Samir Adıgözəlli: “Azərbaycan dövlətinin təkbaşına Qarabağ münaqişəsini həll etməsi faktını həzm edə bilməyən məlum qüvvələr…”
“Beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq”. Bunu Prezident İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.
Beynəlxalq mətbuatın Azərbaycana qarşı bu cür haqsız, ədalətsiz mövqe tutması qəbuledilməzdir. Azərbaycan Prezidenti İlham Əliyev istər müharibədən əvvəl, istər müharibə zamanı, istərsə də postmüharibə dövründə beynəlxalq media ilə sıx təmasda olub, dünyanın saysız tanınmış media qurumuna, informasiya strukturlarına, bir sözlə, xarici KİV-ə müsahibələr verib və məsələ ilə bağlı heç bir qaranlıq məqam buraxmayıb, hamısını aydınladıb, ona ünvanlanan bütün sualları cavablandırıb. Prezidentin dünya mediası ilə yüksək səviyyədə işləməsinə baxmayaraq, yenə də Qarabağ müharibəsini təhrif edilmiş şəkildə təqdim edənlər, dünya insanına yanlış məlumatlar verənlər var.
Bu təhrifləri yaradan səbəblər nə ola bilər?
- “Bu gün bəzi qüvvələr yanlış olaraq belə təsəvvür yaratmaq istəyirlər ki, guya Qarabağ münaqişəsi hələ də davam edir”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli baki-xeber.com-a bildirdi ki, ölkə başçısı müharibə dövründə birbaşa mütəmadi olaraq xarici mətbuatla ünsiyyətdə oldu və xarici mediada Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının qarşısının alınmasında Prezident İlham Əliyevin müsahibələri, çıxışları çox mühüm rol oynadı. “Cənab Prezidentin xarici media orqanlarına, KİV-ə verdiyi müsahibələr, orada səsləndirdiyi fikirlər yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük rezonans yaratdı. Müharibə dövründə ermənilərin Azərbaycana qarşı atdığı iftiralar, bizə qarşı yürütdükləri yalançı informasiya siyasəti, eləcə də Azərbaycanı istəməyən qüvvələrin qara niyyətləri puç oldu. Azərbaycan 44 günlük müharibə dövründə informasiya müharibəsindən də üzüağ çıxdı. Çünki informasiya müharibəsinə də rəhbərliyi Ali Baş Komandan etdi”.
S.Adıgözəlli hesab edir ki, Azərbaycanın inkişaf strategiyası, müharibədən qalib çıxması, torpaqlarını işğaldan azad etməsi faktları Azərbaycanı istəməyən beynəlxalq qüvvələri, xüsusən də ermənipərəst ölkələri ciddi narahat edir və həmin ölkələr də Qarabağ müharibəsi haqqında yanlış təsəvvürlər yaratmağa çalışırlar. “Bilirik ki, ölkə başçısı İlham Əliyev xarici media qurumlarına müsahibələrində Qarabağ müharibəsi haqqında tamamilə detallı danışıb, bütün faktları ortaya qoyub, beynəlxalq aləm üçün qaranlıq hər hansı bir məqam saxlamayıb. Prezident bu müsahibələrdə illərdir Qarabağ münaqişəsinin həllinə əngəl törədən, problemin aradan qalxmasına mane olan qüvvələrin, ölkələrin, təşkilatların əməllərini ifşa edib, başlıcası olaraq, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini vurğulayıb, Qarabağ problemini Azərbaycanın öz gücünə həll etdiyini, bununla da BMT-nin qətnamələrini yerinə yetirdiyini bəyan edib. Prezident dəfələrlə həm xarici mediaya müsahibəsində, həm beynəlxalq tədbirlərdə, həm də rəsmi görüşlərində Qarabağ münaqişəsinin başa çatdığını bəyan edib və bölgədə belə bir məsələnin tarixə qovuşduğunu deyib. Əlbəttə, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətə hər zaman həqiqəti söyləyib və Azərbaycanın əsl mövqeyini təqdim edib. Şübhəsiz ki, Azərbaycan dövlətinin təkbaşına Qarabağ münaqişəsini həll etməsi faktını həzm edə bilməyən məlum qüvvələr əllərində olan imkanlardan istifadə edərək Qarabağ müharibəsi ilə bağlı saxta məlumatlar yayırlar. Söhbət ondan gedir ki, Azərbaycanın bölgədə yaratdığı reallıqla barışmaq istəməyən qüvvələr hələ də var və onlar dünya ictimaiyyətini yalançı, saxta informasiyalarla zəhərləməkdə davam edirlər. Bu gün bəzi qüvvələr yanlış olaraq belə təsəvvür yaratmaq istəyirlər ki, guya Qarabağ münaqişəsi hələ də davam edir. Bunu yaradan o qüvvələrdir ki, onlar 30 il Qarabağ münaqişəsinin qarşısına daş itələyiblər ki, problem həll edilməsin, amma artıq bu problem yoxdur, Azərbaycan onu həll edib”.
S.Adıgözəllinin sözlərinə görə, indi də həmin qüvvələr Zəngəzur, Qaragöl məsələsi ilə bağlı yanlış informasiyalar yayırlar, bununla da həqiqəti təhrif edirlər. Onların bizə qarşı saxta təbliğatlarını davam etdirdiyini deyən S.Adıgözəlli bildirdi ki, ölkə başçısı bu məsələni vurğulamaqla bir daha dünyaya vacib mesajlar verdi: “Cənab Prezident beynəlxalq mediada yenə də təhrif olunmuş informasiyaların mövcud olduğunu deməklə bütün məsələlərin diqqətlə izlənildiyini bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb”
İradə SARIYEVA