Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Bərdə Rayon Məhkəməsinin hakiminin özü məhkəmə qarşısına çıxarılır

İstintaq dövrü üçün onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib

Narkotik satışıyla bağlı işdə rüşvət almaqda ittiham olunan məhkəmə hakiminin özünün məhkəməsi başlayır. Söhbət Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Əhmədovdan gedir.

Onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində gedən istintaq yekunlaşıb. Elsun Əhmədovun işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakimin haqqında cinayət işini araşdırmaq Dadaş İmanovun sədrliyilə, Elmin Rüstəmov və Mikayıl Məmmədzadədən ibarət hakimlər kollegiyasına həvalə olunub.

Elsun Əhmədov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var. Lakin o, həbs olunmayıb. İstintaq dövrü üçün onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Elsun Əhmədovun hərəkətlərindən prokurorluğa şikayət olunub. Həmin şikayət əsasında da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Bu araşdırma Məhkəmə-Hüquq Şurası ilə birlikdə aparılıb.

“Nəticədə Elsun Əhmədovun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul almasına əsaslı şübhələr müəyyən edilib.

Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyinə görə Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb”, – Baş Prokurorluğun məlumatında bildirilir.

Elsun Əhmədov 2021-ci ilin fevralında Bərdə Rayon Məhkəməsinin hakimi təyin olunub. Bundan öncə o, məhkəmə iclas katibi işləyib.

Hakim Elsun Əhmədovun fəaliyyətilə bağlı Bərdə sakinlərinin şikayətləri əsasında Meydan TV-də bir neçə material yayımlanıb. Sakinlər bu hakimin sifarişli və qanunsuz qərarlar verdiyini iddia edirdilər.

Bərdə Rayon Məhkəməsi və Elsun Əhmədovun özü səslənən ittihamlarla bağlı Meydan TV-nin sorğularını cavabsız qoyub.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …