Cümə , 22 Noyabr 2024
Drone Cameras

Belarus ölkəmizdə ədliyyə sahəsində islahatlara və innovasiyalara maraq göstərir

Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair müxtəlif sahələri əhatə edən sənədlər, o cümlədən ötən ilin noyabrında ədliyyə naziri Fikrət Məmmədovun Belarusa səfəri zamanı yeni Əməkdaşlıq Proqramı imzalanaraq uğurla həyata keçirilir, faydalı təcrübə mübadiləsi aparılır.

Ölkəmizdə ədliyyə sahəsində aparılan islahatlara və tətbiq olunan yeniliklərə böyük maraq göstərilərək bu sahədə müsbət təcrübəmizlə tanış olmaq məqsədilə Belarus ədliyyə nazirinin birinci müavini xanım Nataliya Filippovanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə gül dəstələri qoyub, Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Nümayəndə heyəti Azərbaycanın ixrac edilən brendi olan “ASAN xidmət” və DOST mərkəzlərində olub, onların fəaliyyəti tanış olaraq heyranlıqlarını bildirib, dövlət xidmətləri sahəsində yeni təcrübə əldə etdiklərini söyləyiblər.

Qonaqlar rəqəmsal ədliyyə, elektron və mobil ədliyyə xidmətlərinə, süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platformasına böyük maraq göstəriblər. Bununla bağlı nazirlikdə geniş təqdimat keçirilib, həmçinin DOST mərkəzində “ƏNTEZ”-in fəaliyyəti ilə əyani tanışlıq olub.

Səfər zamanı Ədliyyə Nazirliyində Belarusun nümayəndə heyəti ilə ədliyyə naziri F.Məmmədovun görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlıq münasibətlərinin müxtəlif, o cümlədən hüquqi sahədə inkişafından məmnunluq ifadə olunub, Ədliyyə nazirlikləri arasında səmərəli qarşılıqlı fəaliyyətə toxunularaq bu əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.

Ədliyyə naziri ötən ilin sonunda Belarusa məhsuldar səfərini xatırladıb, ölkəmizdə ədliyyə sistemində aparılan islahatlar, o cümlədən vətəndaşlara xidmət sahəsində tətbiq olunan innovasiyalar barədə məlumat verib, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən qonaq ölkələrimiz arasında hüquqi sahədə səmərəli əməkdaşlığı vurğulayıb, Ədliyyə Nazirliyinin vətəndaşlara xidmət sahəsində fəaliyyətini yüksək qiymətləndirib.

N.Filippova səfərlə bağlı yüksək təəssüratları ilə bölüşərək bildirib ki, elektron xidmətlərin tətbiqində ölkəmiz mühüm nailiyyətlər əldə edib və nazirlik tərəfindən görülən işlər, rəqəmsal innovasiyaların geniş tətbiqi heyranedicidir. Ədliyyə sisteminin rəqəmsallaşması böyük maraq doğurur və bu sahədə nailiyyətlərdən ilhamlanaraq aparılan islahatlar zamanı Azərbaycan təcrübəsindən bəhrələniləcəkdir. Eyni zamanda əlaqələrimizin müxtəlif, o cümlədən qanunvericilik, notariat sahələrdə dərinləşdirilməsi üçün geniş imkanlar var və qarşılıqlı fəaliyyətin inkişafında maraqlıyıq.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəmizə həsr olunan muzeylərlə tanış olub. Qonaqlara azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumatlar verilib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …