Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb

Mayın 23-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Mediasiya Şurasının, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin təmsilçiləri, hakimlər, sahibkarlar, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək ictimai müzakirənin əhəmiyyətini qeyd edib, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə görülən tədbirlərə toxunub. Bildirib ki, DİM-lərin icrasında vətəndaş cəmiyyəti institutları daha fəal olmalıdır. Azərbaycanda dörd minə yaxın QHT qeydiyyat keçib və onların əksəriyyəti ölkəmizin ictimai-siyasi həyatında və digər sahələrdə kifayət qədər aktiv fəaliyyət göstərirlər.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dinamik inkişaf siyasəti nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsinin dəfələrlə aşağı düşdüyünü, ifrat yoxsulluğun tamamilə aradan qalxdığını bildirib: “Prezidentin müvafiq Sərəncamı ilə 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən il dövlətimizin başçısının digər Sərəncamı ilə Milli İnkişaf Prioritetləri də təsdiq olunub ki, həmin sənədin əsas istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərə qayıdışın mərhələli formada təmin olunmasıdır”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxışında bu istiqamətdə görülən işlər barədə məlumat verib, bu il iyunun 13-də BMT ilə memorandumun imzalanacağını bildirib. Agentliyin artıq bir ilə yaxındır fəaliyyət göstərdiyini vurğulayan A.Əliyeva Agentliyin ictimai əhəmiyyətli təşəbbüsləri daim dəstəklədiyini, ictimai iştirakçılığı təşviq etdiyini bildirib, DİM təşəbbüslərinə çox böyük önəm verdiyini deyib: “Biz artıq altı aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik və orada QHT-lərlə bir sıra görüşlərimiz oldu, müzakirələr aparıldı”.
Sonra tədbir panel iclaslarında aparılan müzakirələrlə davam edib. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitovanın moderatorluğu ilə keçən “Dayanıqlı inkişaf üçün sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxış imkanının təmin edilməsi” adlı birinci iclasda nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov, İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə, qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə, BMT-nin Azərbaycandakı nümayəndəliyinin müşaviri Şəms Mustafayeva çıxış ediblər. Çıxışlarda DİM-lərin icrası üçün dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığının, bütün səviyyələrdə səmərəli, məsuliyyətli və şəffaf təşkilatların yaradılmasının zəruriliyindən söhbət açılıb.
“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin və QHT-lərin rolu” adlı ikinci panel iclasına Mediasiya Şurasının sədri Nadir Adilov moderatorluq edib. Panel iclasında çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova vətəndaş cəmiyyətinin savadlandırılması yolu ilə DİM barədə məlumatlılığın artırılması, qanunun aliliyinin təşviqi və hamı üçün ədalət mühakiməsinə bərabər çıxış imkanının təmin edilməsi mövzusunda həyata keçirilən tədbirlərdən danışıblar.
Aparılan müzakirələrdə Dayanıqlı İnkişaf üzrə 16-cı məqsədin icrasına xidmət edən ədalət mühakiməsinin əlçatanlığının təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aparılan qanunvericilik, institusional və praktiki tədbirlər, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin yaradılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin önəmi barədə söhbət açılıb. Eyni zamanda, ədliyyə sahəsində əhaliyə şəffaf, operativ və resurslara qənaət etməklə hüquqi xidmətlərin göstərilməsi, elektron və mobil xidmətlərdən istifadə, ictimai iştirakçılığın geniş təşviqi barədə faydalı fikir mübadiləsi aparılıb.
Sonda maraq doğuran suallar cavablandırılıb.
Qeyd edək ki, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan Azərbaycanda hərtərəfli tərəqqiyə yönələn məqsəd və hədəflərə nail olunması üçün ardıcıl tədbirlər görülür. Bu sahədə qarşıya qoyulan vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən dövrdə bir çox hədəflər, o cümlədən sülhün və inklüziv cəmiyyətlərin təşviqi, hamı üçün ədalət mühakiməsinə çıxışın təmin edilməsi üzrə mühüm nailiyyətlər əldə olunub. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub.


 
         

Check Also

Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. İcmadan  …