Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Deputat: “Bu, yumşaq desək, qanmazlıq, sərt desək, MİLLİ XƏYANƏTDİR”

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

– Əziz müəllim, “Göyçə-Zəngəzur Respublikası” ideyasına münasibətiniz necədir?

– Mənfi. Göyçə də, Zəngəzur da və bütün Qərbi Azərbaycan ərazisi də əzəli Azərbaycan torpaqlarıdır və tarix boyu Azərbaycan dövlətlərinin tərkibindən kənarda mövcud olmayıb. Göyçə-Zəngəzurun isə heç vaxt hər hansı bir şəkildə eyni ərazi-inzibati vahiddə mövcudluğu faktı yoxdur. Tarixən Göyçə İrəvan xanlığının, Dərələyəz Naxçıvan xanlığının, Zəngəzur isə Qarabağ xanlığının tərkib hissəsi olub. Əslində, bu, növbəti dəfə Azərbaycanı, hətta Qərbi Azərbaycanı regionlara bölmək təcrübəsidir. 1989-cu ildən bəri Azərbaycanda Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan yeganə bir təşkilat olub – Azərbaycan Qaçqınlar Cəmiyyəti. Bu il avqustun 3-də həmin cəmiyyətin bazasında Qərbi Azərbaycan İcması yaradıldı və son iki yüz ildə tarixi torpaqlarımızdan qovulmuş soydaşlarımızın, onların varislərinin birliyini yaratmaqla, ata-baba yurdlarına qayıtması uğrunda mübarizəsini təşkil etməklə görəvləndirildi. Bu təşkilatdan kənar hansısa qurum yaratmaq artıq qüvvələri parçalamaq, milli maraqları özünün şəxsi və ya qrup maraqlarına qurban verməkdir. Yəni yumşaq desək, qanmazlıq, sərt desək, milli xəyanətdir.

– Azərbaycan Respublikasının Zəngəzur dəhlizinin açılmasına çalışdığı bir vaxtda belə bir ideyanın ortaya atılması ölkəmizin maraqlarına nə dərəcədə uyğundur?

– Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün prioritet məsələdir və gec-tez bu dəhliz açılacaqdır. Bu, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə də öz əksini tapıb. Və bunu istəməyən məlum xarici qüvvələr var. Belə bir məqamda “Göyçə-Zəngəzur Respublikası” ideyasına xaricdən, üstəlik, Qərbi Azərbaycana heç bir aidiyyatı olmayan insanlar tərəfindən rəvac verilməsi şübhəlidir və Azərbaycanın dövlət maraqlarına tamamilə ziddir. Bunu elementar siyasi savadı olan hər kəs başa düşər.

– Sizcə, bu ideya dəhlizin açılmasını istəməyən qüvvələrin – İran və Ermənistanın maraqlarına xidmət etmirmi?

– Azərbaycanın maraqlarına zidd olan hər bir şey Ermənistanın və onun havadarlarının maraqlarına xidmət edir. Təəssüf ki, bəziləri bunu dərk etmədən hərəkət edirlər, yox, əgər dərk edib hərəkət edirlərsə, bu, artıq millətə və dövlətə qarşı düşmənçilikdir və layiqli cəzasını almalıdır. Mən belələrinin adını vermişəm: ilana zəhər verən kərtənkələlər.

Səxavət Həmid

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …