Cümə , 26 Aprel 2024
Drone Cameras

Doğrudanmı dünyanın gərdişi döndü?

Dünyanı Allah yaradıb, amma sükanı insan oğlunun əlindədi…

Dünyanın başını belə qatmaq kimə lazımdır, kimin marağına xidmət edir?!..

İş, təhsil, həyat donub … dünya boşluğa, sükuta qərq olub, insan ünsiyyəti süstləşib, insan öz adından uzaq düşüb (axı, insan ünsiyyət sözündəndir)….

Doğrudanmı dünya, bəşəriyyət, insan oğlunun həyatı, yaşam hüququ, haqqı bir neçə nəfərin hegemonluq hikkəsinin, iddiasının əlində oyuncaq və ya vasitəyə çevrilib?…Doğrudanmı yaşamaq bu qədər ucuzlaşıb, mənasızlaşıb, bəsitləşib?… Hanı böyük, şərəfli, qüdrətli, müqəddəs, müdrik dünya? … hanı böyük, şərəfli, qüdrətli, müqəddəs, müdrik insan?… Bu gen dünyanı niyə başımıza dar edirlər, Allahın, təbiətin bizə bəxş etdiyi sağlam canı niyə bizdən alır, niyə bizi xəstə salırlar?… Nüvə silahlarının illərdir gizli şəkildə, dənizlərin, okeanların, uzaq adaların dərin qatlarında, sularında apardıqları təhlükəli, zərərli sınaqları, iqlim silahlarının səhhətimizdə yaratdığı təhlükəli sindromlar yetmədi deyəsən, indi də, daha təhlükəli, amansız (əslində, hamısı elə təhlükəli və amansızdır) bioloji silahları ömrümüzə qənim kəsilib, həyatımızı bu kimi düşünülmüş, olduqca qeyri-insani, qeyri-humanist hadisələrlə məhdudlaşdırmaqla dünya yaşamına həsrət qoyur …

Axı, bir dəfə yaşayırıq, başqa ömrümüz olmayacaq ki, özümüzə təsəlli edək!… Bu da elə mənəviyyatsızlıq, əxlaqsızlıq, alçaqlıq və cinayətdir… Bəs bunlara kimlər cavab verəcək, kimlər qarşısını alacaq, qarşısını ala biləcəklərmi, kimlər bunlara hakim olacaq, cəzalarını verəcək?… Yəqin ki, heç kəs!…

Deyəsən, dünya durduqca şər də duracaq, yoxsa, şər də, bu dünyanın mövcud kodekslərindəndir?… Bilmirsən sabah nə olacaq, hansı hoqqa çıxacaq, nə oyunlar oynanılacaq, …Yalnız bir dəfə yaşam haqqı olan insan həyatı əldə oyuncağa, çirkin niyyətin miskin alətinə çevrilib… həm dünya insanının dəyəri, mənəviyyatı cılızlaşıb, həm insan həyatı ucuzlaşıb…Artıq çoxdandır kiminsə dünyasını dəyişməsinə heyfslənmirik, bizi ağrıtmır, normal, sakit qarşılayırıq, yəni, hə, öldü-öldü dəə…həyatdı….amma baxmırıq, kim öldü, kimi itirdik, adidən adi hala çevrilib insan itkisi… Niyə gəlmişdik, niyə gedirik…bir bilən varmı? Əgər cavab, bu dünyaya yaşamaq üçün gəlməyimiz idisə, məna, həyatı yaşamaqdadırsa, onda bəs insanın qarışqa kimi qırılmasına qərar vermək həddinin kimin və ya kimlərin əlinə verilməsi, səhhətimizə zərbə və həyatımıza süni sədd çəkilməsi nə deməkdir?

…Həyat pis yuxu da ola bilər, yaxşı yuxu da…Allah həyatımızı pis yuxuya döndərməsin! Amin!

Nigar Haqverdiyeva,
ADU, baş müəllim

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …