Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamına müvafiq olaraq yaradılıb. Bölmənin yaradılmasının zəruriliyindən bəhs edən ümummilli lider demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkil edilməsi haqqında” 2002-ci il 26 avqust tarixli Qərarına əsasən bölmə tərkibindəki institutlar Naxçıvan Regional Elm Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarından təşkil olunub.
Sərəncama müvafiq olaraq bölmədə 6 elmi-tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, eləcə də İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılıb.
Tədqiqat işlərinin səmərəliliyi onun üçün yaradılmış maddi-texniki baza ilə bilavasitə əlaqədardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmə göstərdiyi diqqət və qayğının nəticəsində AMEA Naxçıvan Bölməsi üçün yeni infrastruktur yaradılıb və bu, ildən-ilə daha da müasirləşdirilib.
Elmin inkişafı həm də yüksəkixtisaslı elmi kadrların səviyyəsindən, onların elmi fəaliyyətindən asılıdır. 2003-cü ilin yanvarında 139 əməkdaşla, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin kadr potensialının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarına, təhsil müəssisələrinin doktoranturalarına gənc elmi kadrlar göndərilmiş, magistr təhsilli gənclər işə dəvət edilmişdir. Bu diqqət və qayğı sonrakı illərdə də davam etdirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 13-ü isə müxbir üzv seçilmişdir. Hazırda AMEA Naxçıvan Bölməsində işçilərin ümumi sayı 256, elmi işçilərin sayı 97 nəfərə çatmışdır. Elmi işçilərdən 2-si AMEA-nın həqiqi üzvü, 4-ü AMEA-nın müxbir üzvü, 4-ü elmlər doktoru, 53-ü fəlsəfə doktorudur ki, bu da fəaliyyət göstərən elmi potensialın 68,5 faizini təşkil edir. Elmi əməkdaşların 47-nin 6-sı professor, 41-i dosentdir.
2006-cı ildən bu günə kimi AMEA Naxçıvan Bölməsində Vətən tarixi və Arxeologiya ixtisasları üzrə elmlər doktoru, Fiziki kimya və Qeyri-üzvi kimya ixtisasları üzrə isə fəlsəfə doktoru Dissertasiya Şuraları yardılmışdır. Bölmənin fəaliyyəti dövründə şuralarda 15 nəfər elmlər doktoru, 94 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.
AMEA Naxçıvan Bölməsinin fəaliyyətini müəyyənləşdirərkən ulu öndərin ideyalarına əsaslanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi… yaranmış şəraitdən məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tədbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır”. Bu tapşırıqlar rəhbər tutularaq Naxçıvan gerçəklərinin Azərbaycan elmi mühitinə, eləcə də dünya elminə çatdırılması sahəsində də mühüm işlər həyata keçirilmiş, bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyət və perspektivlər”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, 2 cilddə “Naxçıvan coğrafiyası” kimi fundamental nəşrləri işıq üzü görmüşdür. Həmçinin bölmənin fəaliyyəti dövründə əməkdaşların 248 monoqrafiyası, 229 kitabı, 6 dərsliyi, 7 kitabçası, 28 metodik vəsaiti, 9448 elmi məqalə və konfrans materialı, 229 tezisi, 23 xəritəsi çap olunmuşdur. Əsərlərdən 28 monoqrafiya, 19 kitab, 2020 məqalə və konfrans materialı, 81 tezis xaricdə çapdan çıxmışdır. Elmi məqalələrdən 315-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Bölmə əməkdaşlarının əsərlərinə 1474 istinad qeydə alınmışdır. Əməkdaşlar açıq dünya ensiklopediyası Vikipediyanın ingilis və rus-dilli səhifələrində Naxçıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsini həyata keçirmiş, Azərbaycan dilli Vikipediya ensiklopediyasında Naxçıvanla bağlı 238 yeni məqalə yerləşdirmişlər.
Bölmə əməkdaşları 5 tövsiyə, 51 buklet hazırlamış, 37 patent almışlar. Əməkdaşlarının ixtiraçılıq sahəsində nailiyyətlərə görə III, IV və V Respublika müsabiqələrində təqdim etdiyi ixtira patentləri qalib olmuş, diploma layiq görülmüşdür. Ötən dövr ərzində bölmənin iki seriyada nəşr olunan “Elmi əsərlər” jurnalının 64 nömrəsi, “Axtarışlar” jurnalının isə 40 nömrəsi işıq üzü görmüşdür. Bölmənin əməkdaşlarının məqalələri əsasında “İrs”, “Naxçıvan”, “Yol”, “Folklor Ədəbiyyat”, “Qafqaz”, “Elm və həyat” jurnallarının xüsusi nömrələri Naxçıvana həsr edilmişdir. Ötən dövrdə bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla, 23 qrant layihəsinin qalibi olmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi əməkdaşları tərəfindən muxtar respublika ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi aşkar olunmuş və pasportlaşdırılmışdır. Bu abidələrdən 57-si dünya, 485-i isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” və 2016-cı il 4 iyul tarixli “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” sərəncamları rəhbər tutularaq yaradılmış tədqiqat qrupları hər üç tarixi abidə üzrə bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasına və tədqiq edilməsinə çalışmış, hər üç tarixi abidə haqqında kitablar nəşr оlunmuşdur.
“Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 sentyabr tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsində Araz-Türk Cümhuriyyəti ilə bağlı toplanmış materiallar əsasında tədqiqat aparılmış və monoqrafiya çap edilmişdir. “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncama və Tədbirlər Planına əsasən “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalara başlanılmış, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi ilə bağlı elmi məqalələr hazırlanaraq sistemləşdirilmiş, Qars müqaviləsi ilə təsbit olunmuş ərazinin xəritəsi hazırlanmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam və tövsiyələri ilə Naxçıvan ədəbi-mədəni mühitinin görkəmli nümayəndələrindən Hüseyn Cavidin, Məhəmmədağa Şahtaxtlının, Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun, Məmməd Səid Ordubadinin, Məmməd Arazın, Nemətullah Naxçıvaninin, Ərtoğrol Cavidin, Nağı Nağıyevin və digərlərinin yubileyləri ilə əlaqədar elmi və bədii yaradıcılıqları AMEA Naxçıvan Bölməsində tədqiq edilmişdir. Araşdırmalar nəticəsində bölmənin təsis etdiyi “Taleyi və sənəti” seriyası üzrə 14 toplu nəşr olunmuşdur.
Naxçıvanda milli dəyərlər sisteminin qorunması və inkişafı sahəsində də kompleks tədbirlər görülərək tədqiqatlar aparılmışdır. Xalqımızın tarixi yaddaşının tərkib hissəsi olan yallı sənəti araşdırılmış, nota köçürülmüş, “Naxçıvan – Şərur el yallıları” kitabı nəşr olunmuşdur. Bu sahədə görülən işlərin davamı olaraq 26 noyabr-1 dekabr 2018-ci il tarixlərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli Sərəncamı ilə Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən AMEA Naxçıvan Bölməsində Şərur yallılarına dair geniş və sistemli araşdırmalar aparılmaqdadır. Elmi tədqiqatların ilkin nəticəsi olaraq “Azərbaycanın ən qədim yallılarından biri “Köçəri” toplusu çap olunmuşdur.
AMEA Rəyasət Heyətinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.
AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə icra edilən elmi-tədqiqat işlərinin 182 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri ilə elmdən istehsalata prinsipi əsasında fəaliyyət göstərərək tədqiqatlar aparan bölməsi bir çox məhsulların hazırlanmasına nail olmuşdur. Belə ki, “Şorsu” palçığının tərkibi analiz edilmiş və iki növdə müalicəvi dərman məhsulları hazırlanaraq istifadəyə verilmişdir. Həmçinin Darıdağ termal suyunun quru qalığını almaq üçün şərait yaradılmış və məhsul istehsal edilmişdir. Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrindən yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilmiş, nümunələr hazırlanmışdır. Biləv alüminium süxurunun işlənməsindən kalium alüminium zəyi alınmış, qablaşdırılmış və bu istiqamətdə işlər davam etdirilmişdir.
Bölmənin Ordubad rayonunun Aşağı Əylis kəndində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasının bazasında bitkilərdən müxtəlif efir yağları, gülab, boya, doşab alınması planlaşdırılıb və artıq 2-ci ildir ki, gülab istehsal edilir. 2021-ci ildə 120 litrə qədər gülab, ərik, albalı kompotu və şirəsi, yemişan kompotu, tut, qoz, ərik, albalı, gilas, gül mürəbbələri və alma sirkəsi istehsal edilmişdir. Laboratoriyanın imkanlarından istifadə etməklə gələcəkdə sarıçiçəkdən həm rəng, həm də onun toxumundan yağ, müxtəlif çeşidli mürəbbələr və kompotlar da istehsal etmək mümkün olacaqdır. Çaytikanı yağı istehsalı məqsədilə Biokimyəvi tədqiqatlar laboratoriyasının Aşağı Əylis kəndində yerləşən ərazisində yeni çaytikanı tinglərinin əkilməsi həyata keçirilmişdir. Həmçinin AMEA Naxçıvan Bölməsində 16 adda bitki qarışıqlarından dərman paketlərinin hazırlanması və satışı işi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyasında çıxış edən Ali Məclisin Sədri Bölmənin qarşısında duran bir sıra vəzifələrin icrasını qeyd edərək demişdir: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi naxçıvanşünaslığın tədqiqi ilə bağlı elmi araşdırmaları davam etdirməli, elmi yeniliklərin və innovativ layihələrin istehsalatda tətbiqini həyata keçirməli, Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu ilə birgə “Elm festivalı”nın yüksək səviyyədə təşkilini təmin etməlidir. Bölmə Naxçıvan elmi mühitinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirməli, tanınmış elmi qurumlarla əlaqələri genişləndirməlidir”.
Fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsi 20-dən çox elm və təhsil mərkəzi, o cümlədən ABŞ, Fransa, Polşa, Türkiyə, Rusiya, İran, Gürcüstan və Qazaxıstan elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələr qurmuşdur.
Dövlətin dəstəyi ilə hər il AMEA Naxçıvan Bölməsinin tədqiqatçıları elmi ezamiyyələrə göndərilmiş, dünyanın bir sıra arxiv, muzey və kitabxanalarda olub, orada Naxçıvanla bağlı toplanılan yeni materiallar tədqiqata cəlb olunmuşdur.
İlk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə AMEA Naxçıvan Bölməsinin 2008-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat yığıncağı 2009-cu ilin 21 fevralında və AMEA Rəyasət Heyətinin səyyar iclasının 2015-ci ilin 6 iyulunda Naxçıvanda keçirilməsi Naxçıvanda elmi mühitin formalaşmasından, elm sahələrinin inkişaf etməsindən və elmi nəticələrin yüksək qiymətləndirilməsindən xəbər verirdi. Hər iki iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak etmiş və proqram xarakterli çıxış etmişdir.
Ötən fəaliyyət dövründə bölmədə müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə 17 beynəlxalq səviyyəli simpozium və konfranslar keçirilmişdir. Bunlardan “Mustafa Kamal Atatürk – Heydər Əliyev – Naxçıvan: həyat və inkişaf modeli”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Atatürkdən Heydər Əliyevə, Nizamidən Yunus İmrəyə: tarixi-ədəbi, ənənələr və müasir dövr”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Naxçıvanda Dədə Qorqud”, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə”, “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı”, “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani”, “Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspektivlər”, “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfrans və simpoziumlarını qeyd etmək olar. Bölmə əməkdaşları Oksford, Dallas, İslamabad, Tokio, Vyana, Moskva, və digər şəhərlərdə 541 beynəlxalq elmi simpozium və konfranslarda çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin 10 ixtisası üzrə təhsil alan tələbələri bölmənin hamiliyə verilmiş, elmi dərəcəsi olan əməkdaşların muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərdə iştirakı təşkil olunmuş, AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Sabahın tədqiqatçıları” layihəsini həyata keçirmiş, ölkə təhsilində ilk dəfə olaraq “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində müxtəlif mövzularda interaktiv açıq dərslər təşkil olunmuş, “Startap Naxçıvan” hərəkatının həyata keçirilməsi Naxçıvanda müasir təfəkkürlü peşəkar mütəxəssis hazırlığına, gənclərdə innovativ ideyaların üzə çıxarılmasına, yaradıcı düşüncənin inkişafına xidmət göstərir.
AMEA Naxçıvan Bölməsinin səmərəli elmi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmişdir. Əməkdaşlardan “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, “Əməkdar elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar jurnalist” fəxri adlarına, Prezident mükafatına və fərdi təqaüdünə layiq görülənlər olmuşdur. Əməkdaşlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Qızıl medal”ına layiq görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı, “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif edilmişdir. “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası Naxçıvan Muxtar Respublika mükafatına, “Tarixi mənbələrdə Nuh Peyğəmbər”, “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabları Ali Məclis Sədrinin mükafatına layiq görülmüşdür.
AMEA Naxçıvan Bölməsi qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, mövcud elmi potensialdan səmərəli istifadə etməklə elmi-tədqiqat işlərinin müasir tələblərə cavab verə biləcək səviyyədə aparılmasına çalışacaqlar.
Orxan BAĞIROV
AMEA Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri,
aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent