yaradaraq və siniflər arası mübarizəni və vətəndaş qarşıdurmasını alovlandıraraq yalnız ikrah hissi oyadır. Bu isə müstəqil Azərbaycan dövlətçiliyinin təhlükəsizliyi və sabitliyi üçün çox təhlükəlidir.

Təəssüf ki, hələlik Azərbaycan diasporunun varlı nümayəndələrinin öyünməsi üçün heç bir səbəb yoxdur. Onlar arasında öz pullarını xeyriyyə aksiyalarına verən səxavətli xeyriyyəçilər gözə dəymir. Onlardan hər hansı biri belə xeyriyyəçiliklə məşğul olursa da, bunu reklam xatirinə edir. Lakin, istənilən xeyriyyəçilik fəaliyyəti hər hansı tamah maraqları olmadan həyata keçirilməlidir. Baxmayaraq ki, Azərbaycanda bir çox millətin nümayəndələri, o cümlədən dağ yəhudiləri (tatlar) və talışlar yaşayır və onların Azərbaycanda doğulan və böyüyən nümayəndələri Rusiyada və digər ölkələrdə nəhəng topdan satış bazarlarına, ticarət-əyləncə mərkəzlərinə və digər yüksək gəlirli kommersiya obyektlərinə sahibdirlər, amma, nədənsə, onların da heç biri hələki doğma Azərbaycana kömək etmək istəmirlər.

28 may, Respublika Günündə isə demək olar ki, bütün həmvətənlərimiz Azərbaycan bayrağını istifadə edir, müxtəlif bayram tədbirlərində qürurla dalğalandırırlar. Lakin, gözəl və sevimli  üçrəngli milli dövlət bayrağımızı əlimizdə tutarkən, biz özümüzə sual veririk mi: ‘’Sən Azərbaycan üçün nə etmisən, hansı real xeyirxah işlərinlə doğma respublikamıza öz sevgini isbat etmisən?’’ Çox məyusedicidir ki, hələki zəngin həmvətənlərimizdən heç kim Azərbaycana kömək etmək istəmir.

Ancaq, hələki biz tamamilə ziddiyyətli şeylər görürük. Diasporumuzun bəzi varlı nümayəndələri və yerli zənginlər öz təmtəraqlı həyatlarını geniş ictimaiyyətə göstərərək, əhalinin kasıb təbəqəsini qıcıqlandırır və bununla da cəmiyyətdə sosial gərginlik yaradırlar. Onlara ictimai faydalı dərrakə aşılamağın və izah etməyin vaxtıdır ki, geniş ictimaiyyətə əyyaş və təmtəraqlı həyatlarını nümayiş etdirmək olmaz, çünki, ətrafdakı əksər insanlar bu ayın sonundan digər ayın sonuna qədər çox çətinliklə ötüşürlər. Belə zənginlərə öyrətmək lazımdır ki, səxavətlə xeyriyyəçilik etsinlər. Əgər artıq pullarını nə edəcəklərini bilmirlərsə, qoy onu Azərbaycan xalqı naminə xeyir işlərə sərf etsinlər, mənzil şəraitini yaxşılaşdırmaq istəyənlərə kömək etsinlər, müalicəsi və təhsili üçün pula ehtiyac duyanlara versinlər. Bu cəmiyyətdə sağlam mühit və sabitlik yaradacaqdır.

Öz təmtəraqlı həyatlarını nümayiş etdirməyi sevən zənginlər anlamalıdırlar ki, onlar öz əməlləri ilə cəmiyyətdə sosial gərginliyi tətikləyə, Azərbaycanda sabitliyi poza və gənc müstəqil milli dövlətimizə zərər vura bilərlər. Çünki, artıq belə qəmgin təcrübələr Suriya, Liviya, Misir və Venesuelada yaşanıb, əhalinin etiraz aksiyaları xarici güclər tərəfindən həmin ölkələrdə vəziyyətin gərginləşdirilməsi və sabitliyin pozulması üçün istifadə edilib.

Bütün bu hadisələr fonunda azərbaycanlı iş adamları ilk növbədə ümummilli maraqlar, sabitlik və Azərbaycanın ərazi bütövlüyü barədə düşünməlidirlər. İqtisadi rifah yalnız sabitlik və güclü dövlətçilik şəraitində mümkündür. İctimai sabitliyin pozulması və qanlı ‘’rəngli’’ inqilablar şəraitində zəngin insanlar yalnız var-dövlətlərini yox, həyatlarını da itirirlər. Buna görə də onlar əhalinin sosial – iqtisadi problemlərinin həllində dövlətimizə yaxından kömək etməlidirlər. Onlar Azərbaycanın iqtisadi çiçəklənməsinə kömək etmək üçün ümummilli maraqlara uyğun olaraq öz bizneslərini qurmalı və inkişaf etdirməlidirlər.

İş adamlarımız Azərbaycanı yalnız sözlərdə yox, Fizuli Məmmədov etdiyi kimi öz real, ictimai faydalı işləri ilə sevməlidirlər. Fizuli müəllimi nümunə götürərək hər bir imkanlı azərbaycanlı iş adamı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və ölkə əhalisinin sosial – iqtisadi vəziyyətinin yaxşılaşdırılması işində öz töhvəsini verməlidir. Dövlət isə öz növbəsində işsizlik problemini həll etmək və əhalinin rifah səviyyəsini artırmaq məqsədilə kiçik və orta biznesin intensiv inkişafı üçün şərait yaratmalıdır. Yalnız güclü və çiçəklənən müstəqil Azərbaycan respublika əhalisinin iqtisadi rifahının və təhlükəsizliyinin qarantı ola bilər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir