Cənubi Azərbaycan mövzusunda “Arazı ayıra bilmədilər, Kürlə doyura bilmədilər…” rubrikamızın qonağı Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyinin rəhbəri, molla rejiminin zülmündən köçüb Şimali Azərbaycana gələn şair Babək Muğanlıdır.
1965-ci ildə Ərdəbil vilayətinin Muğan bölgəsində, Parsabad şəhərdə anadan olan B.Muğanlı ali təhsillidir, ali məktəblərin birində iradəetmə ixtisası üzrə təhsil alıb. Orada müəyyən işlərlə məşğul olub, milli fəal olduğu üçün molla rejiminin zindanlarına salınıb…
– Babək bəy, Şimali Azərbaycana köçüb gəlməyinizin səbəbi nə idi? Nə zaman gəlmisiniz?
– 1984-1985-ci ildən mənim orada azad iqtisadi fəaliyyətlərim vardı. 1987-1988-ci ildən isə Azərbaycan Radiosunun Cənubi Azərbaycan radiosu ilə fəal əməkdaşlıq edirdim. O dövrdə hələ yollar bağlı idi, açılmamışdı. Orada “Sözlü-nəğməli sətirlər”, “Körpü” verilişləri vardı. Biz o vaxt o taydan göndərdiyimiz məktublarla bu verilişlərə fəal qatılmışıq. Mən şairəm, bir neçə kitabım çıxıb, hərdən məqalələr yazıram. Hazırda Şimali Azərbaycandayam. Mən birinci dəfə 1990-cı ildə gəldim, sonra geri qayıtdım. 2006-cı ildə isə tamam köçüb gəldim. Bura köçüb gəlməyimin səbəblərindən biri molla rejimi tərəfindən təzyiqlərə məruz qalmağım olub. Gündə tutub aparıb sorğu-suala tuturdular, incidirdilər. Molla rejiminin təzyiqləri nəticəsində ölkəni tərk etməyə məcbur olduq. 2026-cı ildən burada yaşayırıq.
– Siz molla rejiminin xalqımızın, soydaşlarımızın başına gətirdiyi bütün müsibətlərin şahidi olmusunuz. Özünüz də bu zülmlərdən, təzyiqlərdən əziyyət çəkmisiniz. Tehran rejimi bu qədər müddətdir niyə xalqımıza zülm edir, dilimizi, mədəniyyətimizi, milli dildə təhsilimizi nə üçün yasaqlayıb, mədəniyyət abidələrimizi hansı səbəbdən dağıdıb? Rejimin məqsədi nədir?
– Dediklərimiz təkcə molla rejiminə aid deyil, şah rejiminə də aiddir. Şah-Pəhləvi rejimi ilə molla rejimi arasında heç bir fərq yoxdur. Bizim dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, tariximizin qadağan olunması, tarixi abidələrimizin sökülməsi, yerlərimizin, ərazilərimizin, bölgələrimizdə coğrafi adlarının dəyişməsi, qalalarımızın, kəndlərimizin, çaylarımızın, dağ-dərələrimizin tarixi adlarının saxtalaşdırılması işinə şah rejimi dövründə başlanılıb və molla rejimi tərəfindən də davam etdirilib. Bilirsiz ki, orada 35 milyon azərbaycanlı yaşayır. Onda da dil qadağan idi, indi də qadağandır. Özü də qadağan olunan təkcə dil deyil. Bizim torpaqlarımızı talan edirlər, təbii sərvətlərimizi söküb daşıyırlar. Bu məsələ şah rejimindən indiyə qədər davam edir. Molla rejimi də şah rejiminin davamçısıdır. Rejimin Azərbaycan xalqını görəsi gözü yoxdur. Onun başında duran Xamenei Təbrizə gələndə türkcə danışır. Deyir ki, fars da türk kimi, türk də fars kimi, hamısı iranlıdır. Tutaq ki, hamımız iranlıyıq. Bəs orda mənim hüquqlarım, haqlarım var, dil azadlığı istəyirəm, arzum öz ana dilimdə yazıb-pozmaqdır. Bir zamanlar ali məktəb səviyyəsində Azərbaycan dilinin tədrisini qoydular. Yaxşı, kim gedəcək orada oxumağa? Çünki birinci sinifdən bizim uşaqların hamısı farsca oxuyur, bağçada da fars dili öyrəniblər. Uşaqlara bağçadan başlayaraq böyüyənə qədər fars dilində təhsil verirlər. Dəfələrlə demişəm, Tehrandakı qohumlarımız iqtisadi cəhətdən əziyyət çəkərək Tehranda yerləşiblər, onların uşaqları fars dilində oxuyur. İsfahana ayrılan büdcənin cəmi bir faizi həcmində Azərbaycana pul ayrılır. Türklər yaşayan yerlərlə farslar yaşayan yerlərin büdcəsi çox fərqlidir, farslara daha çox vəsait ayrılır. Urmu gölünü qurudur. Deyir büdcəmiz yoxdur, amma Xəzər dənizindən səhralığa su çəkir. Molla rejiminin orada gözü götürmədiyi yeganə xalq Azərbaycan xalqıdır. Molla rejiminin gözü müstəqil Azərbaycan dövlətini götürmür. Dəfələrlə gəlib Azərbaycan dövlətinin sərhəddlərində hərbi təlimlər keçirməklə, erməni ilə qardaşlıq, dostluq etməklə öz simasını ortaya qoyur. Belə getsə, aparıb Paşinyanı müsəlman edib başına da özləri kimi əmmamə qoyacaqlar. Gözümüzün qabağında 44 günlük müharibədə Ermənistana nə qədər silah-sursat verirdi, indi də PUA-ları göndərir. Molla rejimi və şah rejimi bizim xalqımızın düşmənidir. Məmmədrza şahın oğlu xaricdə bir dənə koalisiya yaradıb, başına da bir-iki mütrüb yığıb. Biri aktrisadı, biri nə bilim kimdir. Bunları başına yığıb. Baxın, həm o, həm də molla rejimi, hər ikisi eyni məqsəddən çıxış edir. İkisi də “bütün İran” deyir, orada bir dənə də olsun etniklərə işarə yoxdur…
– Azərbaycanlılar orada etnik deyil, aborigen, yerli əhalidir…
– Mən Azərbaycan xalqını demirəm, oradakı azsaylı xalqları nəzərdə tuturam. Orada ən böyük xalq bizik, sayımız 35 milyondan çoxdur. Burada olan xalqların 6 milyonu kürd, 6 milyonu ərəbdi, 5 milyonu bəlucdur. Bu torpaqda farsa bir şey qalmır. Şahın oğlu da İranda yaşayan heç bir xalqa hörmətlə yanaşmır, farsları düşünürlər. Demək istəyirəm ki, bizə münasibətdə Pəhləvi rejimi ilə molla rejiminin heç bir fərqi yoxdur, hər ikisi də diktarordur. Yəni şahla şeyxin heç bir fərqi yoxdur. Xalqımız bunu düşünür, bunu bilir. Güneydəki Azərbaycan xalqı 1979-cu ildəki xalq deyil, müasir, inkişaf etmiş və savadlı, özünü, öz azadlığını düşününən bir xalqdır. Molla rejimi nə edir etsin xeyri yoxdur, xalqımız o əsarətdən qurtaracaq.
– Molla rejiminin zülmündən canını götürüb dünyanın müxtəlif ölkələrinə səpələnən mühacirlər çoxdur. Onlar bu gün güneyli soydaşlarımız üçün hansı işlər görürlər? Nəzərə alsaq ki, nə qədər milli fəal həbs edilib, işgəncələrə məruz qoyulub, edam edilib. Güneylilərin haqq səsini beynəlxalq qurumlara çatdırmaq üçün hansı işlər görülür?
