Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azad rayonlar barədə DİN-in xəbərdarlığına lazımi diqqət verilsəydi – minaya düşən 14 mərhum, 60-dan çox yaralı…

Samir Adıgözəlli: “Vətəndaşlar öz məsuliyyətini dərk etməli, DİN-in çağırışlarından, xəbərdarlıqlarından nəticə çıxarmalı və qanunsuz səfərlərdən əl çəkməlidirlər”

Vətəndaş məsuliyyəti ən vacib olan amillərdən biri olsa da, təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bunu dərk etmək istəmirlər. Nəticə isə, bütün hallarda, vətəndaşın ziyanına olur. 

Torpaqlarımız işğaldan azad edildikdən sonra vətəndaşlarımız dövlətin qadağalarına baxmayaraq, həmin ərazilərimizə qanunsuz səfərlər edirlər, məsuliyyətsiz davranışları isə onlara baha başa gəlir. Halbuki, dəfələrlə aidiyyəti qurumlar, o cümlədən də Daxili İşlər Nazirliyi (DİN) tərəfindən azad edilən ərazilərə getməməklə bağlı çağırışlar edilsə də, bəzi insanlar yenə də öz bildiklərini edir, müxtəlif yollarla qanunsuz səfərlərini davam etdirirlər.

Bir neçə gün əvvəl Baş Prokurorluq işğaldan azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verən hadisələrlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir.

10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq, növbəti dəfə maarifləndirici videoçarx hazırlanıb.

DİN də bir neçə gün əvvəl azad ərazilərə qanunsuz səfərlərlə bağlı yenidən əhaliyə müraciət edərək işğaldan azad edilən ərazilərə qanunsuz səfər edən şəxslərə növbəti dəfə xəbərdarlıq edib.

Nazirliyin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumatda bildirilir ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib.

Lakin buna baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə faktlara hələ də tez-tez rast gəlinir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə aidiyyəti dövlət qurumlarının, o cümlədən, daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, qanunsuz yollarla ərazilərə keçən şəxslər aşkar edilərək barələrində qanunvericiliyin tələbinə uyğun inzibati tədbirlər görülür.

Hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları da davam etdirilir.

Odur ki, bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər.

  • o ərazilərə getməyin hansı faciələrlə nəticələndiyi göz qabağındadır”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu olduqca aktual bir məsələdir. “Olduqca mühüm bir məsələyə toxunmusunuz, bunun ictimailəşdirilməsi çox vacibdir. Bir neçə gün əvvəl biz də mərkəzimizdə bu məsələni ətraflı müzakirə etmişik. Çünki bu çox acınacaqlı bir vəziyyət yaradıb. DİN-in dəfələrlə etdiyi müraciətlərə, xəbərdarlıqlara baxmayaraq, azad olunmuş ərazilərimizə mülki insanlar qanunsuz səfərlər edirlər, bunun nəticəsində də çox ağır hadisələr baş verir, insan tələfatı olur, ağır yaralananlar var. Bu da, əlbəttə, vətəndaşlarımızın məsuliyyətsizliyindən qaynaqlanır. Anlamaq olmur ki, onlar niyə qanunları bu şəkildə pozurlar və nəticədə faciələrlə qarşılaşırlar. Biz 28-30 il torpaqlarımızın işğaldan azad edilməsini gözləmişik, torpaqlarımız artıq azad olunub. Vətəndaşlar gözləməlidirlər ki, o ərazilər tamamilə minalardan təmizlənsin, burada insan həyatı üçün təhlükə yaradan heç nə qalmasın. Bu da uzun prosesdir, bəlkə də bir il çəkə bilər, çünki düşmən hər yeri minalayıb. Azad ərazilərimizdə bütün məsələlərin qaydasına salınmasını nə üçün gözləyə bilmirik, bizi tələsdirən, ailələri faciələrə sürükləyən amil nədir? Bütün bu məsələlər, hər bir ailədə baş verən faciə bütün cəmiyyətimizi sarsıdır. Vətəndaşların bu addımları çox böyük məsuliyyətsizlikdir. Qanunsuz səfər edən insanların təhlükəsizliyi baxımından da problem yaradır. Bəzi vətəndaşlar gedib kəndlərində, rayonlarında şəkil çəkdirir. Ay vətəndaş, sən bununla nə əldə etmək istəyirsən? Bilirsən ki, kəndlərimiz, şəhərlərimiz düşmən tərəfindən darmadağın edilib, mənfur düşmən orada nə varsa, hamısını məhv edib. Bu halda gedib, viran qoyulmuş ərazilərimizdə şəkil çəkdirib toxdamaqla vətəndaş nə qazanır? Bir qisim insan səbrsizlik göstərir ki, gedib yurdunu görsün, bir qisim insan da məsuliyyətsizlik edib ora şəkil çəkdirməyə gedir”.

S.Adıgözəlli qeyd etdi ki, vətəndaşların qanunsuz şəkildə müxtəlif yollardan keçməklə ərazilərimizə səfər etməsi yolverilməzdir. “Biz buna qarşı öz etirazımızı bildirməklə yanaşı, həm də azad ərazilərimizə qanunsuz səfər etmək istəyən vətəndaşlarımıza çağırış etmək istəyirik ki, səbr etsinlər, hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına riayət etsinlər, hazırda o ərazilərə getməyin hansı faciələrlə nəticələndiyi göz qabağındadır. Vətəndaşlar DİN-in çağırış və xəbərdarlığından nəticə çıxarmalı və ən əsası can təhlükəsizliklərini qorumalıdırlar, əks təqdirdə həlak olan və yaralananların sayı çoxala bilər. Azad olunmuş ərazilərimiz çox genişdir və nəzarət üçün hər 10 metrdən bir ora polis, Daxili Qoşunun əsgərlərini düzmək mümkün də deyil. Elə ərazilərimiz var ki, ora gizlin yollarla getmək mümkün olur və sonu da faciə ilə nəticələnir. Vətəndaşlar öz məsuliyyətini dərk etməli, DİN-in çağırışlarından, xəbərdarlıqlarından nəticə çıxarmalı və qanunsuz səfərlərdən əl çəkməlidirlər” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi …