Məni kədərləndirən mövzulardan biri də mövqesizlikdir. Bizim insanlarda bir tendensiya var: “Mənə yaxşıdırsa, niyə başımı ağrıdım?” Bu, kökündən səhv və problemlər gətirən bir anlayışdır. Gənclərimiz var ki, mövqeləri formalaşıb, cəmiyyətdə olan problemlərə göz yummurlar, hardasa yazır, səsləndirirlər. Onlar əfsuslar olsun ki, xalq düşməni kimi qəbul olunur. Ən böyük problem budur”. Azinforum.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova deyib. O, “Əkinçi” adlı “yotube” layihəsinə qonaq olarkən televiziyada olan problemlərdən danışıb. Aparıcı qeyd edib ki, indi əksər insanların mövqeyi yoxdur və TV rəhbərləri bu cür insanlarla çalışmaq istəyir: “Rəhbərlər də mövqeyi olan insanları işə götürmürlər. Onlar seçimini mövqesiz insanlardan yana edir. O rəhbərlər düşünmürlər ki, “bəli müəllim, siz deyəndi” deyən həmin insan səhəri bu sözləri başqasına deyəcək, yaltaqlanacaq. Mövqeyi olmayan insan satqınlıq edə bilər, yalan danışar. Cəmiyyətin bir problemini işıqlandıran şəxs sənə pislik etmir ki? Əksinə ürəyi yanır. Ölkəni sevdiyi üçün, problemi aradan qaldırmaq üçün bunları edir. Əslində mövqeyi olan insanlara iş, vəzifə şəraiti yaradılmalıdır. Həmin problemləri bu insanlar aradan qaldıra bilər. Televiziyada çalışan insanlara səslənirəm. Qoymayın ki, sizi mövqesizləşdirsinlər, rəndələsinlər, boz rəngə çevirsinlər.Çünki gələcəyiniz öz mövqeyiniz üzərində qurulacaq. Sözünüzü deməyi bacarın”.
Qeyd edək ki, Hüsniyə Məhərrəmova sonuncu dəfə AzTV-nin “1AzTV” verilişinin aparıcısı olub. Bu ilin fevralında yazdığı “facebook” statusundan sonra kanal rəhbərliyi tərəfindən işdən kənarlaşdırılıb.