Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dörd qardaşı ilə birlikdə döyüşən qazi: “Milli ruhda böyüməyimizdə atamızın və müəllimlərimizin böyük rolu olub”

“Bu gün şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət təqdirəlayiqdir. Mən özüm də bir qazi kimi məhz bu qayğı ilə əhatə olunmuşam”.

Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsində iştirak edən bütün şəhid və qazilər əsl fədakarlıq, cəsarət və qəhrəmanlıq nümayiş etdirib. Qazimizin sözlərinə görə, məhz Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi şücaəti sayəsində düşmən ya məhv edilib, ya da hərbçilərimizin gücü qarşısında tab gətirə bilmədikləri üçün qaçıblar.

F.Nadirli bildirib ki, düşməni torpaqlarımızdan qovan Azərbaycan hərbçisinin nümayiş etdirdiyi döyüş bacarıqları dünya hərb tarixinə qızıl hərflərlə həkk olunub:

“Biz Azərbaycan döyüşçüləri olaraq hər zaman bununla fəxr etmişik və qürur duymuşuq. Biz məhz İkinci Qarabağ müharibəsindəki qəhrəmanlıqlarımızla bütün dünyaya necə cəsur xalq olduğumuzu göstərmiş olduq”.

Hər zaman hərbiyə və orduya marağı olan qazimiz deyir ki, hələ uşaq vaxtlarından qardaşları ilə birlikdə vətənpərvərlik ruhunda böyüyüblər. Onun sözlərinə görə, bu ruhda böyümələrində həm valideynlərinin, həm də orta məktəb müəllimlərinin böyük rolu olub. Müsahibim bildirir ki, vətənpərvər və milli ruhda böyüməsinin əsl səbəblərindən biri də atasının müəllim olmasıdır:

“Çünki atam həm evdə, həm də məktəbdə bizə əsl və layiqli vətəndaş olmağın yollarını öyrədib. Bizə dövlətimizə, xalqımıza və millətimizə sadiq vətəndaş olmağı aşılayıb, öz bilik və bacarıqlarını bizə yönləndirib və bizi bu istiqamətdə tərbiyələndirib”.

Qazi bildirir ki, məhz bunun sayəsində Vətən müharibəsi başlayandan daha üç qardaşı ilə birlikdə döyüşlərə qatılıb. Belə ki, Faiq, Kənan, Novruz və Zəkan Nadirli qardaşları Vətənimizin, torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdiriblər. Amma döyüşlərin şiddətli vaxtında qardaşı Kənanın şəhidlik zirvəsinə ucaldığını bildirən qazimiz özü ilə birlikdə digər qardaşlarının isə yaralandığını qeyd edib.

Qorxmaz və mərdliyi ilə seçilən F.Nadirli şəhid və qazi qardaşları ilə fəxr etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə həm özü, həm də qardaşları müxtəlif medallarla təltif olunub.

Hazırda “Azərpoçt” MMC-nin Cəlilabad Regional Poçt filialının Kövüzbulaq kənd poçtunda çalışan qazimiz Azərbaycan xalqına xidmət etməklə qürur hissi duyduğunu bildirib:

“İşimdən razıyam. Çünki sevdiyim peşədir, xalqıma xidmət edirəm. Ona görə də işimdən yorulmuram. Ümumiyyətlə düşünürəm ki, xalqa xidmətə yönəlmiş hər bir peşənin sahibi işindən yalnız və yalnız zövq almalıdır. Təbii ki, bu yolda bizə Cəlilabad Regional Poçt filialının rəisi Vüsal Kazımov hər zaman dəstək olub. Poçtda işləyən təkcə qazilərə deyil, həm də digər bütün əməkdaşlara onun dəstəyini hər zaman görmüşük. Bu cür mehriban kollektivdə çalışmaq, fəaliyyət göstərmək və xidmət etmək bizə daha da stimul verir”.

Qeyd edək ki, Nadirli Faiq İlqar oglu 1996-cı ilin iyunun 23-də Cəlilabad rayonun Kövüzbulaq kəndində anadan olub. O, 2014-2016-cı illərdə N sayli hərbi hissədə o zamankı ön xəttdə həqiqi hərbi xidmət keçib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …