Cümə , 29 Mart 2024
Drone Cameras

Dünyaya mesajı olan gənc vokalçımız – Mədəni elçi

Emin Eminzadə: “İstəyirəm ki, insanlar məhz mənim zövqümə qulaq assınlar” 

 
Qəzetimizin “Ölkəmizin təmsilçisi” rubrikasının qonağı 19 yaşlı vokalçı Emin Eminzadədir. Yaşının az olmasına baxmayın, əldə etdiyi nailiyyətlərdən xəbərdar olsanız, neçə-neçə əməkdar, xalq artistlərinin nail ola bilmədiyi uğurlara imza atdığının şahidi olacaqsınız.
Emin bir sıra beynəlxalq müsabiqələrin laureatı, xalq artisti Fidan Qasımovanın tələbəsidir. Həm də Amerika Musiqili və Dramatik Akademiyasına daxil olan ilk azərbaycanlı tələbədir. Emin Eminzadənin repertuarında türk, rus ingilis, italyan və ispan dillərində mahnılar yer alıb. Özü isə bu dillərin hər birində sərbəst danışır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu və Moskvada nəşr olunan “Baku” jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində Emin Eminzadənin uğurlarına verilən qiymət kimi “Bolşie Nadejdı” adlı məqalə dərc olunub. Müsahibimiz 1997-ci il martın 29-da Bakı şəhərində doğulub. Deyir ki, özünü tanıdımağa başlayandan musiqiyə, incəsənətə böyük həvəsi olub. 10-cu sinfə qədər elitar gimnaziyanı bitirib, 11-ci sinif təhsilini isə 189 nömrəli məktəbdə alıb. 
 
–         Xoş gördük. İlk olaraq əldə etdiyin uğurlara görə, səni təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq.
 
–         Təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.
 
–         Musiqiyə olan həvəsin nə zamandan yarandı?
 
–         Məktəb vaxtlarından musiqiyə böyük marağım var idi. Yaşıdlarımdan fərqli olaraq mən musiqi sahəsində öz üzərimdə daha çox məşğul olurdum. Belə ki, müxtəlif konsertlərdə, festivallarda iştirak edirdim. 6-7-ci siniflərdə musiqi ilə peşəkar şəkildə məşğul olmağa başladım. O zaman 12-13 yaşım vardı. 
 
–         Festivallara gedən yol haradan başladı?
 
–         Festivallara gedən yol elə uşaq ikən başladı. Belə ki, 14 yaşımda İtaliya (2011), 15 yaşımda İspaniya (2012), 16 yaşımda Qazaxıstanda (2013) və  Hollandiyada keçirilmiş beynəlxalq müsabiqələrdə iştirak etdim və böyük uğurlar əldə etdim. Həmin müsabiqələrdə birincilik sahibi oldum. İtaliyanın Roma şəhərində keçirilən müsabiqədə iştirak etdim. Orada iki əsəri ifa etdim və çox uğurlu alındı. Həmin müsabiqənin də qalibi mən oldum. Beynəlxalq müsabiqədə başqa bir ölkənin nümayəndəsinin birincilik əldə etməsi mənim üçün bir qədər çətin oldu. Çünki mən italiyalılarla yarışırdım. Sonra Moskva şəhərində yaradıcılıq gecəsində iştirak etdim. Ondan əvvəl də bir çox ölkələrdə konsert proqramlarına dəvət olunmuşdum. Qazaxıstanda keçirilən “Qızıl mikrafon” müsabiqəsində birincilik əldə etdim. O müsabiqədə Müslüm Maqomayevin “Azərbaycan” və Consuelo Velazquez-in dünyaşöhrətli “Bessame muço” mahnısını ifa etdim. Niderlandda avropalalıların cəm olduğu böyük bir festivala da qatıldım. Orada böyük arena vardı. O arenada dünyanın məşhur ulduzları Castin Biber, Cenifer Lopes və s. ifa ediblər. Həmin arenada mən də çıxış etdim. 
 
– Bəs necə oldu ki, Amerikada təhsil aldın?
 
– İndiyədək ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatındakı “Marshall High School”da təhsil almışdım. Amerikalılarla azərbaycanlılar arasında mübadilə proqramı var.  İtahan verərək bu mübadilə proqramının üç turunu keçdim. Çoxsaylı tələbələrin içindən mən seçildim. Amerika Musiqili və Dramatik Akademiyasına (American Musical and Dramatic Academy – AMDA) daxil oldum. Amerikada təhsil hüququ qazandım. Mənim maddi və mənəvi dəstəkçim Amerika dövləti oldu. Qeyd edim ki, ABŞ-ın iki böyük şəhəri – Los-Anceles və Nyu-Yorkda mərkəzləşən AMDA-da məşhur müğənni Ceyson Derulo (Jason Derulo), aktyor Cesi Teylor Fergyuson (Jesse Tyler Ferguson), aktrisa Nina Aryaanda (Nina Arianda), Sem Andervud (Sam Underwood), Trey Bayers (Trai Byers), Rizvan Manci (Rizwan Manji), Li Tergesen (Lee Tergesen) və başqaları təhsil alıb.
Mənə universitetdən dedilər ki, ilk azərbaycanlı tələbəyəm ki, orada təhsil alıram. Oradakı 1 illik proqramı mənimsəyəndən sonra yenidən Azərbaycana qayıtdım. Buradakı təhsilimi bitirdikdən sonra yenidən AMDA-ya sənədlərimi verəcəyəm. Amerikaya getməmişdən əvvəl Bakı Musiqi Akademiyasına qəbul olunmuşdum. 
 
– Hədəfin nələrdir? 20 ildən sonra özünü harada görürsən? 

 
 
– Əslində 20 ildən sonra da, 30 ildən sonra da özümü böyük səhnədə görürəm. Ola bilər ki, gələcəkdə özümə ikinci sənət, biznes və sair seçim. Amma əsas hədəfim səhnədir. Sənətimi heç zaman atmaram. Bu mənim uşaqlıq arzumdur. Dünyaya öz mesajımı çatdırmaq istəyirəm. İstəyirəm ki, öz yazdıqlarımdan ibarət olan albom çıxartdırım. Artıq 2014-cü ildə ingilis dilində debüt singlımı çıxartdırmışdım. Amerikanın və Avropanın bir çox radiostansiyaları bunu yayımlamışdı. Barəsində xeyli məqalələr dərc olunmuşdu. Öz musiqilərimdən ibarət 12 mahnı ilə albom çıxartdırmaq istəyirəm. Çox istəyirəm ki, bu musiqilərin melodiyaları məhz mən tərəfindən yazılsın.  İstəyirəm ki, insanlar məhz mənim zövqümə qulaq assınlar, mənim mesajımı qəbul etsinlər.
 
 
– Qeyd etdin ki, böyük səhnələrdə dünyaya öz mesajını çatdırmaq istəyirsən. Əsasən hansı mesajları çatdırmaq istəyərdin?

 
– Dünyaya sülh mesajını çatdırmaq istəyərdim. Bütün arzularımıza çatmaq özümüzə asan görünməlidir. Öz üzərimizdə çox çalışmalıyıq. 
 
– Bu sənəti seçməyində valideyinlərinin dəstəyi oldumu?
 
– Əlbəttə. İlk dəfə bu sənəti seçəndə bir az narazılıq oldu. Ailədə tək oğlan uşağıyam. Sonradan valideynlərim mənim dəstəkçimə çevrildilər. Hər bir işin içində risk var. Ola bilər ki, həkim də aylarla işsiz qalar, heç bir müəssisə onu qəbul etməz. Ancaq musiqi sənətindən böyük məbləğlər də qazanmaq mümkündür.  Mən opera üzərində çox qalmaq istəmirəm. Elə hesab edirəm ki, davamlı olaraq opera üzərində qalsam, böyük risk etmiş olaram. Klassik musiqiləri də, pop musiqiləri də rahatlıqla ifa dirəm. Sintez etməyi sevirəm. Ən birinci yolum, istəyim musiqidir. Musiqi ilə gəlir əldə etmək istəyirəm. İkinci sənətim yəqin ki, şəxsi biznes olacaq. Bu da qismətdir. 
 
– ABŞ vətəndaşları Azərbaycan musiqisndən xəbərdardırlarmı?
 
– Təəssüf hissi ilə qeyd edirəm ki, Amerkada yaşayan sadə vətəndaşlar bizim musiqimizdən xəbərsizdirlər. Ancaq musiqişünaslar kifayət qədər məlumatlıdırlar. Orada amerikalı tələbələrə təqdimat edirdim. Onlara Azərbaycanın gözəl guşələri, tarixi yerləri, siyasəti, mədəniyyəti haqqında informasiyalar veriridim. Azərbaycan onlara çox maraqlı gəlir. Mənim bir çox amerikalı dostlarımın gəzməli yerlər siyahısında Azərbaycan da var. Mənə elə gəlir ki, ölkəmiz bir çox Avropa ölkələrindən heç də geridə qalmır. Bəlkə də öndədir ki, geridə deyil. 
 
– İki ölkənin təhsil sistemində hansı fərqlər var?
 
– Orada təhsil sistemi başqa cürdür. Tələbələr dərslərinə daha məsuliyyətli yanaşırlar. Mən demirəm ki, bizim tələbələr məsuliyyətsizdir, xeyr. Ancaq onlarda bu, içdən gəlir. Özləri anlayır ki, mən bunu oxumasam, sabah mənə pis ola bilər. Bizdə isə həm özümüz məsuliyyət daşıyırıq, həm də müəllimlərimiz və  valideynlərimiz. Orada valdieynlər bu məsələyə qarışmır. Deyir ki, oxumursa öz problemidir, bu sonra onun özünə çətinlik yaradacaq. Bir sözlə, valideyn uşaqlara sərbəstlik verir. Seçim uşaqlarındır. Bu da təhsildə öz effektini göstərir.
 
– Sonda  oxuculara nə demək istəyirsən? 
 
– Gənclərimizə uğurlar arzu edirəm. İnşallah, öz arzularına çatarlar. Qoy Azərbaycanımıza böyük nailiyyətlər gətirsinlər. Ölkəmizi xaricdə yaxşı təmsil etmək gənclərin öhdəsinə düşür. Onların özlərindən çox şey asılıdır.

 Xəyalə Rəis 

P.S: Qeyd edək ki, Eminin babası Sabir Eminov bu yaxınlarda dünyasını dəyişib. Onun bu kədərli günündə ifaçıya və ailəsinə dərin hüznlə baş sağlığı veririk.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir