Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat: “Azərbaycanda təbii fəlakətin fəsadlarının aradan qaldırmaq üçün tədbirlər planı hazırlanmalıdır”

Azərbaycan ərazisində son zamanlar baş verən təbii fəlakət hadisələrinin fəsadlarının aradan qaldırılması üçün Nazirlər Kabineti tərəfindən xüsusi qərarın verilməsi və bunula bağlı tədbirlər planının hazırlanması təklif olunur.

Boyukmillet.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinəö görə, təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara maddi yardım olunmalıdır.

“Ötən günlərdə, Azərbaycan ərazisində baş verən təbii fəlakət hadisələri yollara, körpülərə, yaşayış məntəqələrinə, təsərrüfatlara ciddi zərər vurub və bu proses hələ də davam etməkdədir. Xüsusən, Quba- Xaçmaz və Şəki-Zaqatala bölgəsinin əhalisi təbii fəlakətin gətirdiyi çətinliklərdən xeyli əziyyət çəkmişdir. Bir çox evlər, əkin və heyvandarlıq sahələri ziyan gördüyündən, bütün bunlar təbii ki,əhalinin güzəranına öz mənfi təsirini göstərib.

Bu hadisələr zamanı bir çox dövlət qurumlarının üzərinə böyük yük düşür. Leysan yağışları nəticəsində bir çox bölgədə kənddaxili yollar və körpülərə ziyan dəydiyindən əhalinin nəqliyyat problemi yaranıb. Bu problemin həlli üçün ilk növbədə, Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən zərər dəymiş ərazilərə baxış keçirilmiş, dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər planı tərtib olunub”.

V. Əhmədov qeyd edib ki, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dağılmış yollar və körpülərin bərpası istiqamətində bir sıra operativ tədbirlər görülməsinə baxmayaraq, bəzi kəndlərin rayon mərkəzləri ilə əlaqəsi kəsildiyindən, o yolların da qısa müddətdə bərpasına ehtiyac var.

“Bu tip hadisələr zamanı sığorta xidmətlərinin önəmi bir daha ön plana çıxır. Dövlət dəstəyi ilə fəaliyyət göstərən Aqrar Sığorta Fondu tərəfindən fermerlərə xeyli güzəştlər tətbiq olunmasına baxmayaraq ,təsərrüfatlarını sığorta etdirməyən kəndlilərin sayı hələ də çoxluq təşkil edir. Bunun nəticəsində, istehsal xərclərini belə qarşılaya bilməyən kəndlilərin bir çoxu təsərrüfatlarını bağlamaq məcburiyyətində qalır və nəticədə məhsuldarlıq aşağı düşür və qısamüddətli də olsa kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma yaranır.

Bununla yanaşı, təsərrüfatlarını sığorta etdirməyən fermerlərə banklar ehtiyatla yanaşdığından, onlar maliyyə əlçatanlığının azalması problemi ilə üzləşirlər. Bu kimi halların aradan qaldırılması üçün,Kənd Təsərrüfatı Nazirliyi fermerlər arasında maarifləndirmə işlərini gücləndirməlidir”, – deputat qeyd edib.

O bildirib ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bir çox dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görülsə də, dəyən ziyanın tam olaraq aradan qaldırılması və əhalinin bu prosesdən minimum zərərlə çıxması üçün Nazirlər Kabineti xüsusi qərar çıxarmalıdır.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …