Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Bizə zəfər sevinci bəxş etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq” – XALQIN SƏSİ

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə keçirilən Zəfər yürüşlərində şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Report”un əməkdaşı yürüş iştirakçılarının təəssüratlarını öyrənib.

Kamran Şahbazov: “Bu gün belə ab-havanı yaşamaq çox qürurverici və sevindiricidir. Özüm Vətən Müharibəsi iştirakçısıyam. Füzuli, Xocavənd, Hardrut, Qubadlı və Cəbrayılın azadlığı uğrunda döyüşmüşəm. İllərdir bu günləri gözləyirdik, nəhayət, bu sevinci yaşamaq qismətimiz oldu.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!”

Asudə Abışova: “Bu gün Azərbaycanın qələbəsi ilə fəxr edirik. Sağ olsun Ali Baş Komandanımız! Yaşasın ordumuz! Mən özüm şəhid bacısıyam. Qardaşım 1994-cü ildə 22 yaşında şəhid olub. Bu gün də Vətən üçün üç oğul böyüdürəm. Bütün şəhidlər bizim qardaşımızdır. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə isə Allahdan şəfa diləyirəm. Onlar Azərbaycanın qeyrətli oğullarıdır”.

Amaliya Əliyeva: “Bu gün Azərbaycan xalqının fəxr günü, qələbə günüdür. Bu günü hər birimiz arzulayırdıq. Hamı kimi, mən də sevinir, qürur hissi keçirirəm. Bu, bizim illərdir ki, gözlədiyimiz gün idi. Şükür ki, bu günü görmək qismətimiz oldu”.

Teymur Valeh: “Əslən Ağdamlıyam. Azərbaycan Yazıçılar Birliyinin üzvü və üç kitab müəllifiyəm. Sonuncu kitabımı məhz Zəfər Gününə həsr etmişəm. “Qarabağ Azərbaycandır” adlı kitabım yaxın vaxtlarda işıq üzü görüb. Körpəliyimdən bu günü görmək arzusu ilə böyümüşəm. Çox sevincliyəm. Qələbəmiz mübarək olsun!”

Məhəbbət İsmayılzadə: “Vətən Müharibəsi iştirakçısıyam. Bu günü bayram kimi qeyd etdiyimizə görə, Ali Baş Komandanımız İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin. Onların ailələrinə səbir diləyirəm. Xalqımıza da təşəkkür edirəm ki, döyüş vaxtı bizim yanımızda oldular. İllərdir həsrətində olduğumuz torpaqlara qayıtmaq çox qürurvericidir. Fəxr edirəm ki, Azərbaycan Ordusunda döyüşmüşəm və Azərbaycan oğluyam. Arzu edirəm ki, 8 Noyabr – Zəfər Gününü İrəvanda qeyd edək”.

Samir Babayev: “Vətən Müharibəsinin hər bir iştirakçısı bizim qürur mənbəyimiz və iftixarımızdır. Bu gün illərdir gözlədiyimiz sevinci yaşayırıq. Bu, Ali Baş Komandanımızın bizə bəxş etdiyi böyük qələbə sevincidir. Mən inanıram ki, Prezidentimiz bizi həmişə qoruyacaq. Çünki xalq onu sevir”.

Xatırladaq ki, Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç istiqamət üzrə Zəfər yürüşü keçirilib. Yürüş Şəhidlər xiyabanından başlayıb və Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər, Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanına qədər, Hüseyn Cavid parkından başlayaraq Hüseyn Cavid prospekti, Parlament prospekti və Şəhidlər xiyabanına qədər davam edib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …