Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Prezidentə müraciət edilib

“Toplum TV iși” üzrə həbsdə olan media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemlərlə əlaqədar Prezidentə müraciət olunub.

Ələsgər Məmmədli 2024-cü il martın 8-də “ToplumTV işi” çərçivəsində həbs olunub. 

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. 

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar,  sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Hazırda bu işlə bağlı məhkəmə prosesi davam edir. 

Ələsgər Məmmədli hazırda istintaq təcridxanasında saxlanılır və səhhətində ciddi problemlərlə üzləşdiyi üçün vəkili dəfələrlə ev dustaqlığına buraxılması üçün müraciət etsə də, məhkəmə vəsatətləri rədd edib.

Onun səhhəti ilə bağlı müraciəti bir qrup vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri və ziyalılar imzalayıb.

Qeyd edilib ki, 2024-cü il martından həbsdə olan Ələsgər Məmmədlinin səhhətində ağırlaşmalar var.

“Müayinə zamanı boyunda xərçəng riski 50-75 faiz olan 23 mm ölçüdə düyün aşkarlanıb. Qaraciyərdə piylənmə, mədəaltı vəzi toxumasında dəyişikliklər, hər iki böyrəkdə kiçik daşlar və prostatda 7 mm ölçüdə kalsium yığıntısı müəyyən olunub. Tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər”, – müraciətdə deyilir.

Bildirilib ki, Ələsgər Məmmədlidə kəskin boğulma, fasiləsiz başağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artmaqdadır və bu hal onun həyatı üçün real təhlükə yaradır. Təcili cərrahi əməliyyat olunmazsa, səhhəti daha da ağırlaşa və geridönməz vəziyyət yarana bilər.

Müraciət müəllifləri Prezidentdən, Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları üzrə tanınan ekspert Ələsgər Məmmədlinin özəl klinikada əməliyyat olunması üçün hüquqi şərait yaradılmasını xahiş ediblər.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …