Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ekspert: “Rəsmi Tehran həm İran, həm də Ukrayna xalqlarının hüquqlarını pozur”

“İran rejimi Rusiyanı silahlarla təmin etməklə həm öz xalqına, həm də Ukrayna xalqına qarşı beynəlxalq hüququ pozur”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Atlantik Şurasının böyük elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin energetika, inkişaf və təhlükəsizlik üzrə direktoru Ariel Koen deyib.

O bildirib ki, ölkələr yalnız birgə səylər sayəsində İranın həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda qəddarlığını dayandıra bilər”.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət BMT-nin himayəsi altında ali rəhbər daxil olmaqla, İranda insan haqlarının pozulmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb ediləcəyi hüquqi proses aparmalıdır: “Təbii ki, onların bu cinayətlərə görə cəzalandırılması üçün qiyabi hökmlər çıxarılacaq”.

Ekspert vurğulayıb ki, indi İran xalqı ilə daha çox beynəlxalq həmrəylik nümayiş etdirmək lazımdır: “Nümayişlər, mitinqlər keçirilməli, təkcə həlak olanların və ya həbs edilənlərin ailələri üçün deyil, həm də hərəkata kömək etmək üçün vəsait toplanılmalıdır. İran xalqını dəstəklədiyimizi insanlar bilməli, dünya ictimaiyyəti aydın şəkildə göstərməlidir. Bu mənada daha çox həmrəylik olmalıdır. Mən istərdim ki, İran diasporu, o cümlədən İran azərbaycanlıları hökumətə təzyiq göstərmək, media fəaliyyəti, İranda azadlıq uğrunda mübarizə aparan qardaş və bacıları dəstəkləmək üçün vəsait toplamaqda daha fəal iştirak etsinlər”.

A.Koen əlavə edib ki, ölkələr hazırda digər məsələlərə daha çox diqqət ayırır: “Söhbət ABŞ-da seçkilərdən, Ukraynadakı müharibədən gedir. Odur ki, İrandakı hadisələrə o qədər də diqqət yetirilmir”.

Atlantik Şurasının böyük elmi işçisi vurğulayıb ki, İran xüsusən də təbii qaz sahəsini inkişaf etdirsəydi, çox zəngin ölkə ola bilərdi: “Amma rejim buna imkan verməyib. Buna görə də bu ölkədəki rejim dəyişərsə, o zaman dövlət ideologiya və hakimiyyətini gücləndirmək üçün deyil, İran xalqının xeyrinə işləyəcək”.

O xatırladıb ki, indiki İran rejimi artıq üsyan və çevriliş cəhdləri ilə üzləşib, lakin onlar yatırılıb: “Amma belə bir sual yaranır: nə vaxtsa məmurlar, o cümlədən hərbçilər işə qarışacaq və “bəsdir, biz xalqımızı və uşaqlarımızı öldürmək fikrində deyilik, onları yoxsulluqdan, əzabdan və rejimdən qorumaq üçün buradayıq deyəcəkmi?”

İranın Rusiyaya silah-sursat tədarükündən bəhs edən ekspert bildirib ki, onların Rusiyaya satılması həqiqətən də beynəlxalq hüququn pozulması və hərbi cinayətdir, çünki bu silahlar vasitəsilə mülki insanlar öldürülür: “Odur ki, ABŞ və Qərbi Avropa sanksiyaları təkcə şirkətlərə deyil, həm də bununla məşğul olan şəxslərə tətbiq etməlidir: baş direktorlara, istehsalatçılara və başqalarına qarşı. Beləliklə, silah istehsalı üçün lazım olan ehtiyat hissələri İrana satılmamalıdır. Üstəlik, bu ehtiyat hissələrini İrana ixrac edən ölkələr sanksiyalara məruz qalmalıdır. Demək, yalnız birgə səylər sayəsində İranın həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda qəddarlığını dayandıra bilərik. İran rejimi öz xalqına qarşı amansız, Ukrayna xalqına qarşı isə məsuliyyətsiz davranır”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …