Çərşənbə axşamı , 26 Oktyabr 2021
Home » Dünya » BŞH: Formula 1 yarışına xaricdən böyük maraq var

BŞH: Formula 1 yarışına xaricdən böyük maraq var

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini intensiv şəkildə davam etdirir.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, hazırda polad şəbəkələrlə trekin ətrafında ikinci qoruyucu hasarın quraşdırılması işləri aparılır. Tikinti-quraşdırma işləri görülərkən şəhər sakinlərinin fasiləsiz hərəkətinin təmin olunmasına və ətrafda yerləşən biznes-iaşə obyektlərinin işgüzar fəaliyyətinə maneçiliyin törədilməməsinə xüsusi diqqət göstərilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərindən, o cümlədən trek ətrafı ərazilərdə fəaliyyət göstərən sahibkarlardan müvəqqəti narahatlığa görə üzr istəyir və onları səbrli davranaraq yarışa hazırlıqla bağlı görülən işləri anlayışla qarşılamağa dəvət edir.

Əməliyyat şirkəti bildirir ki, ötən illə müqayisədə bu il Azərbaycanda keçiriləcək növbəti Formula 1 yarışına xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Biz təşkilatçı olaraq Azərbaycan Qran Prisini izləməyə gələcək Formula 1 azarkeşlərini böyük qonaqpərvərliklə qarşılamağa hazırlaşırıq. Ümid edirik ki, xaricdən gələn minlərlə turist başda trekə yaxın iaşə obyektləri olmaqla bütövlükdə ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa öz töhfəsini verəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti möhtəşəm yarışın ərsəyə gəlməsində göstərdiyi anlayış və dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir. İnanırıq ki, bu il də Formula 1 çempionatının ən maraqlı və ən yaddaqalan yarışına ev sahibliyi edəcəyik.

Check Also

Əli Nağıyev: “Destruktiv əməllər müşahidə edilməkdədir”

Hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsi vacibdir. Bu barədə “Milli təhlükəsizlik” mövzusunda …