Cümə , 29 Mart 2024
Drone Cameras

Basqınla ev dağıdıb, pul tələb edən icra nümayəndələri, ağlayan qadınlar və uşaqlar… -VİDEO

Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri, Ramana qəsəbəsi ikinci sahə adlanan ərazidə yaşayan sakin Vüsal Səmədovun həyətinə basqın edib, yeni tikdiyi evini söküblər.

Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri, Ramana qəsəbəsi ikinci sahə adlanan ərazidə yaşayan sakin Vüsal Səmədovun həyətinə basqın edib, yeni tikdiyi evini söküblər. V.Səmədov məsələ ilə bağlı redaksiyamıza məlumat verdikdən sonra musavat.com-un əməkdaşı olaraq dərhal hadisə yerinə yollandıq. Biz əraziyə çatdığımız zaman artıq icra nümayəndələri öz “işlərini” bitirib, “Niva”larına minərək oradan uzaqlaşmışdılar. Onların ardında isə gözüyaşlı uşaqlar və uçurulmuş ev qalmışdı…

Hadisə yerinə çatdığımız zaman müşahidə etdik ki, xanımlar, uşaqlar ağlayırlar. Kişilər isə evin ədalətsiz şəkildə sökülməsindən şikayətlənirdilər. İlk olaraq ev sahibi Vüsal Səmədovla söhbət edib, nə baş verdiyini öyrənməyə çalışdıq.

V.Səmədov çarəsiz şəkildə bildirdi ki, məndən 5 min manat istəyirlər: “Səhər evdə oturmuşdum, gördüm ki, 3-4 ədəd “Niva” gəlib, qapımın ağzında dayandı. Maşınlardan düşənlər dedilər ki, biz Sabunçu rayon İcra Hakimiyyətinin işçiləriyik. Onlarla birlikdə neft şirkətinin əməkdaşları da gəlmişdilər. Dedim ki, xoş gəlmisiniz, buyurun. Sual verdilər ki, bu tikilən ev kimindir? Mənim olduğunu söylədiyimdə cavab verdilər ki, gözlə, indi rəhbərimiz Şamil müəllim gələcək. Girdilər həyətimizə, heç bir sorğu-sualsız başladılar, evi sökməyə… Nə sənəd istədilər, nə də hansısa rəsmi bir qərar tələb etdilər. Özləri də bizə heç bir sənəd göstərmədilər. Elə həyətə daxil olub, açıq şəkildə dedilər ki, niyə bizə pul verməyib, ev tikmisən. Pulun miqdarının nə qədər olduğunu soruşanda isə cavab verdilər ki, bir mərtəbə üçün 3 min manat, iki mərtəbəli tikili üçün də 5 min manat ödəməlisən. Bu qədər pulun olmadığını və hansı səbəbdən verməli olduğumu soruşanda isə cavab verdilər ki, pulu verməlisən, ya da evi sökürük. Başladılar, daşları bir-bir uçurmağa… Həyətdə qadınlar, uşaqlar da vardı. Onlarla da kobud davranıb, qollarından tutub kənara itələdilər. Daşın biri həyat yoldaşımın ayağına düşdü. Hamımızın üstünə hücum çəkirdilər ki, biz onlara əl qaldıraq. Ancaq onların məqsədini başa düşüb, bunu etmədik. Daşların bir hissəsini söküb, sonra qəfil maşınlarına minib aradan çıxdılar. Bizə də dedilər ki, pulu gətirməsəniz, texnika gətirib tikilini tamamilə sökəcəyik”.

Sakin bildirdi ki, həyətində illər öncə tikdiyi kiçik evinin də yalnız bələdiyyə sənədi var: “Ümumiyyətlə, burada heç bir evin sənədi yoxdur. Hamıda bələdiyyə sənədidir. Necə olur ki, burada villa tikənlərin evini sökmürlər, gəlib mənim kiçik daxmamı uçururlar? Evi öz həyətimdə tikirəm. Torpağı da uzun müddət bundan öncə almışam. Mənə deyirlər ki, konkret olaraq pul verməlisən. Dedilər ki, biz heç kimi saymırıq, tanımırıq. Konkret olaraq bu sözü mənə Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev söylədi”.

Biz orada olduğumuz zaman SOCAR-ın da əməkdaşları ərazidə idilər. Lakin onlar söylədilər ki, məsələ bizlik deyil. Sakinlər də təsdiqlədilər ki, evi söküb, onlardan pul tələb edənlər icra hakimiyyətinin işçiləridir: “Burada neftin də ərazisi var. Ancaq konkret olaraq bizim evin yerinin neftə heç bir aidiyyəti yoxdur. İndi getsələr də, yenə gələcəklərini söylədilər. Siz gələnə qədər biz baş verənləri telefonumuzla çəkirdik. Çünki onlar qadınlara əl qaldırır, kobudluq edirdilər. Video çəkdiyimizi görüb, bizim də üstümüzə hücum etdilər”.

Ev sahibi söylədi ki, daha öncə icra nümayəndəliyindən gəlib, tikili ilə maraqlanmayıblar: “Artıq evin üstünü bağlamağa hazırlaşırdıq. Bu vaxta qədər isə heç bir icra nümayəndəsi gəlib, tikinti ilə maraqlanmayıb. Bunu da planlı şəkildə edirlər ki, biz evi tikək, üstünü bağlayaq, sonra bunlar gəlib sökməklə bizi qorxudub, pul alsınlar. Tələbləri də ancaq və ancaq puldur. Başqa heç nə istəmirlər. 3 körpə uşağa baxıram. Şəxsi həyətimdə ev tikirəmsə, nə üçün kiməsə 5 min manat verməliyəm?”

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa cəhd etdik, lakin buna nail ola bilmədik.

Qeyd edək ki, aşağıdakı videonu sakinlər özləri çəkərək, redaksiyamıza təqdim ediblər. (Musavat.com)

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir