Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

“Bayram ifadəsi birmənalı olaraq Türk sözüdür” – Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla MÜSAHİBƏ

Həsən Həsənov – Çağdaş Azərbaycan siyasətinin mogikanlarından biri. Dövlət xadimi, diplomat, tarixçi, alim, millətinə, milli kimliyinə bağlı AZƏRBAYCAN-TÜRK aydını.
Turkustan.info Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun APA-ya müsahibəsini təqdim edir.

 

– Həsən müəllim, Novruzun artıq bayram günləri başlayıb. Fevralın 20-də ilk çərşənbə axşamı qeyd olundu. İstərdik düşüncələrinizi bölüşəsiniz.

 

– İlk olaraq deməliyəm ki, bütün dövrlərdə yer üzündə illik dəyişikliklər insanlarda böyük təəssürat yaradırdı. Onlar bu möhtəşəm dəyişikliklərin səbəbləri haqqında daim düşünürdülər. Bu səbəbdən Yaz gəlişi ilə yeni ili qeyd etmək ənənəsi bir çox qədim və müasir xalqlara mənsubdur. Qədim zamanlarda bu təntənə ölən və dirilən tanrıya həsr olunurdu. Qədim misirlilər üçün, bu Osiris, frikyalılar üçün Attis, Qərbi Asia xalqları üçün Tamuz, suriyalılar və babillilər üçün Adonis idi. Yunanlar e.ə. VII əsrdə Adonisi, bir müddət sonra Romalılar Frigiyalılardan Attisi mənimsəmiş və yeni ili Yaz gəlişi ilə qeyd edirdilər. Yazı təntənəli şəkildə qarşılamaq ənənəsi bu günlərimizə qədər bir çox xalqlarda davam edir. Deməli bu ideyanın meydana çıxmağını hansısa xalqa və yaxud şəxsə şamil etmək olmaz. Beləliklə aydın olur ki, Yazgəlişi mərasimlərinin mahiyyəti eyni olsa da, adları, detalları, qədim zamanlarda olduğu kimi, indi də müxtəlifdir. Hər xalqın Yazın gəlişi təntənəsinə öz baxışı, öz yozumu var.

 

– Novruzu bəzən kiminsə ölümü, kiminsə taxta çıxmağı, kiminsə kiminləsə görüşü ilə əlaqələndirirlər. 

 

– Belə məlumatlardan xəbərim var. Sadalananlar şəxslərin və tarixi hadisələrin bayramı ola bilərlər, lakin təbiət Bayramı üçün əsas ola bilməzlər. Mənim demək istədiklərim ancaq və ancaq Azərbaycanlıların Novruz-Bayramına aiddir. Bizim Novruz-Bayramı insanların şəxsi taleyi ilə deyil, astronomiya elmində izah olunan hadisələrlə bağlıdır.

 

– Astronomiya elmində türk xalqlarının, konkret olaraq azərbaycanlıların həmin astronomik hadisələrlə bağlılığı haqda nə isə deyilirmi?  

 

– Bəli, deyilir. Bildiyiniz kimi, illər hər hansı heyvan üzərində təhvil olunur. Misal üçün üzümüzə gələn il Xoruz ilidir. Bu ənənə sadəcə heyvanlar siyahısından deyil, qədim təqvimlərin ənənəsindən irəli gəlir. Oniki  illik heyvanların adı ilə adlanan təqvim iki xalqda məlumdur: çinlilərdə və türklərdə. Müasir dünya elmində bunu daha çox çin ənənəsi ilə bağlayırlar, lakin Nəsrəddin Tusi özünün astronomik əsərlərinin birində xüsusi qeyd edir ki, çinlilər və türklərin təqvimləri arasında həqiqətən də oxşarlıq var, lakin əslində bunlar fərqli təqvimlərdir. Tusi türklərin təqvimini “bizim təqvim”, çinlilərin təqvimini isə “onların təqvimi” deyərək təhlil edir. Mahmud Qaşqarlı da həmin təqvimi türk təqvimi kimi qələmə verir və hansısa Xaqan tərəfindən yarandığını qeyd edir.  Həmçinin Mahmud Qaşqarlı 12 illik təqvimi 12 Bürclə bağlayır. Qədim alimlərin dediyinə görə, insanlarda olduğu kimi, hər dövlətin də taleyi bürclərlə bağlıdır. Biruni xüsusi vurğulayır ki, Azərbaycan adlı dövlət məhz Qoç/Həməl/Aries/Oven bürcü himayəsindədir. Azərbaycanın himayədarı olan bürcün xüsusiyyəti ondan ibarətdir ki, Günəş məhz Qoç bürcünə daxil olanda gecə ilə gündüz bərabərləşir, Yaz və Yeni il gəlir.

 

– Novruzun da bilavasitə Zərdüşti bayramı olduğu haqda çoxlu fikirlər var. Bu haqda nə deyə bilərsiniz?

– Zərdüştilik adlandırdığınız dinin bayramları haqda cəm şəklində məlumatı zərdüştiliyin əsas tədqiqatçısı olan Meri Boys verir. Onun dediyinə görə zərdüştilərin altı əsas bayramları var: Maidyoy-zaremaya (Yazın ortası), Maidyoy-şema (Yayın-ortası), Paitişaxya (Məhsul yığımı bayramı), Ayatrima (Sürülərin yaylıqdan qayıtmaq bayramı), Maidyaitya (Qışın ortası), Xamaspatmaedaya (Fravarşi şərəfinə ziyafət).

 

– Bəs Novruz bu siyahıda yoxdur?

 

– Bəli, mənbələrin verdiyi məlumatlarda zərdüştilərin Novruz adında bayramı sadalanmır. Sadəcə Meri Boys zəmanəmizin reallığına əsaslanaraq qeyd edir ki, Novruzu  da Zərdüşti bayramlarının siyahısına yeddinci olaraq əlavə etmək lazımdır. Yəni, bir növ süni olaraq, sonradan yaranmış ənənəni əvvəlki hadisələrə şamil edir.

 

– Novruz bayramının əsas hadisəsi Od çərşənbəsi, Od qalamaq, Odun üzərindən tullanmaq, yəni bunlarda Zərdüşti ənənələri deyil? 

 

– Xeyir, deyil! Od çərşənbəsini qeyd etmək, həmin gün Od qalamaq, xüsusən də Odun üzərindən tullanmaq qəti şəkildə Zərdüşti ənənəsi deyil. Zərdüştilər Yazın gəlişi ilə Od qalamırlar və Odun üzərindən nəinki tullanmırlar, hətta sadəcə üstündə dayanmağı günah sayırlar. Zərdüştilərin əsas kitablarından olan Bundaxişnda yazılıb ki, “Dey ayında hər yerdə od yandırılır, bu da o deməkdir ki, qış gəlib”. Dey ayı müasir təqvimdə dekabrın 22-dən yanvarın 22-nə şamil olunur. Deməli Zərdüşti ənənəsinə görə Od yazın gəlişi ilə deyil, qışın gəlişi ilə hamılıqla yandırılır. Zərdüştilərin Saleh Viraz haqqında kitabında yazılıb ki, o dünyada (yəni öləndən sonra), o insan cəza alır, hansı ki, yaşadığı dövrdə “odu özünün altında yerləşdirir və öz bədənini odun üzərində tutur”. Deməli, Zərdüşti qaydalarına görə odun sadəcə üstündə olmaq günahdır. Biz isə Novruz bayramında odu yandırıb onun üzərindən tullanırıq. Bu necə də Zərdüşti bayramı ola bilər?

 

– Bəs türk xalqlarının odla münasibətləri nə şəkildə idi? 

 

– Herodotun dediyinə görə türk əsilli skiflərin Kol – yəni Qor adlı ilk çarları, hakimiyyətə ona görə layiq görülmüşdü ki, o, Odu ram etmişdi. Skif Panteonunun Tabiti adlı ilahisi olub. Onu tədqiqatçılar Od tanrısı kimi qəbul edirlər. O ki qaldı sonrakı türk xalqlarının odla münasibətinə, bu haqda Bizans tarixçisi Menandr 586-cı ildə Bizansların türk Xaqanının yanına gəlişi haqda xəbərlərdə yazır. O deyir: “Bədbəxtçiliyi dəf etmək keyfiyyətinə malik bir neçə nəfər bizanslılara yaxınlaşıb onların gətirdikləri hər şeyi birlikdə yığdılar, sonra sidr ağacının budaqlarından od qaladılar. Odu əcnəbilərin əşyaları üzərində tutub skif dilində nəsə pıçıldadılar. Sonra yanar sidr budağını əllərinə alıb əcnəbiləri odun arasından keçirdilər. Onlar bərkdən şər qüvvələrə hədə qorxu gəldilər. Əcnəbini odun arasından keçirdərək onu bütün şər qüvvələrdən azad etdilər. Türklər odla paklaşırdılar. Ancaq bu mərasimdən sonra əcnəbi pak oldu və Xaqanın hüzuruna gəldi”. Menandrın “türklər odla paklaşırdılar” fikri Novruz bayramı mərasimində odun üstündən tullanaraq, “Ağırlığım-uğurluğum bu tonqalda qalsın!” sözləri ilə necə də eyni səslənir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müasirlərimiz arasında “…uğurluğum bu tonqalda qalsın!” ifadəsi anlaşılmazdır. Daha düzgün yozumu professor Bəşir Əhmədov verir. O deyir ki, əslində “Ağırlığım-yorğunluğum bu tonqalda qalsın!” deyilirdi. Bəşir Əhmədovun dediyindən belə nəticə çıxarmaq olar ki, bir çox halda olduğu kimi, bu fikir də nə vaxtsa təhrifə uğrayıb.

 

– Bəs deyilənə görə “Novruz” sırf fars sözüdür, bu ifadə necə yaranıb?

 

– Novruz sözünün mənşəyi bir mənalı deyil. Sözün mənşəyini izah edənlər adətən deyillər ki, sözün mənası fars dilində “yeni gündür”. Bu belədir. Lakin fars dilini bilənlər yaxşı bilirlər ki, fars dilində “Yeni gün” “Novruz” deyil, “Ruzino”-dur.

 

– Bu sözlər arasında fərq nədən ibarətdir?

 

– İfadələrin ikisinin də tərkibində “no/yeni” və “ruz/gün” sözləri var. Sadəcə “Ruzino” fars sözləri və fars qrammatikası əsasında formalaşan ifadədir. “Novruz” isə fars sözlərinin Azərbaycan dilinin qrammatik qaydaları əsasında düzümü nəticəsində yaranıb. Beləliklə, Novruz sözünü birmənalı olaraq fars ifadəsi kimi qələmə vermək səhvdir. Novruz/Nouruz/Noruz ifadəsindən hal-hazırda həm türk, həm irandilli xalqlar hərə öz sözü sayaraq istifadə edir. Bu da ondan irəli gəlir, ki, novruz/nouruz/noruz sözü fars və türk dillərinin qovuşması nəticəsində yaranan sözdür.

 

– Siz dediniz ki, yaz gəlişi ilə yeni ili qarşılamaq ənənəsi müxtəlif xalqlarda var. Bəs bunlar arasında Novruzun mahiyyətində fərq varmı?

 

– Milli mənsubluğu göstərən bayramın mahiyyəti deyil, mərasimlər silsiləsidir. Yəni, həmin bayram hansı adət-ənənələrdən ibarətdir. Azərbaycanlıların və ümumiyyətlə türk əsilli xalqların yeni ili Yaz gəlişi ilə qarşılamaq bayramı hər hansı başqa xalqların adətlərindən köklü fərqlənir.

 

– Bu fərqin əsas mahiyyəti nədən ibarətdir?

 

– İlk əvvəl adı. Misal üçün ərəblər “İd al-Fitr” və “İd al-Adxa” adlandırdıqları təntənələrə azərbaycanlılar müvafiq olaraq “Ramazan bayramı” və “Qurban bayramı” deyirlər. Bu müqabildə biz Yazla gələn yeni il mərasiminə sadəcə Novruz demirik. Biz adətən Novruz bayramı deyirik. Qədim dövrdə isə sadəcə bayram deyilirdi. İndiki zamanda “bayram” sözünü deyilişdə inkar etmək bir növ, ənənənin milli mənsubluğunu inkar etmək deməkdir.

 

– Yəni “bayram” sözü bizim yeni il tədbirlərimizə milli mənsubiyyət verir?

 

– Bəli. Bayram ifadəsi, bir mənalı olaraq türk əsilli sözdür və iki hissədən ibarətdir. “Bay” və “Aram”. Mahmud Qaşqarlının dediyinə görə “Bayat/Bay” türklərin ən qədim tanrılarından birinin adıdır. Uluqbəy yazır ki, orta əsrdə türklər birinci aya Aram deyirdilər. Uyğurlarda indi də “Aram” yazın ilk ayı kimi işlədirlər. O ki qaldı Aram sözün mənasına lüğət məlumatlarına görə “aram” rahatlıq, istirahət deməkdir, “urum” “təbii, otlaq” deməkdir. Qədim uyğur dilində “uram” “gerçək hədiyyə” deməkdir. Yəni Bayram ifadəsinin mahiyyəti “Bay tanrıdan təbii otlağ”, yaxud “Bay tanrıdan yazın gəlişi”, və yaxud “Bay tanrıdan istirahət günləri”, “Bay tanrıdan gerçək hədiyyə” kimi versiyalar ola bilər. Deməli Bayram sözü, yazın gəlişi ilə bağlı yaranıb. Sonralar isə Bayram sözü daha geniş məna kəsb edib və hər hansı təntənəyə şamil olunub.

 

– Başqa xüsusiyyətlər də var?

 

– İkinci vacib xüsusiyyət ondan ibarətdir ki, azərbaycanlıların Novruz bayramı səkkiz bayram günündən ibarətdir. Başqa xalqlarda bu xüsusiyyətə rast gəlinmir.

– Axı indiki zəmanədə bizdə belə ənənə yoxdur. Bunu kim təsdiqləyir?

 

– Bu ənənəni görkəmli folklorçumuz Məmmədhüseyn Təhmasib araşdırıb və qələmə alıb. Onun dediyinə görə, dörd çərşənbə “doğru üsgü”, üç çərşənbə “oğru üsgü” adı altında birləşdiriliblər və səkkizinci bilavasitə bayram, yəni yeni ili qarşılamaq günüdür. El arasında belə ənənə əsrlərlə olub. Sadəcə, bayram günlərimiz ixtisara salınıb. Ola bilər ki, zaman getdikcə, nə vaxtsa insanların məişət problemlərinin artması buna səbəb olub.

 

– Ümumi şəkildə çərşənbələr haqda nə deyə bilərsiniz?

 

– Çərşənbələrin adına, mənşəyinə, ardıcıllığına aid Azərbaycan alimləri arasında fikir ayrılığı var. Bu o deməkdir ki, hələlik kiminsə fikrində birmənalı dayanmaq olmaz. Başqa sözlə desək bu mövzuda elmi araşdırmalar davam etməlidir. Mən də araşdırma apararaq bir nəticəyə gəlmişəm və bunu versiyalardan biri sayıram. Düşünürəm kimsə, bütün versiyaları sistemləşdirib çərşənbələr problemini, orta məxrəcə gətirər.

 

– Olarmı doğru və oğru çərşənbələrin mahiyyəti haqqına versiyanızla bölüşəsiniz?

 

– “Doğru” ifadəsi ilə birləşdirilən dörd çərşənbə, göy güşəsinin/səmanın aydınlaşmasıdır ki, bu da Göy çərşənbəsidir. Lakin bəzən yel/külək və ya hava çərşənbəsi də deyirlər. Simokatta da türklərin şərəfləndirdilkləri ünsürlər arasında hava ilahəsinin olduğu haqda xəbər verir. Başqa “doğru” bayram günlərindən suların buzlardan azad olunması (Su çərşənbəsi), torpağın canlanması (Torpaq çərşənbəsi), havaların isinməsi (Od çərşənbəsi) ilə əlaqədar şənliklərdir. “Oğru” adı ilə birləşdirilən üç çərşənbə xalqımızın üç adət-ənənəsi ilə bağlıdır. Biri insanların bir-birinə sovqat verməsinə həsr olunmuş çərşənbə. İkincisi əcdadların yad edilməsi, bəziləri bunu “Ölü çərşənbəsi” və ya “Qara çərşənbə” adlandırırlar. Üçüncüsü tale (fala) baxılmasıdır ki, buna “Xəbərçi çərşənbə” deyilir. Bu çərşənbələr indiki zamanda, daha çox hallarda bayram günü çərçivəsində qeyd olunurlar. Ola bilsin ki, bunlar nə vaxtsa müstəqil çərşənbə şəklində qeyd edilib. Bu şənliklərin doğru çərşənbələrdən öncə, ya sonra olduqları haqda da fikir ayrılığı var. Yəni elmi araşdırmalara, yeni arqumentlərə ehtiyac var.

 

– Tam aydınlıq üçün “doğru” və “oğru” sözlərinin mənşəyi haqda da fikrinizi bilmək istərdik.

 

– “Doğru” sözü haqqında Mahmud Qaşqarlı və Yusif Balasaqunlu deyiblər ki, onun mənaları “düz”, “düzgün”, “düzəltmək”dir. Məlumdur ki, doğulmaq sözü də doğru sözü ilə bağlıdır. “Oğru” sözünün, qədim türk dillərində bir neçə mənası var (oğru, gizli, səbəb), lakin Novruz bayramı çərşənbələrinə uyğun gələn məncə X əsrə aid Seli Tudunqun əlyazmasında verilən “hisslər” mənasıdır. Beləliklə, “doğru çərşənbələri”nin “təbiətin düzəlməsi”, yəni təbiətin oyanışı, “Oğru çərşənbələri”nin isə insan hissləri (yəni adətləri) ilə bağlı olmaları haqda düşünməyə əsas yaranır.

 

– Beləliklə, səkkiz bayram günü. Səkkiz rəqəmi nədən irəli gəlir?

 

– Mən apardığım tədqiqatlara əsaslanaraq israrlıyam ki, Novruz bayramının səkkiz rəqəmi ilə bağlantısı qədim türk əsilli skiflərin səkkiz tanrılı Panteonu ilə əlaqədardır. Bu tanrıların adı, səlahiyyətləri və yunan tanrıları ilə eyniliyi haqda əsaslı məlumatı e.ə. V əsrdə yaşayan yunan tarixçisi Herodot verib. Mən də onun məlumatlarını əsas olaraq götürmüşəm.

 

– Səkkiz bayram günümüzün skiflərin səkkiz tanrı ilə bağlılığı məlum oldu, bəs bu tanrıların yeddi çərşənbə və səkkizinci bayram gününün mahiyyəti ilə bağlılığı nədən ibarətdir?

 

– İlk olaraq qeyd etməliyəm ki, skiflər Uzaq Şərqdən Şərqi Avropaya qədər ərazilərə hakim idilər. Azərbaycana skiflər e.ə. VII əsrdə gəlmiş və burada özlərinin Skif çarlıqlarını yaratmışdırlar. Azərbaycanlıların Novruz bayramının səkkiz bayram günü türk əsilli skiflərin səkkiz tanrısı ilə bağlıdır: Göy çərşənbəsi – skiflərin Göy tanrısı Papeylə (Baba), Yer çərşənbəsi skiflərin yer tanrısı Apiylə (Çuvaşlar Api anaya deyillər), Su çərşənbəsi skiflərin su və atların himayədarı olan tanrı Tağımasadla (qədim türk dilində Tağı-sürü, ad-su deməkdir), Od çərşənbəsi skiflərin Od tanrısı Tabitiylə (Azərbaycan dilində təpitmə sözü var). Bununla Doğru çərşənbələri bitir. Beşinci bayram günü skiflərin Günəş tanrısı Qoytosirə həsr olunub. (Qayıt-Osir, doğan və batan günəşin simvoludur). O ki qaldı “Oğru çərşənbələr”ə, bunlar skiflərin daha üç tanrısı: Qor tanrısı – əcdadların ruhunu əks edən (Qorqud-Qor tanrısının peyğəmbəri olub), Arqimpasa tanrısı – falabaxanların hamisi, Gərəkli tanrısı – qurbangahların hamisi (Balakən rayonunda indidə Gərəkli adlanan yerdə Pir sayılan Ağac bitir). Sadalanan tanrılar mənaca iki qrupa bölünür. Beşinin təbiətlə (Göy/Səma, Torpaq, Su, Od, Günəş), üçünün (Əcdadların ruhu, Falabaxma, Qurban vermə) xalq ənənələri ilə bağlılığı müşahidə olunur.

 

– Söylədikləriniz çox qədim zamanlardı, bəs sonrakı dövrdə türk xalqlarının inancları bunlara nə dərəcədə uyğun gəlirdi?

 

-Skiflərdən təxminən on iki əsr sonra, VII əsrin əvvəllərində yaşamış Bizans tarixçisi Simokatta yazır: “Türklər ilk əvvəl odu hər şeydən uca dəyərləndirirlər, havanı və suyu şərəfləndirirlər, torpağa alqışlar deyirlər və göyü və yeri yaradan tanrıya sitayiş edirlər”. Musa Kaqankaytuklunun bizim bilavasitə əcdadlarımız olan türk əsilli albanların və hunların xristianlığı IV əsrdə qəbul etdikləri dövrə aid, sadaladığı tanrılar skif tanrıları ilə üst-üstə düşür. Bəzi tədqiqatçıların fikrincə, qədim türklərdə ilahi qüvvə Tanrı adlanıb, o birilər isə Yiyə. Qədim lüğətlərdə sonunculara “iga” və “iya” da deyiblər. Bu mövzunun üzərində ətraflı dayanmayacağam, sadəcə qeyd etmək istərdim ki, qədim türkdilli mənbələrdə “Ay tanrı”, “Yaşın tanrı/İldırım tanrısı”, “Yel tanrı”, “Gün tanrı” adlı çoxsaylı məlumat var. Müasir türkçülük elmində türk politeizmini “Tengrianizm”, yənı “Tanrıçılıq” adlandırırlar.

 

– Belə halda sadaladığınız tanrıları niyə məhz çərşənbə axşamı günü xatırlayırdılar?

 

– Sovet türkşünaslığının banilərindən olan A. Samoyloviç azərbaycanlılarda həftə günlərinin adları adlı tədqiqat aparmışdı. Həmin günün regionlarımızda olan müxtəlif adları haqqında məlumat toplamışdı: tək, təxçə, xass, salı, tuz/duz, ben-umma günü və nəhayət çərşənbə axşamı. Lakin bunlarla kifayətlənməyib, bir çox türk xalqlarında çərşənbə axşamı günü ilə əlaqədar məlumat toplamışdı. Onun dediyinə əsaslanaraq qeyd etmək olar ki, həmin gün bütün türk xalqlarında xüsusi qeyd olunan gündür. Çərşənbə axşamı gününə indiki zamanda Rusiya ərazisində yaşayan türklər “sərbəst gün”, Suriya türkləri “istirahət, tətil, bayram günü” deyirdilər. Tədqiqatçı bildirir ki, osmanlı türkləri, bosniyalılar, qaqauzlar, Krım tatarları və noqayların “Salı gün” dedikləri sözün mənası V. Radlova istinadən “bayram”, Redqauza istinadən “xüsusi gün”, Qordlevskiyə istinadən “toplantı günü”dür. Çuvaşların həmin günə verdikləri məna “əlavə bayram”dır. A. Samoyloviçin dediklərinin son nəticəsi odur ki, çərşənbə axşamı günündə hansısa qədim ənənənin izi var. Biz isə deyə bilərik ki, bu, azərbaycanlıların qeyd etdiyi Novruz bayramının izidir.

 

– Bəs sizin fikrinizcə, çərşənbə axşamı günlərinin bayram təntənələri üçün seçimi nədən irəli gəlib?

 

– Sualınıza cavab vermək üçün qədim dövrə müraciət etməliyəm. Dünya mifologiyasında, həmçinin Nizamidə çərşənbə axşamı Mars tanrısına həsr olmuşdu. Etrusklar və onlardan sonra uzun müddət romalılar yeni ili Marsa həsr olunmuş Mart ayında qarşılayırdılar. Etruskların tədqiqatçıları isə israrlıdırlar ki, Mart əslində etrusk mifologiyasında Yaz tanrısı olub (sonralar romalılar onu müharibə tanrısı kimi qəbul etdilər).

 

– Son olaraq nə demək istərdiniz?

 

– Azərbaycan alimləri Novruz bayramına aid yüzlərcə məqalə, onlarca kitab yazıblar. Novruz bayramı mövzusuna xidmət göstərən hər bir alimimizə hörmətlə yanaşıram. Mənim müsahibəm mətbuat üçün olduğundan onlara geniş istinad etmək imkanım yoxdur. Mən bu müsahibəmlə yalnız azərbaycanlıların Novruz bayramının özünə məxsus olduğunu və zərdüştiliyə aid olmadığını göstərmək məqsədi güdürəm.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir