Cümə , 19 Aprel 2024
Drone Cameras

Baydenin xarici siyasətdə demokratiya siyasəti dünya dövlətləri ilə münasibətlərə nə vəd edir…

Samir Adıgözəlli: “Belə hədələyici ton və ortaya qoyulan qərəzli faktlar ABŞ-ın digər ölkələrlə gələcək münasibətlərinə mənfi təsir göstərə bilər”

ABŞ Dövlət Departamenti çərşənbə axşamı dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Hesabatda ölkələrin vətəndaşları ilə seçki məntəqəsindən tutmuş iş yerlərinə kimi necə rəftar etdiyi təhlil olunub. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki,  açıqlanan hesabat göstərir ki, insan haqları sahəsindəki tendensiya yanlış istiqamətə doğru gedir: “Biz bunun dünyanın hər bir regionunda baş verdiyinə dair dəlillər görürük.”

Blinken Çin hökumətinin dini və etnik azlıq qruplara qarşı rəftarını “soyqırım” adlandırıb.

Hesabatda Rusiya və Belarus kimi ölkələrdə jurnalist və tənqidçilərə qarşı zorakılıqların olduğu və onların həbs edildiyi bildirilir. Dövlət katibi deyib ki, ABŞ bundan sonra insan haqlarını pozan ölkələrin məmurlarına qarşı sərt davranmağı düşünür. Bu yöndə o, hətta ciddi sanksiyaların tətbiq ediləcəyini də istisna etməyib. Göründüyü kimi, ABŞ insan haqları ilə bağlı daha sərt mövqe nümayiş etdirmək qərarına gəlib. Təbiidir ki, bu siyasət onu bir çox ölkələrlə qarşı-qarşıya gətirməli olacaq. Hesabatda Cənubi Qafqaz ölkələri ilə də bağlı tənqidi məqamların olduğunu nəzərə alsaq, maraqlı sual  yaranır: bundan sonra ABŞ-ın insan haqlarını pozduqlarını əsas gətirərək sərt tənqid etdiyi ölkələrlə münasibətləri hansı səviyyədə olacaq?

Boyukmillet.com xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada insan haqlarının qorunmasına çalışmaq gözəl işdir: “Heç bir normal ölkə buna qarşı çıxa bilməz. Ancaq bu heç də o demək deyil ki, həmin istiqamətdə olan mübarizə yalnız ABŞ-ın özünün inhisarında olmalıdır. ABŞ əvvəl də bu kartdan istifadə edib, dünya ölkələri üzərində hegemonluğunu təmin edirdi. Onunla bir araya gəlməyən ölkələrə qarşı  “demokratiyanı pozurlar” bəhanəsini gətirib, həmin dövlətlərə ciddi təzyiqlər göstərirdi. Obyektiv yanaşsaq, ABŞ-ın özündə də demokratiya ideal səviyyədə deyil. Orada etirazçılarla polisin necə rəftar etdiyini biz görmüşük. Son prezident seçkilərində ciddi saxtakarlıqların olduğu ilə bağlı ortaya ciddi arqumentlər qoyulur. Bu sahədə nizim-intizam yaratmaq istəyən ölkənin özü gərək demokratiyada yaxşı nümunə olsun. ABŞ-ın yeni hakimiyyətinin demokratiya ilə bağlı  hesabatında qərəzli məqamların şahidi oldum. Xüsusilə də bizimlə bağlı hissədə maraqlı detallara rast gəlinir. Azərbaycanda müharibə ilə əlaqədar sentyabrın 28-dən dekabrın 1-dək hərbi vəziyyət elan olunması ilə bağlı məqam ciddi tənqid edilir. Təbii ki, ölkədə hərbi vəziyyət elan olunması haqda haqlı qərar verilib. Bu fərman barədə qanunvericiliyə uyğun olaraq qabaqcadan insanlar məlumatlandırılıb. Niyə ABŞ hüquqları tapdalanan milyonlarla insan, viran qoyulan ərazilərlə bağlı detalları öz hesabatına salmayıb?”

Ekspertin sözlərinə görə, bütün bunlar ABŞ-ın insan haqlarının qorunması sahəsindəki  mübarizəsinə çox da obyektiv başlamadığını şərtləndirir: “Hesab edirəm ki, belə hədələyici ton və ortaya qoyulan qərəzli faktlar ABŞ-ın digər ölkələrlə gələcək münasibətlərinə mənfi təsir göstərə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …