Qazaxıstanın Aktau şəhərində keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, hərbi qulluqçuları, media nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin dövlət himnləri səsləndirilib, dövlət bayraqları qaldırılıb.
Sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.Çıxışlardan sonra iştirakçılar üçün hazırlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Birləşdik – 2024” beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.