1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb.
XİN-dən bildirilib ki, görüş zamanı, Azərbaycan və Avropa ittifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, habelə energetika sahəsində əldə edilmiş razılıqların icrası müzakirə olunub.
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəlilədilməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə fikir mübadiləsi aparılıb.
Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığı diqqətə çatdırılıb. Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib.
Cozef Borel, öz növbəsində Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin böyük inkişaf potensialının olduğunu qeyd edib. Avropa İttifaqının normallaşma prosesi üzrə səylərə dəstəyini davam etdirmək niyyətində olduğunu bildirib.
Tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.