Cümə , 5 İyul 2024
Drone Cameras

Böyük siyasi əhəmiyyəti olan tarixi hadisə

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi olduqca tarixi əhəmiyyət kəsb edən hadisədir. Biz xoşbəxtik ki, belə bir əlamətdar hadisəyə şahidlik edəcəyik”.   

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, dünya azərbaycanlılarının həmrəyliyi milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra diaspor quruculuğu işinə böyük önəm verirdi. O xaricə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşər, onlara doğma vətənləri ilə sıx əlaqə qurmağı, Azərbaycan həqiqətlərini dünya ictimaiyytinə çatdırmağı tövsiyə edərdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi də bu məqsədlərə xidmət edirdi. 

Millət vəkilinin sözlərinə görə, hər bir vətəndaş öz dövlətini beynəlxalq arenada təmsil etməyi bacarmalıdır: “Azərbaycan diasporu təşkilatlandıqdan sonra, həm dövlətimizin və onun qurumlarının, həm də diaspor təşkilatlarının hədəfi Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını dünyaya çatdırmaq, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq arenada ifşa etməkdən ibarət olub. 2000-ci illərin əvvəlində mən də Avropada yaşamışam və orada diaspor fəaliyyəti ilə məşğul olmuşam. O zamanlar diasporumuz təşkilatlanma mərhələsində idi. Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Mərkəzinin fəaliyyəti daim dövlətimizin xarici siyasətini dəstəkləyərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzərində qurulmuşdu. Eyni zamanda, əsas məqsədlərimizdən biri xalqımızın ən yaralı yeri olan Xocalı soyqırımının dünya tərəfindən tanınması və buna siyasi qiymətin verilməsi idi. Hələ diasporun yeni yarandığı dövrlərdə Belçika və Niderlandda dövlətimizin haqlı mövqeyini çatdıraraq, bu məsələyə Avropa ictimaiyyətinin diqqətini çəkə bilmişdik. Bu gün əminliklə deyə bilərik ki, cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünyada sayılıb seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Buna əsaslanaraq diaspor fəaliyyəti daim davam etdirilməlidir. Bu gün Azərbaycan diasporu təşkilatlanmış formadadır. Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları yaradılıb, onlar Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışırlar. Son illər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bizim diasporun qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, bugünkü reallıqlarımızı dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır. Lakin bununla kifayətlənməli deyilik, biz çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. Parlament seçkilərinə, bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Bunu dəfələrlə çağırışlarında Prezident İlham Əliyev də vurğulayıb. Biz böyük xalqıq! Dünyada 50 milyon soydaşımız yaşayır, daha da aktiv və strateji fəaliyyət qurmalıyıq ki, səsimiz daha da yüksəklərdən eşidilsin”.

“Xalqımız 30 il ərzində Qarabağın işğaldan qurtarılacağı, doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşadı. Artıq bu həsrətə son qoyuldu, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, Vətəni bütöv görmək kimi müqəddəs arzusu gerçəkləşdi. Məhz Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz nəticəsində xalqımızın, eyni zamanda, xaricdə yaşayan həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmləndi. Müstəqillik tariximizdə ilk dəfə Qurultay Qarabağda – Şuşada keçiriləcək. Bu, özlüyündə böyük siyasi əhəmiyyəti olan tarixi hadisədir. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Bu hadisə bütün dünyaya mesaj olacaq ki, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər. Şuşada keçiriləcək qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevinci bir daha yaşayadacaq, həmin torpaqları canlı görmək, eləcə də, erməni vandalizmini dünyaya çatdırmaq imkanı qazandıracaq”, – deyə Fatma Yıldırım vurğulayıb.

Check Also

Ramin Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəmkirdə vətəndaşları qəbul edəcək. Boyukmillet.com xəbər …