– Xeyli işlər görülüb. Orada gedən proseslərlə bağlı bütün məlumatlar toplanılır və müxtəlif səfirliklərə ötürülür. Bizim xaricdəki təşkilatlar düzdür, əl-ələ vermirlər, bir az zəiflik var. Amma beynəlxalq təşkilatlarda, BMT-də bizim xalqımızın dərdini deyirlər, eşitdirirlər. Bunların da fəaliyyətləri az deyil. Həbsdə olan soydaşlarımızın siyahısı BMT-yə qədər gedib çıxıb. Qardaşım oğluna 10 il həbs 2 il sürgün vermişdilər, bu məsələ beynəlxalq təşkilatlara qədər gedib çıxdı. İndi 16 yaşlı bir uşağı qondarma iddia ilə tutublar, onu məhkəməyə veriblər ki, guya təxribat törədib, ayatullalara hörmətsizlik edib. Bu rejim kimi qəddar rejim yoxdur. Molla rejiminin qəddarlığının 1982-ci ildə həbsdə olarkən şahidi olmuşam. O vaxtkı qəddarlıqlar indi də gözümün önündədir. Gecə yarısı gəlib 10-15 nəfər adamı çağırırdılar və səhər saat 5-də güllə səsi gəlirdi, onları güllələyirdilər. Orada həbs olunan milli fəallarımızın müdafiə hüquqları var. Ad çəkmək istəmirəm, amma xaricdə bu yöndə çox güclü işləyirlər. Biz həbsdə olan milli fəallarımızın haqlarını xaricdə də müdafiə edirik.
– Keçən ilin sentyabrından güneyli soydaşlarımız rejimə qarşı hər cür dirəniş göstərirlər, mübarizələrinə davam edirlər. Necə bilirsiz, onların başlatdığı bu iş, mübarizə qələbə ilə başa çatacaqmı?
– Sentyabr hadisəsi ilk deyil. Bundan iki il əvvəl molla rejimi bir həftənin içində 1500 nəfəri qətlə yetirdi. Ondan da dörd il əvvəl yenə də xalq ayağa qalxmışdı. Ancaq bu dəfə Məhsa Əmininin ölümü ilə xalq yenə meydana çıxdı. Bir rejimdən ki, xalq cana doyub, bütün haqları pozulub, rejimdən bezib, belə halda bir qığılcım lazımdır ki, hadisələr alovlansın. Məsha Əmininin ölümü də bir qığılcım idi. Xalq ayağa qalxdı 120 şəhərdə etirazlar başladı. Bu etirazlar bütün şəhərlərə sıçradı. “Diktatora ölüm”, “Molla rejimini istəmirik” şüarları səsləndirilir. Həbsdə 20 mindən çox adam var. Yeniyetmə, gənc uşaqları asırlar, edam edirlər.
Azərbaycan xalqı ayaqdadır və molla rejimi də gedəcək, buna inanıram. O rejimin qalması mümlün deyil. Bir söz var: Deyirdilər ki, nə zaman İran həssas bölgələrdə böhran yarada biləcək, yaşayacaq, böhran yaratmaq imkanı tükəndisə, qurtardısa onda o rejim getməlidir. Bu gün xalqın 80-90 faizi molla rejimini istəmir, o rejimdən cana gəlib. Bahalıq, narkomaniya, haqsızlıq baş alıb gedir. Məmləkəti xalqın gözünün qabağında çapıb-talayırlar, insanlar axşam ailəsinə çörək pulu götürə bimir. Vəzifəlilər milyardlarla pul qazanır. Bu rejimin limiti bitib və inanıram ki, yaxınlarda bu etirazların müsbət mənada əks-sədasını eşidəcəyik.
– Azərbaycanın Şimalında Cənubla bağlı görülən işlər, soydaşlarımıza dəstək özünü necə göstərir? Münasibətdən razısınızmı?
– Xüsusən Prezidentin çıxışını vurğulamaq istəyirəm. Buradakı təşkilatların fəallaşması diqqətdən yayınmır. Şimali Azərbaycan həmişə o taya dəstək verir. Güneylilər də deyirlər ki, bizim BMT tərəfindən tanınan müstəqil dövlətimiz var, o da müstəqil Azərbaycan dövlətidir. Hesab edirəm ki, Güney Azərbaycana dəstək çox güclüdür, bunu bəyənirik, alqışlayırıq və bu dəstək davamlı olsun.
- “Rejim bilir ki, o istəsə də, istəməsə də Güney Azərbaycan öz istiqlaliyyətini əldə edəcək”
– İran rejimi xalqımızın öz mədəniyyətinə, dilinə, abidələrinə sahib çıxmaq arzusundan, ana dilində orta və ali təhsil almaq istəyindən niyə qorxur, əndişəyə düşür?
– Ölümdən yapışan titrətməyə düşər. O rejim bilir ki, istər-istəməz Güney Azərbaycan ya bütün İrana hakim olmalıdır, ya ordan ayrılmalıdır. İranın bir dənə çıxış yolu vardır, o əgər bütöv qalmaq istəyirsə orada iki dilli xalq olmalıdır, bütün hər şey Azərbaycan və fars dilində yazılmalıdır, bütün sənədlər və sair. İranın ən böyük qorxusu Şimali Azərbaycandır. Biz bunu dəfələrlə çıxışlarımızda demişik. Düzdür, Şimali Azərbaycanın müstəqilliyini tanıdı və sair. Amma İran 30 ildir Şimali Azərbaycanda təxribatla məşğul oldu. İndi erməniyə görə deyir ki, o 44 kilometr mənim qırmızı xəttimdir. Halbuki, Azərbaycan əraziləri erməni tapdağı altında idi, amma heç vaxt molla rejiminin qırmızı xətti olmadı, ordan casuslarını göndərdi, narkotik keçirdi, sərhəddə təxribatlar törətdi. Onun qorxusu orada türk xalqındandır. Rejim bilir ki, o istəsə də, istəməsə də Güney Azərbaycan öz istiqlaliyyətini əldə edəcək. Bunun da qarşısını almaq üçün molla rejimi əlindən gələni edir.
– Arazı ayırsalar da, qum ilə doyursalar da, yenə də mənəvi ayrılığa nail ola bilmədilər. Kür Araza qovuşduğu kimi o tayın da bu taya qovuşacağına inamınız varmı?
– 1988-ci ildə “Körpü” verilişi onunla başlayardı ki:
Sən o taydan dur bax, mən də bu taydan
Bir elin içində çahaldır-mahal.
Bu necə dərddi ki, öldürür bizi
Səni Cənub dərdi, məni də Şimal.
Mən Arazın qırağında yaşayan adamam. Bizim evlər gəlib Araza dirənib. Başımıza gələnlər tarixdir, onu atalarımız, analarımız, qardaş-bacılarımız yaşayıb. Hələ Azərbaycan SSRİ tərkibində olanda biz Araz qırağından bu taya həsrət-həsrət baxırdıq. Sərhədlər açılanda, tikanlı tellər qırılanda hadisələrin şahidi olmuşam ki, Cənubi Azərbaycandan Şimali Azərbaycana, Şimal Azərbaycandan da Cənubi Azərbaycana insanlar gəldilər. Araz bizim dərdimizdir, Xudafərin həsrət körpümüzdür. Araz bizim xalqımızı ikiyə bölsə də, onun suyunu qınamaq olmaz. Araz analarımızın göz yaşıdır. Həmişə deyirəm, gün o gün olsun ki, Arazın üstündən o qədər körpülər salınsın, bu taydan o taya, o taydan bu taya qızlarımız gəlin köçsünlər, Arazın üstündə “Vağzalı” səslənsin, Arazın suları sevinc göz yaşlarına bələnsin. Biz bu ümidlə yaşayırıq. İnanırıq ki, Azərbaycan bütövləşəcək. Bütöv Azərbaycanı biz də görməsək, inişallah uşaqlarımız görəcək. Qismət olar, biz də görərik.
İradə SARIYEVA