ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi yeni administrasiyanın formaca zəruri diplomatik addımı olsa da, məzmunca incə və orijinal məqama söykənir. Bu məqam Azərbaycan Prezidentinin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bir xarici ekspertin sualına cavab verərkən yeni ABŞ administrasiyasına tutduğu haqlı irada reaksiya ilə bağlıdır.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.
O qeyd edib ki, ABŞ dövlət katibi əslində Prezident İlham Əliyevin əsaslı iradı qarşısında hərəkətə keçib:
“Cənab Prezident “belə balans olar?” deyə sual edərək yeni ABŞ administrasiyasının az qala ayda bir neçə dəfə İrəvanla əlaqə saxlaması fonunda Bakıya doğru heç bir jest etməməsinə irad bildirmişdi. Blinkenin zəngi ilk növbədə bu irada cavab reaksiyasıdır, daha doğrusu, əsaslı səbəbdən inciyə biləcək rəsmi Bakının könlünü almaq jestidir”.
Aydın Quliyev deyib ki, heç şübhəsiz, Blinken Prezident İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun fəaliyyətini yeni fazaya keçirmək və Qarabağın statusu məsələsini Minsk Qrupu çərçivəsində gündəmə qaytarmaq fürsətini əldən buraxmayaraq bu mövzulara da toxunub:
“Cəmi 5 gün əvvəl uydurmalara “genosid” adı qoymuş bir prezidentin naziri hazırda bütün dünya erməniliyi üçün aktual olan Qarabağa status mövzusunu təbii ki, kənara qoymazdı. Yəqin Azərbaycan Prezidenti bəlli mövqeyini bir daha təkrar edib və deyib ki, münaqişə artıq həll olunubsa, status müzakirələri siyasi konyukturaya uyğun deyil. İlham Əliyevin məlum cavabına ABŞ-ın rəsmi reaksiyası isə yəqin ki, hələ bu tezliklə özünü büruzə verməz”.
Politoloq bildirib ki, hazırda üç həmsədr ölkənin üçünün də status məsələsinə Azərbaycan Prezidentindən fərqli baxdıqları sirr deyil:
“Bu vəziyyətdə Azərbaycan Prezidentinə həqiqi dost ölkənin və bütün xalqımızın, bütün milli siyasi qüvvələrin fəal və yekdil dəstəyi heç vaxt olmayan qədər vacibdir. Bu dəstək ən azı Vətən müharibəsinin zəfər yekununu saxlamaq və möhkəmləndirmək üçün mühümdür”.