Cümə , 18 İyun 2021
Home » Dünya » Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz – 2017” sərgi və konfransı keçirilir

Bakıda Beynəlxalq “Xəzər Neft və Qaz – 2017” sərgi və konfransı keçirilir

Mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz – 2017” sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi açılıb.

Trend-in məlumatına görə, Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi Azərbaycan Energetika Nazirliyinin və SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.

Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.

XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi platformadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə platformasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır.

Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edir.

FOTO – Zaur Mustafayev

Check Also

ABŞ Səfirliyi Ermənistandakı amerikalılara XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Ermənistandakı Səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə …