Bazar , 7 Dekabr 2025
Drone Cameras

Daha bir QHT sədri barəsində cinayət işi açıldığı, axtarış elan olunduğu bildirilir

Dediyinə görə, Baş Prokurorluqdan göndərilən məktubda o, 87 min dollar vəsaiti mənimsəməkdə ittiham olunur

“Şəffaf idarəçilik” İctimai Birliyinin sədri Cəmil Hacıyevin “QHT işi” ilə əlaqədar təqsirləndirilən şəxs kimi tanındığı və barəsində axtarış elan edildiyi bildirilir.

Bu barədə Cəmil Hacıyev Meydan TV-yə bildirib.

Hazırda üçüncü ölkədə olan Cəmil Hacıyev deyib ki, onun ünvanına Baş Prokurorluqdan istintaqa dəvət məktubu gəlib, “QHT işi” ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Məktuba əsasən o, Birləşmiş Krallıqda yerləşən “Ödədiyini açıqla” təşkilatından 3 dəfə qrant, ABŞ-nin “FHİ 360” təşkilatından subqrant layihələrinin icraçısı kimi qrant alması və bu vəsaitlərin mənimsəməsində ittiham edilir.

Baş Prokurorluqdan göndərilən məktubda Cəmil Hacıyev 87 min dollar vəsaitin Azərbaycana gətirilməsində, Cinayət Məcəlləsinin öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində axtarış elan edilib.

O, bildirib ki, ittihamları qəbul etmir.

“Mən heç vaxt 87 min dollar qrant almamışam. 2021-2022-ci illərdə təxminən 10 min manata qədər qrant almışam, onları da aidiyyatı üzrə xərcləmişəm. Bütün əməliyyatlar “Access Bank” üzərindən şəffaf şəkildə aparılıb. “Ödədiyini Açıqla” təşkilatının mənə xidməti müqavilə əsasında verdiyi pullar , “Mədən Hasilatı”nda Şəffaflıq Təşəbbüsləri QHT platformasına daxil olan QHT-lərin institusional xərclərinə sərf edilib”, – Cəmil Hacıyev bildirib.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış və sonra bağlanmış cinayət işi yenidən qüvvəyə minib.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay (Məmmədzadə) bu iş üzrə həbs olunublar.

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.

2025-ci ilin aprelində hakimiyyətyönlü internet televiziyası “Baku TV”-nin yaydığı video-materialda Əhməd Məmmədzadə, Qalib Bayramov, Asəf Əhmədov, Nərgiz Muxtarova, Aytac Ağazadənin də eyni cinayət işi üzrə adları hallandırılıb.

Materialda bildirilib ki, 2025-ci il aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.

Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İctimai fəal Aytac Ağazadə ilə bağlı istintaq orqanından məhkəməyə təqdimat daxil olub. Təqdimata aprelin 11-də Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Amma o, ölkədə olmadığından haqqında axtarış elan edildiyi vurğulanır.

Baş Prokurorluğun İstintaq idarəsindən və adları çəkilən şəxslərdən məsələyə münasibət almaq mümkün olmayıb.

Cəmil Hacıyev barəsində də Baş Prokurorluqdan hələlik heç bir açıqlama verilməyib.  

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …