Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bu gün Bakıdan doğma yurdlarına yola salınan 10 ailə Ağalıya çatıb

Böyük Qayıdış çərçivəsində bu gün Bakıdan doğma yurdlarına yola salınan 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə çatıb.

Boyukmillet.com xəbər verir ki, sakinlərini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb.

Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Qeyd edək ki, sakinlər Abşeron rayonunun Masazır kəndindən yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 10 ailə – 50 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, köçürülənlər arasında müxtəlif müvəqqəti məskunlaşma obyektlərində çətin və ağır şəraitdə yaşayan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Onlar Zəngilan rayonunun Ağalı kəndində peşə ixtisaslarına və qabiliyətlərinə uyğun olaraq işlə təmin olunacaqlar.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, Ağalı kəndinə növbəti 10 ailənin köçürülməsi martın 3-də təşkil ediləcək. Bununla da kənddə 86 ailənin – 420 nəfərin daimi məskunlaşması təmin olunacaq. Doğma yurda köçürülmə isə davam etdiriləcək.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …