Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət

“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı şirkət rəhbərliyindən, Qazaxıstanda yaradılmış törəmə şirkətdə çalışarkən haqlarının tapdanmasından, aylardı maaş, istifadə olunmamış məzuniyyət pullarını və kampensassiya ala bilməmələrindən şikayətçidilər. Onlar şirkət rəhbərliyinin laqeyidliyindən, işçilərin haqqını tapdamasından və özbaşınalığından narazı qaldıqlarını bildirərək, son ümid yeri kimi Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər. Həmin müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı tərəfindən

Müraciət

Boyukmillet.com müeaciəti sizlərə təqdim edir.

Hörmətli Cənab Prezident,
Biz, bu müraciətə imza atanlar, “Baku Steel Company” şirkətinin əməkdaşlarıyıq. Məlumat üçün bildirək ki, 2017-ci ildə şirkət rəhbərliyi bir qrup zavod əməkdaşına Qazaxıstan Respublikasının Aktau şəhərində “Aktau Steel” şirkəti ilə böyük bir layihəyə başlanıldığını bəyan etmiş və orada işləmək üçün əməkdaşlar yığıldığını demişlər.
Biz, bir qrup mütəxəssis, Qazaxıstana getməyə razılıq verdik. O zaman bizə Aktauda yüksək iş şəraiti yaradılması, yüksək maaş, tibbi sığorta və digər vədlər verilmişdi. Bütün bunları nəzərə alaraq burada bizimlə müqavilə bağlandı və bir qrup mütəxəssis Qazaxıstana yola düşdük. Qeyd edək ki, eyni müqavilə (bu dəfə rus dilində) Qazaxıstanda təkrar bağlandı. Lakin nə Bakıda, nə də Qazaxıstanda bağlanan müqavilənin surətini bizə vermədilər. Bununla belə biz elə ilk gündən işə başladıq. Xatırladaq ki, sonradan bizim heyətə həm zavodda işləyən, həm də respublikanın digər zavodlarından da mütəxəssislər cəlb edilmişdilər.
Ancaq təəssüflə qeyd edək ki, verilmiş vədlərə tam əməl edilmədi. Belə ki, yaşayış şəraiti ürəkaçan deyildi, tibbi sığortamız əvvəlcədən olmadı, bundan əlavə ilk üç ayın əmək haqqını gec, özü də hissə-hissə aldıq. Bütün bunlar isə şikayət etdikdən, narazılıqlar artandan sonra ləng həll olunurdu. Ümumiyyətlə orada biz azərbaycanlılara qarşı yaxşı münasibət bəslənilmirdi.
2019-cu ilin yanvar ayında əmək haqlarımızı yenidən gecikdirməyə başladılar. Mart ayında əmək haqqının verilməsini ümumiyyətlə dayandırdılar. İyun ayının yarısına qədər işləsək də əmək haqlarımız verilmədi. Etirazlarımızı bildirdikdə isə əməkdaşları müxtəlif yollarla hədələməyə başladılar. Sonda məcbur etdilər ki, biz Bakıya qayıdaq və vəd verdilər ki, Azərbaycana qayıdan kimi borclu olduqları əmək haqqlarını, istifadə olunmamış məzuniyyət pullarını və kampensassiya olaraq bir aylıq əmək haqqını ödəyəcəklər. Bakıya qayıtdıqdan sonra da vəziyyət dəyişmədi, biz eyni çətinlikləri burada da yaşadıq. Bir müddətdən sonra bəzi əməkdaşlara ödənilməmiş əmək haqqlarının bir hissəsi ödənildi. Lakin böyük bir qrup əməkdaşlarımızın nəinki kampensasiyası (halbuki söz verilmişdi), istifadə olunmamış məzuniyyət pullarını, hətta halal aylıq məvaciblərini də verməyiblər. Artıq 1 ilə yaxındır ki, (2019-cu ilin noyabr ayından) “Baku Steel Company” şirkətinə gedib-gəlməyimizə baxmayaraq nə bizi qəbul edən var, nə də dərdimizi dinləyən. Yalnız mühafizə və texniki işçilərlə gah “bizim sizə borcumuz yoxdur, gedin kimə istəyirsiniz şikayət edin”, gah “Gözləyin, dövlət bizə pul ayıracaq, biz sizin borcunuzu qaytaracağıq”, bəzən acıqlı olanda isə “gedin pulunuzu Aktaudan alın” sözlərini çatdırırlar. Zavodun rəhbəri Rasim Məmmədov bizi qəbul etmir, ümumiyyətlə belə bir öhdəliyinin olmadığını deyir. “Aktau Steel” zavodunun baş direktoru Rahib Məmmədovun (Rasim Məmmədovun əmisioğludur) da nə qəbuluna düşmək mümkündür, nə telefon əlaqəsi yaratmaq. Bir sözlə bir qrup mütəxəssis Allahın ümidinə qalıb.
Hörmətli Cənab Prezident,
Bizim haqqlarımız və əmək hüquqlarımız kobud şəkildə pozuldu və bu günə kimi hər hansı bir müsbət dəyişiklik yoxdur. Ailə vəziyyətimizlə əlaqədar olaraq, eyni zamanda uzun müddət işləməməyimiz və zavod rəhbərliyinin yalançı vədlərinə görə böyük məbləğdə borcumuz yaranıb, acınacaqlı vəziyyətdəyik. Hamımız ailə sahibiyik, heç bir yerdə işləmir, dövlətdən əlavə müavinət almırıq. Buna görə Sizdən xahiş edirik ki, “Baku Steel Company” şirkətinin rəhbərliyi tərəfindn pozulmuş hüquqlarımızın bərpası üçün bizə dəstək ola, problemin tezliklə həll olunmasına təsir edəsiniz. Bizim istəyimiz çox deyil. Biz, yarımçıq qalmış işə görə kompensassiya, istifadə olunmamış məzuniyyət pullarını və əmək haqlarımızı istəyirik. Bu, bizim Sizə ikinci müraciətimizdir. İlk müraciətimiz Əmək Müfəttişliyinə yönəldilmiş, onlar isə problemi sona qədər həll etməmiş və ya etmək istəməmişlər.
Bizim ümidimiz yalnız Sizə qalıb, Cənab prezident, bizə kömək edin.

İmza:
“Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı,
(müraciətin orijinalı əlavə olunur)

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …