Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.
Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.
Xatırladaq ki, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub.
Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.