Cümə , 22 Noyabr 2024
Drone Cameras

DİN-in sosial şəbəkə istifadəçilərinə “narkotik xəbərdarlığının” ciddi əsasları var…

Samir Adıgözəlli: “DİN-in bu xəbərdarlığı tam zamanında edilib və vətəndaşlar da ayıq-sayıq olmalıdırlar”

Sosial şəbəkələrdən hər kəsin öz məqsədləri üçün istifadə etdiyi məlumdur. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdən yanlış istiqamətlər üçün istifadə edənlər də az deyil.

Narkotik ticarətçiləri də sosial şəbəkələr üzərindən aktiv fəaliyyət qurmağa başlayıblar. Son zamanlar sosial şəbəkə üzərindən narkotik alverinin qızışdığının şahidi oluruq. Sosial şəbəkələr üzərindən narkotik vasitələr satan insanların da xeyli qisminin aidiyyəti orqanlar tərəfindən məsuliyyətə cəlb edildiyi barədə də faktlar az deyil. O da məlumdur ki, sosial şəbəkə istifadəçiləri arasında narkotik satanların toruna düşənlər də az deyil. Belələri həm narkotiki təbliğ edir, həm də onun satışını həyata keçirirlər. Vətəndaşların narkoticarətçilərin toruna düşməməsi üçün DİN sosial şəbəkə istifadəçilərinə narkotik alverçiləri ilə bağlı xəbərdarlıq edib. Belə ki, sosial şəbəkələr üzərindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəxslərin niyyəti ilə bağlı mətbuatın sorğusuna Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

DİN-in Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsi əsasən latent (gizli) cinayətlər kateqoriyasına daxildir.

Bu istiqamətdə daxili işlər orqanlarının əməkdaşları tərəfindən kompleks əməliyyat-axtarış, əməliyyat-profilaktik tədbirlər bütün istiqamətlər üzrə davam etdirilir.

Təəssüf ki, bəzən narkotiklərin alqı-satqısı ilə məşğul olan şəxslər özləri kölgədə qalmaq üçün sadəlövh insanları sosial şəbəkələrdə ələ alaraq cinayətkar niyyətlərinə ortaq edirlər. Bu zaman seçilmiş qurban şəxsiyyəti məlum olmayan cinayətkarın “insanpərvərliyinə”, “qayğısına”, verdiyi yalan vədlərə inanaraq istəmədən cinayətin iştirakçısına çevrilməklə, tapşırıqları icra (kuryerlik) edir, narkotik vasitələri bir ünvandan digər ünvana çatdırır.
Bütün bunları nəzərə alaraq, ümumən vətəndaşları, o cümlədən, sosial şəbəkə istifadəçilərini diqqətli və məsuliyyətli olmağa, ayrı-ayrı şəxslərin yalan vədlərinə inanmamağa çağırırıq.

Şəxs cinayət başında tutularkən “bilmədim”, “aldadılmışam”, “mənə köməyi dəyib, düşünməzdik ki, belə edər…”, – deyə əməlinə bəraət qazandırmağa çalışsa belə, bilməlidir ki, bu onu cinayət məsuliyyətindən azad etmir.

  • “Vətəndaşlarımız da bu mübarizədə DİN-lə birgə olmalıdırlar

Boyukmillet.com Bakı-Xəbərə istinadən xəbər verir ki, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, DİN-in bu xəbərdarlığı tam əsaslıdır: “Sosial şəbəkələrdən istifadə etməklə narkotik vasitələrin satışını, təbliğatını təşkil edən insanların olması, təbii ki, cəmiyyətdə ciddi narahatlıq doğurur. Narkoticarət cinayətinin sosial şəbəkələr üzərindən yayılması və daha çox yeniyetmələri, gəncləri hədəfə alması çox mənfi haldır. DİN-in bu məsələyə vaxtında reaksiya verməsi, heç şübhəsiz ki, məsələnin nə qədər ciddi olduğunu ortaya qoyur. Təsəvvür edin ki, narkoticarətçilər sosial şəbəkələr vasitəsilə nə qədər insanı bədbəxt edib, onu cinayət qurbanına çevirib. Narkotik alqı-satqısı ilə məşğul olanların satış platformalarından biri kimi sosial şəbəkələri seçməsi onu bir daha sübut edir ki, bu qüvvələrin məqsədi Azərbaycan gəncliyidir”.

DİN tərəfindən bu məsələnin nəzarətə götürülməsi və nazirliyin vətəndaşlara çağırış etməsi çox müsbət haldır: “Bu bir daha onu göstərir ki, DİN sosial şəbəkələrdə narkoticarətlə məşğul olan şəbəkənin zərərsizləşdirilməsi istiqamətində fəaliyyətini daha da dərinləşdirib və genişləndirib. DİN-in bu xəbərdarlığı tam zamanında edilib və vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Burada, təbii ki, DİN-in işinə vətəndaş dəstəyinin verilməsi də vacibdir və vətəndaşlarımız da bu mübarizədə DİN-lə birgə olmalıdırlar” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …